İldə bir dəfə dindarlıq damarı tutan, möminlik hissləri tavan olan bir cəmiyyətdə yaşamaq çox maraqlıdır. Məhz Ramazan ayında cəmiyyətin bir çox üzvünün müsəlman olduğu yadına düşür.
11 ay min oyundan çıxanlar, səhərləri pablarda, gecələri barlarda keçinənlər bu ayda “həccə gedirlər”. Fikirlərimə görə çoxu məni qınaya bilər, amma cəmiyyətin əksəriyyəti dinin buyurduğu ən sadə tələbləri belə yerinə yetirməyəcək qədər savadsız və avamdırlar.
Hələ də hansı dində olduqlarını dəqiqləşdirə bilməyiblər. Novruzda tonqaldan tullananlar kim, pirlərdə daşları öpən kim, Ağadan kömək istəyən kim. Amma hər kəs müsəlman olduğunu iddia edir. Ramazandan əvvəl içki məclislərində Allahın adı ilə başlayan neçə-neçə “sağlıqlar” eşitmişik.
Bu aya yanaşmalar fərqlidir. Dinin buyurduğu üçün oruc tutan kim, özünü pis vərdişlərdən çəkindirən kim, 11 ay yeyib bu ayda dieta yadına düşən kim. Əməllərdən ümumiyyətlə danışmağa dəyməz.
Ağzı oruc əli rüşvətlə, dili söyüşlə, beyni şəhvət hissi ilə dolmuş, namazdan durub gecələri eyş-işrətdə olan, saysız orucunu pozanlar görmüşük. Amma onlar hər kəs kimi iftarını azan verildikdən sonra açırlar, gün ərzində dəfələrlə pozduqları oruclarını gözardı edərək.
Ramazanın ilk gününü “Location bar”da qarşılayanların taleyi üzücüdür. Cəmiyyətin orada baş verənlərə sevinməsi, öz zəhərlərini ordakı şəxslərə tökməsi, ondan da üzücüdür. Axı bir insan başqasının acısına, ölümünə necə sevinə bilər? Biz nə yedik, nə içdik ki, belə cəmiyyət formalaşdı? Kiminsə günaha və ya savaba batmasını digər şəxsi və ya şəxsləri niyə qıcıqlandırmalıdır?
Hətta “qıcıqlandırır” sözü belə bu yerdə çox yumşaq səslənir. Aqressiyasına, kininə, həyatının bütün neqtivlərinin səbəbkarı o insanmış kimi qarğış edir desəm, daha doğru olar. Kimin necə həyat yaşamasının, pulunu harada və necə və yaxud kimlərə xərcləməsi başqa birisini niyə narahat etməlidir? Özlərinə cənnətin biletini sığortalamış kimi onların cəhənnəm odunda yanacaqlarını söyləməsinə qədər qəribədir bu cəmiyyət.
Sevgini utanc hissi yaradan toplumun, başqalarına həsəd aparması çox normaldır. Bəlkə də səbəb sadəcə o barda əyləncədə olanların yerində ola bilməməkdir. Yağdırılan lənətlər hər kəsin dindar olduğu anlamına gəlmir, necə deyərlər “pişiyin əli ətə çatmayanda, deyir iylənib”. Şərait yaransa bəlkə də, bardakıların etdiklərini kölgədə qoyacaq qədər potensiala malikdir həmin insanlar.
Nifrət insanı qocaldır, əldən salır, həyatdan zövq almasına mane olur. Kimin harada, nə işlə məşğul olmasının heç kəsə aidiyyatı olmamalıdır. Hər kəs başqalarının həyatına burun soxmaqdan vaxt tapıb öz həyatı ilə maraqlansa, daha xoşbəxt olar. Sevmək lazımdır. İnsanları sevmək, həyatı, təbiəti... Şərtsiz və təmənnasız. Xoşbəxt olmaq üçün insana çox şey lazım deyil.
Hər şeyi dinə bağlamayaq. Çünki insana ən böyük mükafatı da, cəzanı da onun vicdanı verir.
Cavad Salmanlı
Telegram kanalımız