Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, müəllimlərin sertifikasiya imtahanında iştirak edən 11 min müəllimdən 2 mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilməyib.
Bu müsahibədən qısa müddət öncə isə nazir Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bildirmişdi ki, 469 müəllim sertifikasiyada “anbar”, “şənbə” və “pambıq” sözləri verilmiş test tapşırığında sözün düzgün yazılışını tapa bilməyib.
Maraqlıdır, müəllimlərin sadə tapşırıqları yerinə yetirə bilməməsində məsuliyyətli kimdir? Dördpendirli pizza
Mövzu haqda “Yeni Sabah”a danışan Milli Məclisin deputatı Etibar Əliyev bildirib ki, məsuliyyətin böyük hissəsini müəllim hazırlayan ali məktəblər daşıyır:
“Həmin o 2000 müəllimi qruplaşdırmaq lazımdır. Yeni ali məktəbi bitirən müəllimlər qrupuna daxildirsə, burada məsuliyyəti müəllim hazırlayan ali təhsil məktəblər daşıyır. Biz dəfələrlə demişik ki, ölkəyə savadlı müəllimlər lazımdır, çox bərbad vəziyyətdir. Keçirilən fənlərin proqramları köhnə proqramlardır.
Dərsliklər də yazılmır. İstər təbiət elmlərindən, istərsə də ədəbiyyat, Azərbaycan dili fənləri demək olar ki, dərsliklər yazılmır. Müəllim hazırlayan ali məktəblərdə dərslərin keyfiyyəti indiyə qədər normal şəkildə qiymətləndirilməyib, akkreditasiya aparılmayıb. Əgər bunlar köhnədən işləmiş müəllimlərdirsə, görünür ki, müəllimlərin təkmilləşməyə cəlb olunmaları formal xarakter daşıyır. Müəllimlər təkmilləşmək istəmirlər. Özləri özlərini təkmilləşdirmirlər.
Əgər onlar belə sadə riyazi bir məsələni həll edə bilmirlərsə, neçə illərdir deməli bu məsələnin həllini uşaqlara öyrədə bilməyiblər. Nazir bunu cinayət kimi xarakterizə edib. Bəli, belədir.
Əgər müəllim çoxdanın müəllimidirsə, onda o, təkmilləşməyə cəlb olunmayıb (cəlb olunubsa, lap pis), ən əsası isə özü-özünü təkmilləşdirməyib. Ali məktəblərin birində "Kimya" imtahanında tələbələrdən Xlorun (Cl) və Dəmirin(Fe) valentliyini soruşdum, bilən olmadı. Müəllim hazırlayan Ali məktəblərn birində isə 4 -cü kurs "Fizikanın tədrisi metodikası" dərsində isə məşhur Maks Plank düsturunu soruşdum, bunu da bilən olmadı. "Fəlsəfə" fənnindən keçirilən imtahanın sualları isə bizim ötən əsrin 80-ci illərində keçdiyimiz cəfəngiyyat bir elm olan "Dialektik materializm"in sualları idi.
Azərbaycan universitetlərinin 2005-cu ildən Bolonya bəyannaməsinə qoşulmasına baxmayaraq, hələ də təhsilin keyfiyyətinin düzgün qiymətləndirilməsi aparılmır. Ayrı-ayrı sahələr üzrə akkreditasiya həyata keçirlirmir.
Nazirin proqnozu fərqli idi, nazir mətbuat konfransında belə bir fikir söylədi ki, sertifikasiya imtahanında müəllimlər 95 faizdən çox nailiyyət qazanacaqlar. Ancaq belə olmadı. 2000-dən çox müəllim kəsildi. Kəsilən müəllim ibtidai sinif pilləsində, təhsilin əsas başlanğıc pilləsində necə biliklər öyrədə bilər? Onun təfəkkürünü necə inkişaf elətdirə bilər? Bu problemlər üçün müəyyən dinləmələr keçirmək lazımdır. Bu problemlərin həllinin tapılması istiqamətində addımlar atılmalıdır. Yoxsa 21-ci əsrdə savadsız müəllim kütləsi ilə hansı səmtə gedirik?”
Deputat bildirib ki, məktəb rəhbərliyi də dərslərdə keyfiyyət tələb etmir:
“Mən Mikayıl Cabbarovu təhsil islahatçısı kimi xarakterizə edirəm. O təhsil naziri təyin olunanda 2000-dən çox saxta diplomlu müəllim məktəbdən kənarlaşdırıldı. Bu çox böyük bir iş idi. Mikayıl Cabbarov bunu bacardı.
Ancaq düşünmürəm ki, məktəblərdə saxta diplomlu müəllimlər qalmış olsunlar. Kəsilən müəllimlər kollec məzunları, ali məktəbləri müəyyən əlaqələrlə, tapşırıqlarla təhsil alıb bitirənlər, bir ali təhsil müəssisəsindən başqa bir təhsil müəssisəsinə köçürülənlər, və s. kimi müəllimlər ola bilər. Bu gün müəllim hazırlayan ali təhsil müəssisələrində çox ciddi problemlər var. Pedoqogikanın tədrisində, psixologiyanın tədrisində, fənlərin tədirisində dərsliklər yox dərəcəsindədir. Olan dərsliklər də çox çətin yazılıb, tərcümələrdə ciddi qüsurlar var. Bundan əlavə məktəb rəhbərliyi keyfiyyət tələb edə bilmir. Çünki məktəb rəhbərlərinin özləri də təsadüfən təyin olunmuş məktəb direktorlarıdır”.
Məktəblərdə müəllim çatışmazlığından söz açan deputat bildirib ki, müəllim az balı toplayıbsa onu hər halda işə götürmək lazımdır:
“Rayon məktəblərinin çoxunda fənləri tədris edən müəllimlər çatmır. Bir neçə rayonda şahidi olmuşam ki, coğrafiya müəllimi riyaziyyat dərsini deyir. Biologiya müəllimi kimya dərsini deyir. Bu məsələlər bir masa arxasında oturub düşünülməlidir. Biz məktəbləri müəllimlə təmin edə bilmirik.
Sovet vaxtında təyinat məsələsi var idi. İndi təyinat yoxdur. Ancaq hansısa əlavə stimullaşdırıcı tədbirlər görülməlidir. Pozitiv addımlar atılmalıdr ki, sinif boş qalmasın. Fənləri fənn müəllimləri tədris etsin. Bunun özü də ciddi bir məsələdir.
Bu gün müəllim əməkhaqqının azlığından gileylənə bilər. Ancaq onun əməkhaqqının müqabilində keçdiyi dərsin keyfiyyəti nədən ibarətdir? Biz çox vaxt dünya müəllimlərinin əməkhaqqı ilə bizim müəllimlərin əməkhaqqının qüsurlu müqayisəsini aparırıq. Bax budur, 2000 müəllimimiz sadə riyazi bir məsələni həll edə bilmir. Ancaq inkişaf etmiş ölkələrin əməkhaqqını istəyir. Bütün kənd məktəblərini müəllimlə təmin etmək lazımdır. Əgər hansısa müəllim az bal toplayıbsa və cüzi balı çatmırsa onu yenə də, məktəbə işə götürmək lazımdır. Növbəti dəfə imtahan verə bilər. Hər halda sinfin boş qalması müəllimin kənarda qalmasından qat-qat pis haldır. Balına baxmayaraq, həmin müəllimləri məktəbə işə götürmək lazımdır. Aşağı bal toplayıbsa, növbəti dəfə imtahan verməyinə şərait yaratmaq lazımdır”.
Nəzrin Cavadzadə
Telegram kanalımız