“Rusiyada azərbaycanlılarla çeçenlər arasındakı məsələ məişət zəminində baş verən münaqişədir. Hər yerdə və hər zaman olur. Çeçenlərlə azərbaycanlılar iki qardaş xalqdır”.
Bu sözləri “Yeni Sabah” a açıqlamasında Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, çeçenlər yaxşı bilir ki, onların savaşı zamanı azərbaycanlılar onlara nə qədər dəstək veriblər. Həmçinin Qarabağ savaşında nə qədər çeçen Azərbaycan tərəfdə işğalçılara qarşı savaşıb:
“Bəzən olur ki, Rusiyada azərbaycanlı öldürülür. Belə hallar olur. Sadəcə çalışmaq lazımdır ki, bundan ikinci qüvvələr istifadə etməsin. Bizim əleyhimizə olan qüvvələr yararlanmasın. Bu məsələnin üstü tez açılmalıdır ki, sonrakı illərdə belə hadisələr baş verməsin. Amma düşünmürəm ki, bu iki xalqı bir-birinə qarışdıra bilər. Bu mümkün deyil.
Ermənilər hər zaman azərbaycanlıların başqa millətlərlə problemləri olmasında maraqlıdırlar. Mümkündür ki, Rusiyada yaşayan, erməni lobbisinə bağlı qüvvələr bu məsələni şişirtməkdə maraqlı olsunlar. Ona görə bu halların qarşısı alınmalıdır. Onların əlinə bəhanə verilməməlidir”.
E.Şahinoğlu münaqişənin həlli yollarından da danışıb:
“Bu problemin qarşısını almaq üçün hadisə ciddi araşdırılmalıdır.İkincisi, Moskvada yaşayan Azərbaycan və Çeçenistan diasporasının nümayəndələri görüş keçirməlidir. Üçüncüsü isə Azərbaycan rəsmiləri və Çeçenistan hakimiyyətinin təmsilçiləri müraciət etməlidilər ki, qızmış başları soyutsunlar”.
Əsmər Qabil
Telegram kanalımız