Bu gün hamı şeir yazır - məmurlar və deputatlar, akademiklər. sürücülər, sağıcılar, tələbələr. Bəs görəsən, hər kəs niyə qələmə sarılır?
Başqa sahələrdə uğur qazanmayanlar düşünür ki, şeir yaza və bununla da öz ictimai statuslarını artıra bilərlər, yoxsa bu bekarlıqdır?
Məsələ ilə bağlı Yenisabah.az-a danışan yazıçı Şərif Ağayar bunun daha çox bekarçılıqdan irəli gəldiyini deyib: Sezar pizza
“Mən istərdim hamı yazsın. Amma şeir yox. Xatirə, gündəlik, memuar, avtobioqrafik hekayə, məktub, məqalə... Şeir daha çox bekarçılıqdan, ümidsizlikdən, kasıblıqdan, sentimentallıqdan və şöhrətpərəstlikdən yaranır. Həm də yazılmır, sadəcə ağla gəlir, deyilir. Bizim kvadrat şeirlərin çoxu yazılı düşüncə məhsulu deyil. Bəlkə, heç düşüncə məhsulu deyil. Modernləşə bilməmək əlamətidir bu. Təbii, mən ciddi şairlik istedadından danışmıram, kütləvi lirika psixozundan danışıram”.
Yazıçı hər kəsin şair olmasının doğru olmadığını bildirib:
Statistik azərbaycanlının içində ya bir aşıq, ya bir qəzəlxan, ya bir meyxanaçı mütləq var. Bir az içən kimi o saat üzə çıxır. Bu epidemiyanın az yayıldığı bölgəmiz Naxçıvandır. Sazdan, muğamdan və meyxanadan bəlli məsafə saxladıqları üçün oradan elm və dövlət adamları daha çox çıxır. Elə iş adamları da. İzafi həssaslıq əsəb xəstəliyidir. Bizdə çox zaman bununla istedadı qarışdırırlar. Hətta bəzən yaşlı yazıçılarımız da qocalanda bu azara tutulur. Biri bığ qoyur, biri qəzəl yazır, biri bayatı çəkir. Məncə, şair xalq ifadəsini ilk işlədən adam bizimlə məzələnib. Bir xalq niyə şair olsun axı? Tutalım oldu, bu bəladan yayına bilmədi, bəs bununla fəxr eləmək hansı ağılın və ya ağılsızlığın məhsuldur? Mən mənə güvənən şəxslərə, xüsusən gənclərə epiqon şeirdən qorunmağı məsləhət görürəm. Yoxsa bir də ayılacaqlar ki, rayonlarının, yaxud kəndlərinin adını təxəllüs götürüb hansısa şadlıq evində ağızlarından tüpürcək saça-saça yersiz sentimentlə yüklənmiş əyalət şeirləri oxuyurlar”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız