YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Müharibə əlillərinin kredit problemi: Çıxış yolu nədir? 

Müharibə əlillərinin kredit problemi: Çıxış yolu nədir? 

Sosial

30 Sentyabr 2022 13:34 644


Azərbaycanda aztəminatlı təbəqənin, xüsusilə şəhid ailələrinin, müharibə əlillərinin və veteranların sosial müdafiəsi həmişə diqqət mərkəzində olub. Həssas təbəqə hesab olunan bu kateqoriyaya daxil olan insanların problemləri təkcə dövlət qurumlarını deyil, ictimaiyyəti də yaxından maraqlandırır. Çünki Azərbaycan xalqının onlara vəfa borcu var. 

Qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin, yaralanan, zərər çəkən mülki vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, problemlərinin həlli ilə bağlı silsilə addımlar atılıb, müvafiq sərəncam və fərmanlar imzalanıb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, 44 günlük Vətən müharibəsində yaralananların ümumi sayı isə 11 min nəfərdən çoxdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, 44 günlük Vətən müharibəsində yaralanmış 3 min nəfərə yaxın qaziyə müxtəlif əlillik dərəcəsi verilib.

Son günlər sosial şəbəkələrdə I qrup əlillərin kredit almaq imkanlarının məhdudlaşdırılması barədə xəbərlər yayılıb. Birinci Qarabağ Müharibəsi və 44 günlük Vətən müharibəsi iştirakçıları arasında I qrup əlillər də olduğu üçün bu məsələni gündəmə gətirməyə qərar verdik. 

Qeyd edək ki, "Report" bu məsələ ilə bağlı araşdırma aparıb.

"Qanunda belə bir qadağa yoxdur"

Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli deyir ki, qanunvericiklikdə əlilliyi olan şəxslərə kredit verilməməsi ilə bağlı qadağa yoxdur: “Hər hansı bankın daxili sənədində də belə bir qadağa yoxdur. Ancaq bank kommersiya təşkilatı olduğu üçün bəzi kriteriyaları nəzərə alır. Bu kriteriyalara hansı şəxslərin krediti qaytara bilmək imkanın olduğu aiddir. Əlillərin sosial müavinəti və pensiyası banklar üçün uyğun olmadığına görə kredit verilmir. Əgər əlil şəxs 300 -350 manat pensiya və yaxud sosial müavinət alırsa, banklar hesab edir ki, bu şəxslər krediti qaytara bilməz. Kredit verən bankların göstərə, istinad edə biləcəyi heç bir normativ hüquqi baza yoxdur. Lakin bütün hallarda olmasa da, bir çox hallarda əlilliyi olan şəxslərə kredit verilmir".

"Bu məsələni BMT səviyyəsində qaldırmışıq"

Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilata bu problemlə bağlı müraciət edənlər çox olub: “Bu problem həll olunmalıdır və biz bu istiqamətində iş görürük. O cümlədən müvafiq təşkilatlara müraciət etmişik ki, pensiya və sosial müavinətlər elə bir səviyyəyə çatdırılsın ki, bankların qoyduğu tələbləri təmin etsin və əlillər kredit götürə bilsinlər. İttifaq olaraq bu məsələni bir neçə dəfə BMT-nin Cenevrə (İsveçrə) və Nyu-Yorkdakı (ABŞ) ofislərində də qaldırmışıq, əlilliyi olan şəxslərə qarşı ayrıseçkilik olmaması ilə bağlı danışmışdıq, sosial müavinətlərin aşağı olması səbəbindən kreditlərin verilmədiyini bildirmişik. Digər tərəfdən qanunvericiliyə dəyişiklik edilməsi üçün hazırladığımız sənədləri BMT-yə göndərmişik və BMT də bunu öz növbəsində bizim hökumətə göndərib ki, bu məsələyə diqqət yetirsin".

"Əlillərlə bağlı problem olmayıb"

“Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin Baş iqtisadçısı Əzizağa Haxverdiyev isə deyir ki, Azərbaycanda əlillərə kreditlərin verilməsində indiyə kimi problem olmayıb: “Əgər şəxsin rəsmi gəliri varsa, ödəniş qabiliyyəti varsa, banklar kredit verirlər. Yəni bank üçün əsas budur ki, ödəniş qabiliyyəti olsun. Əgər ödəniş qabiliyyətinə təsiri varsa, artıq bank burada kredit verməyə bilər. Əsas rəsmi gəliridir, rəsmi iş olmasa da olar. Yəni adam göstərməlidir ki, gəliri haradan gəlir. Bankın gəliri olmayan bir şəxsə kredit verməyi düzgün deyil. Ümumiyyətlə, banklar rəsmi gəliri və yaxud rəşmi işi olmayan heç kimə kredit vermir”.

"Əlilin iş yeri olmalıdır"

Azərbaycan banklarından birinin kredit mütəxəssisi Emil Əliyev isə deyir ki, kredit almaq istəyən əlil istənilən halda iş yerinə malik olmalıdır: “Bizim bankda əlillik üçün alınan müavinət pensiya kimi sayılır. Pensiya alanlara isə biz kredit verə bilmirik. Amma iş yeri varsa, ona kredit ayıra bilirik. Bu vaxt əlilliyi də əlavə gəlir kimi götürürük. Məsələn, 500 manat maaş, 200 manat da pensiya alırsa, biz onu 700 manat gəlir kimi nəzərə alıb kredit veririk. Amma yalnız əlillik müavinəti ilə yaxınlaşan şəxsə kredit ayırmaq alınmır". 

Hərbi ekspert Ramil Məmmədli isə layihənin işçi qrupunun üzvləriylə söhbət zamanı bildirib ki, əsas problem müharibə əlilləri üçün ödənilən müavinətin məbləğinin aşağı olmasıdır: “Banklar daxili nizamnamə ilə deyil, Azərbaycan Respublikasının Mərkəzi Bankının tərtib etdiyi qaydalara uyğun olaraq vətəndaşın kredit ehtiyacını təmin edirlər. Bu baxımdan büdcəyə, minimum əmək haqqında uyğun olaraq müəyyən kredit məbləği müəyyənləşdirilir.

Müharibə əlillərinin aldığı müavinət banklardan kredit götürməyə imkan vermir. Yaranmış prolemi iki yolla aradan qaldırıla bilər. Ya müavinətlər artırılmalıdır ki, bankların standartlarına uyğun olaraq kreditdən yararlana bilsinlər, ya da banklarda həmin tələb ləğv olunmalıdır. Məncə,  ikinci variant daha uyğundur.

Müharibə əlillərinin kreditdən yararlana bilməsi üçün güzəşt tətbiq olunmalıdır. Birinci variant isə  mövcud vəziyyətə uyğun olaraq hələki mümkün deyil”.

Ə.Məhəmmədoğlu

Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin mediada müzakirəsi” adlı layihə çərçivəsində hazırlanmışdır. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!