YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
““Namazı öz dilimizdə qılaq” demək bir siyasətdir, onların məqsədi avam müsəlmanları...”  - MÜSAHİBƏ

““Namazı öz dilimizdə qılaq” demək bir siyasətdir, onların məqsədi avam müsəlmanları...” - MÜSAHİBƏ

Din

12 Avqust 2022 19:46 23544


Yenisabah.az-ın Cümə ( Əbu Bəkr) məscidinin imamı Hacı Qamət Süleymanovla müsahibəsi:

- Mətbuatda bəzi ilahiyyatçılar da daxil, bəzi şəxslər, hətta bir sıra sadə vətəndaşlar da namazın ərəb dilində qılınması ilə bağlı mövqeyi müdafiə edirlər. İslam dininin belə bir mövqe barədə hökmü nədir?

- Türkiyədə Atatürk hakimiyyətə gələndə 17 il azanın ərəbcə verilməyini qadağan etdi. Azanda  “Tanrı uludur, Tanrı uludur” deyilirdi, amma ondan sonra yenə də dəyişdi. Namaz ərəb dilində mənaları cəm edə bilmədiyi üçün hər kəs öz dilində namaz qılmamalıdır. Namazı kiminsə üçünsə ərəb dilində qılmaq əziyyətdirsə, öyrənsin, burda çətin heç nə yoxdur. Sadəcə olaraq bunlar bəhanədir. Bu məsələni qabardanlar qeyri-müsəlmanlardır. Onların da məqsədi müsəlmanları islamdan Qurandan, Peyğəmbərdən( s.ə.v) uzaqlaşdırmaq üçün bir siyasətidir. Məsələn, kimsə “namazı öz dilimizdə qılaq”, kimsə “Azərbaycana peyğəmbər gəlməyib, mənəm peyğəmbər” deyirsə, bu nədir?! Bunlar avam müsəlmanları Qurandan, islamdan uzaqlaşdırmaqdır. Şəriəti ağıllarına tabe eləməkdir. Problem budur. Halbuki, ağıl şəriətə tabedir. Dünyəvi məsələlərdə azadsınız. Amma şəriətdə ürəyin istədiyi kimi hərəkət olmaz.

- “Namazı hər kəs ana dilində qılmalıdır” deyənlər fikirlərini ərəb dilində sözlərin tələffüzünün çətin olması, yadda qalmaması arqumentləri ilə izah edirlər. Bu arqumentləri nə dərəcədə məntiqli hesab edirsiniz?

- İslam dinində qayda, qanun var. Misal üçün, dövlətin yol hərəkəti haqqında qanunları var. Sürücü maşını saxlamadan düz hərəkət etməlidir. Əgər, sürücü o qanuna qarşı çıxsa, onun üçün necə rahatdırsa, elə də hərəkət etsə, cərimələnəcək. Namaz ibadətdir. İbadət necə gəlibsə, o cür eləməlisən. Bu barədə başqa fikirlər bidətdir, başqa sözlə, xürafat, yenilikdir. Dünyəvi məsələlər istisna, dini məsələlərdə yenilik olmaz. Şəriət necə deyib, o cür hərəkət olunmalıdır. “Niyə Azərbaycan dili və ya hər kəsin öz dilində namaz qılmaq olmaz?” sualının cavabı ərəb dilinin zəngin olması, ərəb dilindəki mənanın başqa dillərdə tam ehtiva edilə bilməməsidir. Heç bir dildə Qurani-Kərimdə olan xalis ərəb dilini əvəz edən kəlmələr yoxdur. Azərbaycan dilində və ya başqa dillərdə Quranın məalı (tərcümələri) var. Lakin hamısında da fərq var. Əgər, dil eyni olsaydı, hamısında da eyni olardı. Amma ərəbcəsi bir dənədir. Burda təkcə, Azərbaycan dilindən söhbət getmir. “Mən tələffüz edə bilmirəm, mənə ərəb dilində sözləri tələffüz etmək ağır gəlir” deyənlərin sözləri bəhanələrdən başqa heç nədir.

- Peyğəmbərin (s.ə.v) “dini çətinləşdirməyin, asanlaşdırın” deməsi də bu arqumentlərə haqq qazandırmır?

- “Dini çətinləşdirməyin, asanlaşdırın” dedikdə, sabah kimlərsə, onlara əziyyət olduğu üçün gündə beş dəfə yox, həftədə bir dəfə namaz qılınmasını deyəcək. Bu, düzgün deyil axı... Allah “Peyğəmbər (s.ə.v) sizə nəyi əmr edib, onu götürün, nəyi əmr edib, ondan çəkinin” deyə buyurub. Məsələn, xanımlar dırnaqları boyalı olduğu halda dəstəmaz ala bilməzlər. Çünki dırnaq boyası suyun dırnağa dəyməsinin qarşısını alır. Onsuz da ibadət edən qadın bu qaydaları biləcək. Əgər, bunu çox istəyirsə, suyun dırnaq qatına dəyməsinə imkan verən boyalar var, onlardan istifadə edə bilər.

Şəriət ibadət məsələlərində necə deyib o cür də hərəkət etmək lazımdır. Ana dilində namaz qılmaq batildir.

 - Ola bilərmi ki, bəzi ilahiyyatçılar da daxil, digər şəxslər də insanların islama gəlməsi üçün onlara başlanğıcdan ağır olmamasına görə, bu məsələyə bilərəkdən yumşaq mövqe sərgiləyirlər?

- “Namazı hər kəs öz dilində qılmalıdır” deyənlərin də islamı başa düşmədikləri açıq-aydındır. İslam dini “nədir, nə üçündür”ü bilməyənlərdir. Onlar “dində deyilən sözü iki eləmək olar, və ya öz fikrini dindən üstün saymaq olar” deyə hesab edənlərdir. Onlar eyni zamanda peyğəmbəri(s.ə.v) və ya onun hədislərini qəbul etməyənlərdir. Bu haqda hədislərin zəif və ya uydurma ola biləcəyini düşünürlər. İslam alimləri onların narahatlıqlarını ifadə edən məsələləri aydınlaşdırıblar. 

- Namazın ərəb dilində və ya ana dilində qılınmasının araasında başqa nə kimi fərqlər ola bilər? 

- Özünüz Qarilərin (hafizlərin) Quranın oxumasına diqqət edin. Bununla Azərbaycan dilində Quran oxunuşunu müqayisə edin, eyni keyfiyyət alacağıqmı? Namazda elə böyük kəlmələr oxunmur. Quranın ərəbcəsi ayrı, ərəblərin danışdığı ərəb dili ayrıdır. Onların özləri də xalis ərəb dilində yox, ləhcəli ərəb dilində danışırlar.

- Namazın ərəb dilində qılınmasının bir dəlili varmı?

- Məsələn, Quranda namazın rükətləri göstərilməyib. Amma hədislərdə göstərilib. Quranla hədis bir-birini tamamlayıb. Allah Peyğəmbərin(s.ə.v) buyurduğuna tabe olunarsa, düzgün yolda olacağımızı buyurur. Bütövlükdə götürdükdə çox nüans Quranda gəlməyib. Quranda hər şeyin əsli var, amma təfsilatı yoxdur. Təfsilatı peyğəmbərə(s.ə.v) həvalə edilib. Allah “Biz Quranı ərəbcə nazil etdik” ayəsini nazil edib. Bəzən elə şeylər olur ki, ona dəlilə ehtiyacı olmur. Peyğəmbər(s.ə.v) dini yayanda icazə verilsəydi və ana dilində qılınması lazım idisə, o zaman deyilərdi. Bu fikri daha konkret ifadə etsək, bəzən dilin özü də dəlil hesab oluna bilər. Bu məsələyə dil baxımdan yanaşmaq kifayət edir. Hərdən ya Qurandan, ya hədislərdən, ya da səhabələrindən sözlərindən dəlil gətirirlər. Hətta cahillik dövründə (islamdan qabaq) şairlərin yazdıqları şerlərdən dəlil gətirərdilər. Hazırda dilin özü də dəlil hesab oluna bilər”.

İmamət İSMAYILOVA 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!