Nazirin göz yaşları...

saytların hazırlanması

Evə çatdırılma

Nazirin göz yaşları...

Yazar

21 Yanvar 2024 13:36 16944


İsti yay günü idi. Jurnalist xəbər qıtlığı çəkirdi. Sosial şəbəkələrdə eşələnir, üzünü rəhbərlik yanında ağ edəcək nəsə axtarırdı. Elə bu dəm telefonuna zəng gəldi... 

- Bəli, Gülçiçək xanım! 

Zəng edən çoxfunksiyalı bir nazirliyin mətbuat xidmətinin rəhbəri idi.  Dominos pizza

- Salam müəllim. Necəsiniz? Sizə bir söz deyəcəm, heç kim bilməsin. Cənab nazir sizinlə görüşmək istəyir. Bu gün saat 12.00-da nazirlikdə ola bilərsiniz? 

Jurnalistin çiçəyi çatladı. Yayın bu istisində, şənbə günü, xəbər olmayan bir vaxtda nazirin onunla görüş istəyi maraqlı ola bilərdi. İndiyə kimi nazirlə təkbətək görüşü olmamışdı. İndi onunla görüşmək istəyirsə, deməli çox möhtəşəm bir xəbər verəcək. Partladacaq. Gündəmi dəyişəcək.

- Əlbəttə. Dərhal gəlirəm.

Ofisdən çıxdı. 12-nin yarısı idi. Yarım saata nazirliyə çatmalı idi. 

Nazirlik binasında onu Gülçiçək xanım qarşıladı. İstirahət günü olduğundan binada heç kim yox idi. Birbaşa nazirin qəbul otağına apardı. Otaqda yarımdairə stolun arxasında 7 stul vardı. Bir stul başda, digərləri ətrafında idi. 

Jurnalist ətrafda olan stullardan birində əyləşib otağa göz gəzdirdi. Birinci dəfə idi bu otaqda olurdu. Kabinet o qədər də dəbdəbəli deyildi. Sadə demək olardı. Stol, stul ucuz mebellərlə təchiz olunmuşdu. Otaqda çoxlu sayda dibçək bitkiləri vardı. Orta məktəblərin təbiətşünaslıq sinfinə oxşayırdı. Zalın iki qapısı vardı. Biri qəbula gələnlər, digəri nazirin özü üçün - kabinetindən birbaşa zala açılırdı. Həmin qapının üzərinə dəridən örtük çəkilmiş, romb şəklində düymələr tikilmişdi. Bu, qapını çox əzəmətli göstərirdi. 

Elə bu müşahidələr zamanlı həmin dəri üzlüklü qapı açıldı. Cənab nazir qəbul otağına daxil oldu. Sport geyimdə idi. Jurnalistlə çox isti görüşdü, müxbiri bağrına basdı, o üzündən, bu üzündən öpdü. Jurnalist bu səmimiyyətdən özünü itirdi. Nazir stolun yuxarı başında deyil, jurnalistlə üzbəüz stulda əyləşdi. Mətbuat xidmətinin rəhbərinə nəzakətlə dedi ki, mümkünsə, onu jurnalistlə tək buraxsın. Gülçiçək xanım kübarcasına otağı tərk etdi. Nazir qısa hal-əhval tutandan sonra söhbətə başladı və tam 1 saat ərzində demək olar təkbaşına nitq söylədi: 

- Mənim ürəyim doludur. Heç kimə danışa bilmirəm. Yazdığın yazıları izləyirəm. İstəyirəm ki, mənim haqqımda da məlumatın olsun və bunu mənim öz dilimdən eşidəsən. Mən heç vaxt vəzifə, kreslo dərdində olmamışam. İndi də deyiləm. 20 ilə yaxındır ki, bu nazirliyin rəhbərliyini mənə tapşırıblar. Elə bilirsiniz ki, mən bundan çox xoşbəxtəm. Qətiyyən. Məndən elə bir şəxs xahiş edib ki bu nazirliyə rəhbərlik edim, yox deyə bilməmişəm. Çünki mən çox vətənpərvər adamam. Bu vətənin hər bir daşı, ağacı, dağı, dərəsi mənim üçün əzizdir. Necə ki o ağacların yaşaması üçün münbit hava şəraiti lazımdır, mənə də vətənimizin bütövlüyü o qədər vacibdir. 

Hə, nə deyirdim. 20 il əvvəl məndən xahiş edildi ki, bu sahəyə nazirlik edim. Lakin çətindir. Siz elə bilirsiniz ki, burada baş çıxarmaq asandır? Elə bilirsiniz ki, burada kef edirik. Bütün günü onunla didiş, bununla didiş. Təkcə bu Gülçiçəklə dil tapmağın özü zülmdür. Bu nazirlikdə işləyən sıradan şəxs yoxdur. Hamı kiminsə adamıdır. Kiməsə dəymək mümkün deyil. İş tapşırmaq müşküldür. Yəni vəziyyət kənardan göründüyü kimi deyil, bezmişəm. 

Nazir danışdıqca daha da alovlanırdı... 

- Rusiya sərhədi bir tərəfdən, İran sərhədi bir tərəfdən... Bilmirik nəylə məşğul olaq, hansı problemi həll edək. Açıq desəm, bu mənə lazım deyil. Günü bu gün çıxıb getmək istəyərəm. Onsuz da bir qəpik xeyrim yoxdur. Əksinə, bu vəzifə mənim əlimi qolumu bağlayıb. Yoxsa mən çox uğurlu iş adamıyam. Öz bacarığımla ildə bir milyon qazana bilərəm. Bəs bu nazirlik mənə nə verir? Heç nə. Əksinə məndən alır. Günümü, malımı, vaxtımı və ömrümü... 

Nazir o qədər alovlu danışırdı ki, jurnalistin ağzı açıq qalmışdı. Elə bilirdi ki bunların hamısını ona işlədiyi saytda məqalə yazmaq üçün deyir. Ona görə də nazirin hər sözündə başlıqlar axtarır, məqalə ilə ölkə gündəmini dəyişəcəyini düşünürdü. Nazir davam etdi: 

- Düşmənlər hər tərəfimizdədir. Rusların haradan hücum edəcəyini bilmirik. Havadan, qurudan, yoxsa sudan. Bəlkə də Böyük Qafqaz Sıra dağlarından alpinist desantları ilə ölkəmizə girəcəklər?! Bilmirik. Bilmədiyimiz üçün də bu məni narahat edir. Məndən olsa, hər gecə gedib sərhədimizdə dayanaram. O soyuqda dayanan əsgər balalarımızı evə göndərərəm. Mən belə bir adamam. İçim göynəyir o uşaqlar üçün. (Bu yerdə nazirin səsi titrədi, iki damla göz yaşı diyirlənib yanağında dayandı. Müəllim onlara toxunmadı, elə yanağındaca qalıb qurudu). 

Lakin mənim əlimi qolumu bu vəzifəyə təyin etməklə bağlayıblar. Dəfələrlə demişəm, buraxın məni, nəzərə alan yoxdur. Çox vicdanlı adamam. Bu günə qədər dövlətin nəinki bir qəpiyinə dəyməmişəm ona heç ehtiyacım da olmayıb. Haram nə deməkdir bilmirəm. Bizim nəsildə haram olmayıb. Yoxsa o biri nazirlər kimi. Dövlətin pulunu sağa-sola xərcləyirlər. Mən onlar kimi deyiləm. Həyatımda hər zaman dürüst olmuşam. Bax elə indi, bu gün sizinlə görüşürəm. Yeri gəlsə, şənbə günüdür, işdə olmalı deyiləm. Amma işdəyəm, sizinlə görüşürəm, sonra başqa bir qəbulum var. Onu da bil ki mən işə piyada gəldim. Başqaları kimi mühafizəçilərim yoxdur. Düzdür sürücüm var, amma çox vaxt ona əziyyət vermirəm. Mən bunu göstəriş üçün etmirəm. Beləyəm. Başqa cür ola bilmirəm. 

Nazir danışır, jurnalist bu deyilənləri yaddaşına möhür kimi həkk edirdi. Bir neçə dəfə jurnalist ağzını açıb nəsə deməyə çalışdı. Amma nazir imkan vermədi...

- Mənim danışa biləcəyim, etibarlı yaxınım yoxdur. Ona görə də ürəyimi sizə boşaltdım. Deyiləsi sözlər çoxdur. Sizə saatlarla danışa bilərəm. Mən bu söhbəti ona görə edirəm biləsən ki, mən kənardan göründüyü kimi deyiləm. Və bir də bu danışdıqlarım ikimizin arasında qalmalıdır. Heç kimə heç nə demə və heç nə yazma. Bircə kəlmə də yazma...

Elə bil jurnalistin başına daş düşdü. Bəs düz bir saatdır mən bu söhbətə niyə qulaq asıram. Axı mən belə söhbətləri çox eşitmişəm, amma onların heç biri mənə axırda deməyib ki bu söhbət yazmaq üçün deyil. Onlar əvvəlcədən deyilənlərin yazılmamasını rica ediblər.

Əlqərəz jurnalist bu işdən çox narazı, günü bu gün vəzifəsini tərk etmək istəyən nazirlə çox kədərli şəkildə ayrıldı. Çünki yazmağa heç nə yox idi. Eyni zamanda nazirin ona ürək qızdırıb "içini tökməsi" xoşuna gəlmişdi. Az qala gözündə peyğəmbər dərəcəsinə yüksəlmişdi... 

Aradan cəmi 10 gün keçdi. Mətbuatda ölkə rəhbərinin sərəncamı dərc olundu. Müəllim tutduğu nazir vəzifəsindən azad olunsun...

Nazirin duaları qəbul olunmuşdu.

Sərəncamdan dərhal sonra onun var-dövlətinin, ayrı-ayrı ölkələrdə olan əmlaklarının, otel və restoranlarının siyahısı yayıldı. Övladlarının adına olan çoxsaylı şirkətlər üzə çıxdı. Müəllimin imici yerlə bir olmuşdu. Nazirə nəzir vermək istəyən jurnalistin isə əli üzündə qalmışdı. Heç nə itirməsə də özünü aldadılmış kimi hiss edirdi. 

Amma az sonra eşitdi ki, sən demə, bu söhbətlər həmin nazirin hobbisi imiş. Hər şənbə bir jurnalisti çağırıb "ürəyini boşaldırmış"... 

Elnur Məmmədli 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!