Parlament fransız sözüdür, mənası "danışmaq" deməkdir. Amma Azərbaycanda parlament deyəndə insanların ağlına yatmaq gəlir.
Bu da səbəbsiz deyil. Azərbaycan müstəqilliyini əldə etdiyi 30 ildə parlamentdə oturanların cəmi 30 faizi danışıb, 70 faizi yatıb.
Buna görə də Azərbaycan parlamenti həmişə xalqın qınaq obyekti olub. İnsanlar bu qurumda aparılan müzakirələrdən çox baş verən qeyri-ciddi, absurd hadisələrdən danışıb-gülüblər. Hətta illər əvvəl sabiq deputat Nazim İmanov bu barədə kitab da yazmışdı. Mən gənc və perspektivli vaxtlarımda həmin kitabı oxuyub dərdimizə ağlamalı olan adamların komik hərəkətlərinə ürəkdən gülmüşdüm... Dördpendirli pizza
Bu cür absurd vəziyyət 2019-cu ilə kimi davam etdi. Ölkə rəhbərliyi gördü ki, siyasi mövqeyi olmayan, iki sözü ard-arda qoşub danışa bilməyən, icra başçısını tərifləyəndə belə ondan icazə istəyən adamların mövcudluğu qanunverici orqanın adına ləkədir, Azərbaycanı beynəlxalq aləmdə nüfuzdan salır. Məhz bundan sonra parlament özünü buraxmaq barədə qərar verdi. Qınaq obyekti olan köhnə tərkib, nəhayət, 2019-cu ildə "buxarlanıb" yoxa çıxdı.
Bu hadisə yaxın keçmişdə baş verdiyi üçün həmin dövrü çoxumuz xatırlayırıq. 2020-ci ildə Milli Məclisə yeni seçkilər keçirildi. Yeni seçkilər yeni simaların üzə çıxmasıyla nəticələndi. Əlimizi vicdanımızın üstünə qoyub rahatlıqla deyə bilərik ki, hazırda Milli Məclisdə xeyli sayda savadlı hüquqşünas, iqtisadçı, öz ixtisasını yaxşı bilən, burnunun ucundan beş metr qabağı görən intellektual adamlar var. Onların çoxu üç-dörd xarici dil bilir, ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edirlər.
Xoşumuz gəlsə də, gəlməsə də Milli Məclisin indiki tərkibində Fazil Mustafa, Qənirə Paşayeva, Etibar Əliyev, Ceyhun Məmmədov, Naqif Həmzəyev, Tahir Kərimli, Razi Nurullayev kimi ölkədə baş verən bütün ciddi hadisələrə adekvat münasibət bildirən, həm öz sözünü, həm də xalqın sözünü deyən xeyli adamın olduğunu inkar edə bilmərik. Aqil Abbas, Elman Məmmədov, Sabir Rüstəmxanlı, Məlahət İbrahimqızı, Aydın Mirzəzadə, Cavid Osmanov, Jalə Əliyeva, Arzu Nağıyev əlçatandır, bəzən jurnalistlər gündə üç dəfə zəng edib ən müxtəlif məsələlərə dair rəy öyrənə bilirlər. Vüqar Bayramov, Erkin Qədirli intellektualdır, ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil edir, Azərbaycanın haqq sözünü deyirlər.
Adil Əliyev məsul vəzifə tutmasına rəğmən xeyirdən-şərdən qalmır, şəhid ailələrinin yasında, qazilərin toyunda iştirak edir.
Nə olsun ki, mən bu adamların çoxunu həyatda bir dəfə də görməmişəm, toyda-bayramda üz-üzə gəlməmişəm. Axı Allah-Təala mənə göz verib. Etdiklərini mətbuatdan oxuyur, ekranlardan görürəm. İnsanın gördüyünü danması bilmədiyini danışması qədər böyük günah sayılır.
Bilirəm, mətləbdən uzaqlaşdıq. Amma obyektivlik naminə müsbət nümunələri də deməyə, yazmağa ehtiyac var. Həm də sözümün canı var. Dünən Yenisabah.az saytında oxudum ki, Azərbaycanda 16 deputat Milli Məclisin plenar iclaslarında bir dəfə də ağzını açıb danışmayıb.
Siyahıya sabiq spiker Oqtay Əsədov başçılıq edir. Oqtay müəllimlə bağlı məsələ aydındır. Sədr seçilmədiyi üçün küsüb. Ötən 30 ayda bir nəfər tapılmadı ki, barışıq aşı bişirib Oqtay Əsədovla parlament rəhbərliyinin arasını düzəltsin.
Bəs, ixtisasca jurnalist olan İmamverdi İsmayılov niyə ağzına su alıb durub? Söz adamı sözə qarşı bu qədər biganə olar?
Doğrudanmı, göyçaylılar öz deputatları Sabir Hacıyevə hər hansı problemlə bağlı bircə dəfə də müraciət etməyib? Doğrudanmı, Göyçayda qurdla quzu bir yerdə otlayır? Gərək göyçaylı dostum Teyyub Mirqasımovu görəndə bu sualların cavabını soruşum...
Bəs “köhnə qurdlar”dan olan Madər Musayev, Mixail Zabelin, Rasim Musabəyov, Ağalar Vəliyev, Nəsib Məhəməliyev niyə ağızlarına su alıb durublar? Milli Məclisin nisbətən gənc deputatlarından olan Ülviyyə Ağayeva niyə ona verilən şansdan yararlanmaq istəmir? Söz dühası Nizaminin adını daşıyan institutda çalışan Ülviyyə xanımın deməyə heçmi sözü yoxdur?
Əliabbas Salahzadənin susmağına səbəb nədir? Doğrudanmı, bu 43 ildə atası Qalib Salahzadədən heç nə əxz etməyib?
Biz orta məktəbdə oxuyanda dərsi bilməyən uşaqlar başlarını aşağı salıb sakitcə dayanardılar. Hər dəfə onlardan səs çıxmayanda müəllimlər belə deyərdi: “A bala, niyə danışmırsan? Dilini pişik yeyib?”
İndi mən bir ildə bir dəfə danışmayan deputatlardan soruşuram: “Ay qardaş, ay yoldaş, ay vətəndaş, niyə danışmırsınız? Dilinizi pişik yeyib?”
Seymur VERDİZADƏ
Telegram kanalımız