Xalq artisti, Xəzər TV-nin prezidenti Murad Dadaşovla bağlı sosial şəbəkələrdə ildırım sürətilə yayılmış xəbər böyük səs-küy yaratdı.
Mənbəyi göstərilməyən paylaşımlarda iddia edilirdi ki, guya Murad Dadaşov prezident seçkilərinin nəticələri elan olunduqdan sonra sevincini alqışlarla ifadə edərkən qolu çıxıb. Daha sonra açıqlama verən Murad Dadaşov sosial şəbəkələrdə yayılmış xəbərləri təkzib etdi.
Buna baxmayaraq, bir sıra mətbuat orqanlarında əsassız xəbərlər sürətlə tirajlandı. pizza hut
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Əməkdar jurnalist Elçin Şıxlı bu tip əsassız xəbərlərin tirajlanlayanların jurnalist olmadığını bildirib:
“Bu nə səriştəsizlik, nə də jurnalistlərin səhvidir, çünki jurnalist belə səhv edə bilməz. Əgər jurnalist yazılan xəbərin mənbəyini tapmayanda həmin xəbərin ardınca özü getməlidir. Əgər “külək əsir” məlumatı yayılırsa, həmin küləyin arxasınca getməli, öyrənməli, araşdırmalıdır ki, külək niyə əsir. Jurnalist “nənəmin bacısıgildə həyətdə oturanlar deyir ki, yaman külək əsir” cümləsini öz qəzetinində, saytında tirajlaya bilməz. Peşəkar jurnalist bunu araşdırmalıdır. Mənbəyi olmayan xəbəri yaymamışdan öncə onu dəqiqləşdirmək mütləqdir”.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, professor Qulu Məhərrəmli isə qeyd edib ki, əsassız məlumatları tirajlayanlar bunu sensasiya və daha çox baxış toplamaq üçün edirlər:
“Cəmiyyətdə tanınmış şəxslər, ictimai fiqurlarla bağlı məlumatların yayılması normaldır, amma bu şərtlə ki, həmin məlumatlar dəqiq, həqiqətə uyğun olsun. Amma təəssüf ki, bizdə belə olmur. Bəziləri xəbər vermək xatirinə, sensasiya üçün, bəzən həmin adamları gözdən salmaq üçün qərəzli şəkildə xəbərlər paylaşırlar. Bu məsələ yenə də etika və peşəkarlıq məsələlərini gündəmə gətirir. Əsası olmayan, mənbənin təsdiqləmədiyi məlumat əsassız məlumat hesab olunur. Bu cür məlumatları yayan saytlar oxucu sayını çoxaltmağa xidmət edir və İP-nin hayındadırlar. Hesab edirəm ki, haqqında söhbət gedən Murad Dadaşovla bağlı məlumat da bu kateqoriyadandır. O ki qaldı, əsassız bir məlumatı qısa zamanda başqa saytların da yaymasına, çox təəssüf ki, bu gün onlayn mediada “copy-paste” kimi arzulanmayan tərz var. Bir məlumatı görən kimi digərləri də həmin məlumatı kopyalayaraq tirajlayırlar, ona görə də bu cür biabırçı vəziyyət yaranır. Özünə hörmət edən, peşəkar müxbir, redaktor, admin bunları etməz”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız