“Bu gün Azərbaycanla Ermənistan arasındakı mövcud olan bəzi problemlərin həlli üçün Minsk formatına oxşar formatın yaradılmasına, məncə, ehtiyac yoxdur”.
Bu sözləri Yenisabah.az-a açıqlaması Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov deyib.
O, Gürcüstanın sabiq prezidenti Giorqi Marqvelaşvilinin irəli sürdüyü yeni – “Tbilisi formatı” ideyasına münasibət bildirib. Sezar pizza
Xatırladaq ki, Ermənistan XİN tərəfindən də yeni formatın yaradılması ideyası müsbət qarşılanıb.
Öz növbəsində, X. Bəşirov əlavə edib:
“Qarabağ müharibəsindən sonra 10 noyabr tarixli üçtərəfli bəyanat, daha sonra isə üçtərəfli Moskva və Soçi bəyanatları imzalanıb. Daha sonra isə Brüssel formatı start götürdü və ötən ilin dekabrından bu il mayın 22-nə qədər 3 dəfə Brüssel görüşləri baş tutub. Bu görüşlərin hər birində də müəyyən razılaşmalar əldə edilib.
İkitərəfli qaydada komissiyanın yaradılması artıq bir daha sübut edib ki, bu məsələni üçüncü tərəflərin iştirakı olmadan həyata keçirə bilərik. Çünki tərəflərin sayından asılı olmayaraq, əsas məsələ iradənin mövcud olmasıdır.
Azərbaycanın iradəsi ortadadır, lakin Ermənistan digər tərəflərin iştirakını təmin etməklə prosesi uzatmağa və mümkün qədər siyasi cığallığa yol verir”.
Siyasi şərhçinin sözlərinə görə, hansısa yeni formatın yaradılması və fəaliyyətə başlaması və s. çox uzun bir məsələdir:
“İnanıram ki, Gürcüstan tərəfinin mövqeyi səmimidir və onlar da mümkün qədər Azərbaycanın regionda formalaşdırdığı yeni reallığın daha tez işə düşməsinə çalışırlar. Amma tutaq ki, “Tbilisi formatı” yaradıldı. Bu formatın yaranmasından sonra Ermənistan tərəfi başlayacaq ki, hələ format təzə yaranıb, platforma fəaliyyətə başlamalıdır və s. Yəni bir neçə il də buna həsr olunacaq. Bizim isə buna zamanımız yoxdur. Dövlət başçısı öz çıxışlarında daim vurğulayıb ki, Ermənistana ötən münaqişə dövründəki kimi vaxt verməyə imkanımız yoxdur. Çünki regionda çox ciddi işlər görürük. Bərpa-quruculuq işlərinin geniş vüsət alması üçün sülh sazişinin imzalanması vacibdir”.
“Bu təşəbbüsü ortaya atdığına görə Gürcüstana təşəkkürümüzü bildirməliyik, lakin düşünürəm ki, bu formata zərurət yoxdur. Bu, yalnız və yalnız Ermənistanın maraqlarına xidmət edəcək”, - deyə müsahibimiz fikirlərini yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız