Nə bilim Vallah!

Nə bilim Vallah!

Yazar Veb saytların hazırlanması

27 Aprel 2020 10:02 1865


“Yeni Sabah” yazıçı Nicat Həşimzadənin “Nə bilim Vallah!” hekayəsini təqdim edir:

Darıxdığım zaman pəncərərəmizdən məhəlləmizi müşahidə edərəm. Xüsusən də yay aylarında adam daha çox darıxır, əsəbləri gərginləşir. Yay aylarında məhəlləmizi və məhəllə sakinlərini izləməyə daha çox zamanım olur. Deməli, kişilər xeyir-şər evinin kiçik bir zalına toplaşıb gecə 3-ə, 4- ə qədər domino, nərd oynayırlar. İçəri tüstü-duman. Nəfəs kəsilir. Amma bu duman içində söhbətləşməkdən, oyun oynamaqdan həzz alırlar. Bəzən tənbəllik etməyib saatı izləyirəm və dəhşətə gəlirəm ki, 6-7 saat boş zamanı necə tapırlar görəsən? Xeyir - şər evinin ətrafında ağaclar var. Ağaclar quruyub gedir, amma bunların vecinə deyil. Dominodan, nərddən, siqaretdən başları ayılmır. Oturduqları stullar da, skamyalar da bərbad haldadır. Onları da düzəltməyə ərinirlər. Bir-iki dəfə həvəsimə tabe olub qoşulmuşam bu kişilərin məclisinə. El arasında bir söz var e: İt kimi peşman olmaq. İnanın Allaha, mən ondan da betər hala düşdüm. İndi vəziyyəti mənə deyilən cümlələrlə izah edəcəm:

- Bala, düz eləmədin e, müğənni Cəmilə sənə nə pislik edib ki, ona cavab qaytarırsan.

- Oğul, Əli Mirəliyev düz deyir də, dünya görmüş kişidir. Niyə ona etiraz eləyirsən?

- El -bizim, sirr bizim verilişində gördüm səni. Ordan sənə pul verirlər?

Nicat, bilirsən ki, atanın xətrono hamımız istəyirik, sən atanın canı düzün de. Televizora çıxmaq üçün pul verirsən?

- Nicat, verilişdə danışanda əllərini elə tutma, adamın arvadı öləndə əllərin elə tutur. ( Əllərimi sinəmdə çarpaz tutmağı nəzərdə tutur)

- Keçən verilişdə bir xanım gəlmişdi e,  o qadın o məsələdir, hə?

- Mənə bax e, onun nömrəsi olmaz səndə?

Mövzu qəflətən yenə Əli Mirəliyevə gəldi.

- Əli müəllim yaxşı kişidir, amma əsəbidir də. Yaşlı adamdır. Məncə də düz eləmədin, Nicat.

- Mənə bax e, bütün verilişlərdə də eyni köynəklərdəsən, problem varsa, çəkinmə e, de.

Başa düşdüm ki, bura gəlməklə çox böyük qələt eləmişəm. Repressiya illəri olsaydı, məni gülləsəydilər bundan daha yaxşı olardı. Dözə bilmədim, dedim ki. təcili getməliyəm, bağışlayın.

Eynən bu adamlar hər zaman deyirlər ki, indiki gənclik pozulub Gənclər tərbiyəsizdir. Özləri tin ağsaqqalı olmaqdan başqa işə yaramayan belə adamlar sadə qeybətlə məşğurlar.

Əziz və dəyərli tamaşaçılar, reklamlardan sonra Milyonçu şou davam edir:

Dərdoğlan müəllim sualımız belədir:

- Karantin günlərindən sonra məmləkətimizin halı necə olacaq.

a) İnşallah

b) Maşallah

c) Eyvallah

d) Nə bilim, Vallah.

- Dərdoğlan  müəllim, sizin sadəcə bir kömək şansınız qalıb, dosta zəng.

Bəli, mən köməkdən istifadə etmək istəyirəm.

Dostu Münəccim müəllimə zəng edir.

- Münəccim salam, Milyonçu şoudayam, bir sualda kömək lazımdır.

-Aha oxu sualı.

Dərdoğlan  Sualı və variantları oxuyur. 30 saniyə var, tez cavab ver.

Aparıcı:

Vaxt bitir, cavab lazımdır.

Dərdoğlan:

- Münəccim tez ol vaxt bitir, sualın cavabı nədir.

Münəccim cavabı bilmir,  tez-tələsik deyir:

- Nə bilim, Vallah.

Aparıcı və Dərdoğlan çaş-baş qalırlar:

Aparıcı: Məncə cavabı tapa bilmədi. Cavabı bilməmək mənasında "Nə bilim, vallah" dedi.

Dərdoğlan: Nə bilim, Vallah?

Aparıcı: Siz cavabı təsdiq edirsiz?

D: Yox e, nə cavab. Deyirəm ki, yəni nə bilim Vallah. Dəqiq bilmədim, cavab kimi deyir, yoxsa cavabı bilməmək anlamında deyir.

A: Cavab verin, vaxt bitib.

D: Cavab d, Nə bilim, Vallah.

Studiyada zəfər siqnalı eşidilir. 

A: Təbriklər, Dərdoğlan müəllim. Cavab doğrudur.  Siz 190 manatı qazandınız.

Dərdoğlan sevinir, gözərindən yaş axır. Axşam uşaqlarına şokolad alacaq. Ən azı bir neçə gün utandığından evə gecələr, uşaqlar yatandan sonra gəlməyəcək.

Bəli, əziz dostlar, məmləkətimizin vəziyyəti "Nə bilim, Vallah" olacaq.

Nicathesimzade.blogspot.com

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!