“Dünyanın heç bir ölkəsində Milli Təhlükəsizlik Konsepsiyası əbədi qəbul edilmir. Bu konsepsiya müasir dövr və müəyyən gələcək zamanı nəzərdə tutur. Amma zaman dəyişir və yeni çağırışlar ortaya çıxır. Şübhəsiz ki, bu çağırışlar nəzərə alınmalıdır”.
Bu sözləri “Yeni Sabah”a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib.
O bildirib ki, Azərbaycan təhlükəsizliyi qarşısında əsas təhdid olan işğal faktorunu artıq tam aradan qaldırıb: Dördpendirli pizza
“Dövlət başçısı 2007-ci ildə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasını təsdiqləyib. Sənəddə torpaqlarımızın işğalı və onun azad edilməsinin vacibliyi vurğulanıb. 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildəki antiterror əməliyyatından sonra konsepsiyada göstərilən problemlər öz həllini tapdı. Bu gün Azərbaycanın qarşısında daha yeni məsələlər durur. Ona görə də zaman-zaman Milli Təhlükəsizlik Konsepsiyasının dəyişdirilməsi məsələsi gündəmə gəlir”.
Deputat qeyd edib ki, Milli Təhlükəsizlik Konsepsiyasının bəzi müddəaları yenilənməlidir:
“Bu konsepsiyanı dəfələrlə oxumuşam. Onun böyük bir hissəsi uzunmüddətli proqramdır. Müəyyən bir hissəsinin isə dəyişdirilməsinə ehtiyac var. Artıq torpaqlarımız işğaldan azad olunub və Ermənistanla sülh müqaviləsi paraflanıb. Ermənistan bu il konstitusiyasını dəyişdirərsə, iki ölkə arasında normal qonşuluq münasibətləri formalaşacaq. Yəqin ki, müvafiq sturukturlar bu məsələ barəsində düşünürlər”.
A.Mirzəzadə vurğulayıb ki, konsepsiyada yeniliklərin qəbul edilməsi üçün Ermənistanla sülh müqaviləsinin imzalanması mütləqdir:
“Faktiki olaraq, İrəvan öz ali qanununda Azərbaycana torpaq iddiasını səsləndirir. Ancaq sülh müqaviləsi imzalandıqdan və diplomatik əlaqələr yarandıqdan sonra milli təhlükəsizlik konsepsiyası dəyişdirilə bilər”.
Ehtiyatda olan polkovnik Üzeyir Cəfərov isə hesab edir ki, bu mövzuda ciddi təşəbbüs hələlik yoxdur:
“Özüm də onun tərəfdarıyam ki, Milli Təhlükəsizlik Konsepsiyası müasir tələblərə cavab verən formaya salınsın. Artıq ərazi bütövlüyümüzü, suverenliyimizi tam təmin etmişik. Əlbəttə, bu sənəd yenilənməlidir. Çünki belə sənədlər uzun illərə hesablanır. Amma görünən odur ki, bu barədə təşəbbüs hələlik yoxdur. Bəzən elə sənəd olur ki, ona illərlə toxunulmur. Hərçənd təhlükəsizlik konsepsiyası kimi sənədlər daha mükəmməl olmalıdır”.
Ekspert hərbi birləşmələrlə bağlı yeni yanaşmalara ehtiyac olduğunu diqqətə çatdırıb:
“Məsələn, hazırkı sayda quru qoşunları saxlamamalıyıq. Daha çevik və mobil hərbi hissələrə, gücə üstünlük verməliyik. Bakının mərkəzində sayısız-hesabsız hərbi hissələrin olmasına nə ehtiyac var?! Sovet dövründən qalma ənənədir. Artıq buna ehtiyac yoxdur. Daha çox quru və dəniz sərhədlərinin mühafizəsinə diqqət yetirməliyik. Bu gün dünyada baş verən hadisələr onu göstərir ki, heç bir ölkə heç nədən sığortalanmayıb. Milli Təhlükəsizlik Konsepsiyası məhz bu proseslərə uyğun olaraq işlənməlidir. Bu sənəd mükəmməl şəkildə hazırlanmalıdır”.
Nazim Hacıyev
Telegram kanalımız