Milli maraqlarımızın təmin edilməsi uğurla həyata keçirilir

Milli maraqlarımızın təmin edilməsi uğurla həyata keçirilir

Yazar

10 Aprel 2022 09:10 3186


Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın Baş naziri ilə görüşü birmənalı olaraq Azərbaycanın növbəti diplomatik qələbəsidir. Prezident İlham Əliyevin postmüharibə dövrü üçün sülh gündəliyində nəzərdə tutduğu bütün məsələlər Brüssel görüşünün yekununda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən verilmiş bəyanatda bir daha öz təsdiqini tapdı. 
Azərbaycan-Ermənistan arasında 30 ildir davam edən münaqişə müddətində bir çox formatda görüşlər keçirilsə də, bunların hamısı nəticəsiz qalıb. Sözügedən formata isə 2021-ci ilin 14 dekabr tarixində elə Brüsseldə start verilib. Məhz həmin görüşdən sonra Avropa İttifaqı ilə Azərbaycan arasında təmaslar intensiv xarakter almışdı. Həm birinci, həm də ikinci Brüssel görüşünün yekunları onu deməyə əsas verir ki, artıq müəyyən irəliləyişlərə nail olunub. 
Aprelin 6-da keçirilən üçtərəfli görüş, təxminən 5 saata yaxın davam etdi. Şarl Mişel verdiyi bəyanatında Azərbaycan və Ermənistan arasında sülh sazişinə doğru sürətlə irəliləmək istəyini qeyd edib. Bu məqsədlə Xarici İşlər Nazirlərinə bütün zəruri məsələləri əhatə edən gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləmək tapşırığının verilməsi qərara alınıb. Görünən odur ki, Azərbaycan tərəfinin sülh müqaviləsi ilə bağlı 5 maddədən ibarət təklifi artıq qəbul olunub və danışıqlar da bunun əsasında aparıldı. Şarl Mişelin ikinci Brüssel görüşünün yekunları ilə bağlı Bəyanatından aydın olur ki, konkret məsələlərlə bağlı razılaşmalar əldə olunub. Həm Azərbaycanın, həm də Ermənistanın Xarici İşlər Nazirliklərinə tapşırıqlar verildi ki, bu sənədin üzərində iş aparılsın. Sənəddə əsas məqam ondan ibarətdir ki, burada Azərbaycanın ərazi bütövlüyü məsələsi öz əksini tapır. Sərhədlərin delimitasiyası prosesinə başlanılması barədə razılıq əldə edilib. 
Bəyanatda yer alan məsələlərdən biri də tərəflərin sərhəd məsələləri üzrə Birgə Komissiyasının yaradılmasıdır. İkitərəfli sərhədlərin delimitasiyası, demarkasiyasının vacibliyini vurğulayan Şarl Mişel bu məqsədlə 26 noyabr 2021-ci il tarixli Soçi bəyanatına uyğun olaraq, aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının təşkil edilməsinin razılaşdırıldığını qeyd edib. Birgə Sərhəd Komissiyasının mandatına Azərbaycan və Ermənistan arasında ikitərəfli sərhəddin demilitasiyası, sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətinin təmin edilməsi daxildir. Bu prosesin başlanması sərhəddə gərginliyin azaldılması üçün mühüm məqamdır. Azərbaycan 44 günlük Vətən müharibəsindən dərhal sonra Ermənistanla sərhədlərin müəyyənləşdirilməsi, demilitasiya və demarkasiya prosesinə başlanması təşəbbüsü ilə çıxış etmiş, Soçi görüşündə bununla bağlı razılaşma əldə olunmuşdu. Lakin Ermənistanın qeyri-konstruktivliyi səbəbindən bu günə kimi prosesə start verilməmişdi.
Şarl Mişel verdiyi bəyanatında Azərbaycan və Ermənistan arasında sülh sazişinə doğru sürətlə irəliləmək istəyini qeyd edib. Bu məqsədlə Xarici İşlər Nazirlərinə bütün zəruri məsələləri əhatə edən gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləmək tapşırığının verilməsi qərara alınıb. 
Şarl Mişel bəyanatında həmçinin, dinc yanaşı yaşayışı təşviq etmək üçün hər iki tərəfin humanitar addımlarının vacibliyini vurğulayıb. O, saxlanılan şəxslərin azad edilməsi və itkin düşmüş şəxslərlə bağlı problemin hərtərəfli həlli də daxil olmaqla, həll edilməmiş digər bütün humanitar məsələlərin tam və tez həllinin zəruriliyini vurğulayıb və Avropa İttifaqının bu səyi dəstəkləməyə hazır olduğunu bildirib. O, həmçinin, Aİ-nin ekspert məsləhətləri verməyə və maliyyə yardımını artırmağa, habelə münaqişədə zərər çəkmiş əhaliyə, bərpa və yenidənqurma işlərində yardım göstərməyə davam etməklə, Azərbaycan və Ermənistan arasında etimadın möhkəmləndirilməsi tədbirlərini, eləcə də humanitar minatəmizləmə səylərini dəstəkləməyə davam edəcəyini vurğulayıb. 
Brüssel görüşündə diqqət çəkən məqamlardan biri də Ermənistan-Azərbaycan arasında, eləcə də bütövlükdə Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması məsələsinin müzakirəsi olub. Şarl Mişel dəmir yolu xətlərinin bərpası istiqamətində atılan addımları alqışlayıb, eyni zamanda Ermənistan və Azərbaycanı avtomobil yollarının bərpası üçün effektiv həll yolları tapmağa çağırıb.
Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən sonra bölgədə yeni reallıqlar yaradıb. Son proses göstərir ki, Avropa İttifaqı Azərbaycanın müəyyənləşdirdiyi gündəliyi, reallıqları qəbul edir. Həm üçtərəfli görüş zamanı, həm də bəyanatda “Dağlıq Qarabağ” ifadəsi yer almamışdır. Həmçinin, ATƏT-in Minsk Qrupunun həmsədirlik institunun adının keçməməsi də mühüm məqam kimi vurğulanmalıdır. Məhz Prezident İlham Əliyev “Dağlıq Qarabağ” adlı ərazi vahidinin olmadığını, bu ifadənin istifadə edilmədiyini bəyan etmişdi. Azərbaycan lideri bununla yanaşı, həmsədrlərinin artıq “pensiyaya çıxmalı olduqlarını”, onların görəcəyi bir iş qalmadığını söyləmişdi. Diqqət çəkən digər bir məqam Brüssel görüşündə və Aİ Prezidentinin Bəyanatında son vaxtlar Fərrux kəndi ətrafında yaşanan gərginliyə toxunulmamasıdır. Avropa İttifaqı da, onun lideri də Qarabağda baş verənlərin artıq Azərbaycanın daxili işi kimi qəbul etmiş görünür. 
Azərbaycan Xarici İşlər Nazirliyinin görüş və bəyanatla bağlı açıqlamasında da “Aİ Şurasının Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü, Azərbaycanın maraqlarına uyğun olaraq və bölgənin gələcək sülh və əminamanlıq şəraitində inkişafının təmin olunması istiqamətində atılmış növbəti önəmli addımdır” deyə qeyd edilirdi.

Aidə Cəfərova,

Məzahir Bayramov adına 196 N-li tam orta məktəbin 
direktor vəzifəsini icra edən 


 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!