Bu gün səhər saatlarında Naxçıvanda aparılan yoxlamalarla bağlı növbəti rəsmi həbs xəbəri yayıldı. Xəbərdə Naxçıvan MR Şəhərsalma və Arxitektura Komitəsinin sədri Rüstəmov Hicran Yaqub oğlunun barəsində məhkəmə tərəfindən həbs-qətimkan tədbirinin seçildiyi və sözügedən şəxsin nə az nə çox, 212 milyon 361 min manat dövlət vəsaitinin mənimsənilməsində ittiham edildiyi vurğulanırdı. Beləliklə bir daha aydın oldu ki, “Naxçıvan prosesləri” davam edir və Muxtar Respublikanın demək olar ki, bütün orqanlarında növbə ilə aparılan yoxlama işləri hələ uzun müddət də davam edəcək.
“”Yeni Sabah” xatırladır ki, biz hələ 30 noyabr tarixində saytımızda dərc etdiyimiz “Naxçıvan xanının sevimli “vəzir”ləri: DTX-nın döyəcəyi xeyli qapı var” başlıqlı yazımızda Naxçıvandakı mənbəmizə əsaslanaraq analiz aparmış, Hicran Rüstəmovun başçılıq elədiyi komitənin başdan ayağa korrupsiya içində olduğunu və yaxın vaxtlarda bu idarədə yoxlanışlar aparılacağını qeyd etmişdik.
Xəbərdən sonra mənbəmizlə yenidən əlaqə saxladıq və bu həbsin ardından nələr baş verə biləcəyi haqda fikirlərini öyrənməyə çalışdıq. Əvvəlcə onu qeyd edək ki, mənbəmiz artıq əvvəlki vaxtlardan daha ürəkli danışır. Naxçıvan camaatının artıq “Xan dönəmi”nin bitməsinə inandığını, aparılan işlərin məntiqi sonluğu kimi Vasif Talıbovun da öz cəzasını alacağına və sistemin tamamilə dəyişəcəyinə ümidli olduqlarından artıq hər kəs doğruları dilə gətirməyə hazırdır. pizza
O, prosesləri daha yaxından izləyən biri olaraq deyir: “Əlbəttə ki, hamımız öncə dövlət orqanlarındakı rəsmi yeyintilərin üzə çıxacağını düşünürdük. Belə də oldu, gömrük komitəsi və maliyyə nazirliyinin ardından indi də Naxçıvanın “Tikinit Naziri” həbs edildi.
Bu həbsdən sonra bütün gözlər digər korrupsiyaya bulaşmış orqana, naxçıvanlıların “Yol Naziri” kimi tanıdığı Bəhruz Əsgərovun rəhbər olduğu NMR Avtomobil Yolları Dövlət Agentliyinə çevrilib. Bu agentliyini sədrinin, illərdir “yol çəkmə” adı ilə dövlətin milyonlarla vəsaitini mənimsəmiş Bəhruz Əsgərovun həbsi xəbəri artıq an məsələsidir. İndi Naxçıvanda hamı bu xəbəri gözləyir.
Amma bununla da bitməyəcək, Təhsil və Səhiyyə nazirliklərində, o cümlədən digər idarələrdəki yeyintilər də artıq ciddi araşdırılır”.
Mənbənin dediyindən belə aydın olur ki, Naxçıvanda bütün dövlət qurumları korrupsiyaya bulaşıb. Səbəb isə sadədir:
“Burada heç kəs birbaşa özü üçün pul yemir, bütün pullar ən yuxarı üçün, “Xan”ın kassası üçün toplanılır. Aşağıların yeyə bildikləri isə, bu toplanan pullardan “bal tutan barmaq yalar” prinsipi ilə onlara çatandır. Amma burada söhbət heç də az puldan getmir. Özlərinə də bir şey çatsın deyə, aşağılar mümkün qədər çox toplamağa və işlər üçün rəsmi ayrılan mal-materialdan da oğurlayıb satmağa başlayırlar. Belə olduqda aşağıdan yuxarı hamı təmin olunsun deyə, ən aşağılar yəni əhali min bir əziyyət çəkir”.
Mənbə Naxçıvanda bütün sahələrdə “yeyinti piramidasının” qurulduğunu və bu piramidanın çox dəqiq mexanizmlə işlədiyini bildirir. Və dediklərinə belə əsaslandırır:
“Məsələn, hər hansı yol çəkilirsə, yola ayrılan pullar yuxarı səviyyədə şişirdilərək yeyilir, daha sonra isə bu yol üçün rəsmi ayrılmış pulların yeyilməsinə başlanılır.
Sadə bir misalla aydınlıq gətirək. Deyək ki, Ordubad – Culfa istiqamətində kəndlərin hansınasa yol çəkilir. Bu zaman “Yol Nazirinin” qara işlərinə baxan Hidayət adlı müavini və onun Yaşar adlı Culfa yol idarəsinin rəisi olan qaynatası iş başına keçir. Yol çəkilişindəki işçilərin sayı qatbaqat artıq yazılır, işçilərə yazılan əmək haqqlarından kəsilir. Ayrılmış mal- materialın böyük hissəsi oğurlanır, satılır. Yol kənarında görüləcək işlər şişirdilərək göstərilir. Bütün bunlardan və əlavə işlərdən çıxan pullar yerli yol idarəsinin rəisləri tərəfindən, bizim misalda o adam Yaşardır, müavinə, yəni Hidayətə ötürülür. Təbii ki, burada xeyli hissə mənimsənilir. Müavin də oğurlaya bildiyi qədərini oğurlayıb öz rəisinə, Bəhruz Əsgərova ötürür. Beləcə yeyilən pullardan hərəyə bir miqdar çataraq ən yuxarıya göndərilir”.
Mənbəmiz təəccübümüzü görüb davam edir.
- Siz tərəfdə (Azərbaycanın digər rayonları nəzərdə tutulur) kənddə məktəb direktoru və ya kənd icra hakimi işləyən şəxs Bakıda özünə ev və ya evlər ala bilərmi? Bəli, bizdə bu vəzifələri tutanların böyük hissəsi Bakıda ev- eşik sahibi olub. Məktəb direktorları məktəblərdə yazılan amma deyilməyən dərslərin, dərnəklərin hesabını aybaay yuxarıya çatdırır. Beləliklə özünün də elədiyi kiçik korrupsiyalara göz yumulur. Eyni ilə də, icra nümayəndələri. DTX tərəfindən aparılan yoxlamalar rayonlara və kəndlərə qədər çatsa, çox şeylər ortaya çıxacaq. Hər hansı kənddə bircə adamı çağırıb sual-cavab etmək kifayətdir ki, o kənddəki məktəb direktorunun, icra nümayəndəsinin nə işlərdən çıxdığı bir anda ortaya çıxsın. Burada məktəblər “təhsil piramidasına”, icra nümayəndələri isə “icra hakimiyyəti piramidasın” aylıq hesab verir.
Sonda bir daha “növbədə kim ola bilər?” sualına qayıdan mənbə “burada vəzifədə işləyənlərin əksəriyyəti istəyərəkdən və ya istəməyərəkdən korrupsiyaya bulaşıb. Təbii ki, əvvəl “böyük balıqlar” nəzərə çarpır və götürülür, amma köklü dəyişiklikdən söhbət gedirsə, xeyli adam vəzifəsini itirə və ya məsuliyyətə cəlb edilə bilər.
Telegram kanalımız