Uzun illər əsirlikdə qalan torpaqlarımız unudulmaz şəhid oğullarımızın, şanlı ordumuzun, prezidentimizin sayəsində azad olmuşdur. Şəhidlərimizə Allahdan rəhmət, onların ailələrinə səbr diləyir, qazilərimizə cansağlığı arzulayıram. Bütün köçkünlər kimi mən də o yerlərin həsrətində olmuş, ana torpağın dərdini çəkmişəm. Nə vaxt köç dedilər, dərhal 25 il yaşadığım uşaq bağçası ilə vidalaşıb yola düşəcəyəm.
Hələ ki, bu barədə dövlət səviyyəsində heç nə deyilməyib. Amma müxtəlif adamların dediklərini mətbuatdan oxuyuram. Onların da fikirləri bir-birinə uyğun gəlmir. Bir neçə gün bundan əvvəl bir məktubda oxudum ki, dövlət hesabına rayon mərkəzlərində yeni küçələr salınacaq, evlər tikiləcək, hamı kompakt halda yaşayacaq. Yəni Cocuq Mərcanlıda olduğu kimi.
İki gün bundan öncə isə bir hüquqşünasın yazdıqları ilə də tanış oldum. O, yazır ki, məcburi köçkünlər arasında yurd-yuvalarına qayıdıb şəxsi vəsaiti hesabına özünə şərait yaratsaq, dövlətdən yardım gözləmədən özləri bərpa işlərinə başlayacaq. Görünür həmin hüquqşünas köçkünlərlə görüşmədən, onların nə vəziyyətdə yaşadıqlarını bilmədən bunları deyir. Bilsə o cür fikirlər irəli sürüb dövləti inandırmağa çalışmaz. Bəlkə də imkanı olanlar bunu edə bilərlər. Axı heç də hamının imkanı yoxdur. 70-80 faiz köçkünlə söhbət aparılsa heç kim öz vəsaiti hesabına ev tikəcəyini dilinə gətirməz. Onlar dövlətdən yardım umacaqlarını deyərlər.
Mən Cəbrayıl rayonundan məcburi köçkünəm. Qaçqınlıq düşəndə 2 mərtəbəli evim var idi. Onu bir neçə ilə öz zəhmətimlə tikmişdim. Onun mismarını da əməkhaqqımla almışdım. Bir sözlə, tikinti üçün halal pul xərcləsəm də qismət olmadı. İndi o evi necə tikə bilərəm. 77 yaşım var. Aldığım pensiya ilə rayonda ev tikim, yoxsa pulu dərmana, yeməyə verim?
Çoxları deyir ki, ermənilər yeri elə düzləyiblər ki, sakinlər gedib evlərinin yerini tapa bilməzlər. Mənim evim məşhur yerdədir. Həyət darvazam rayonun mərkəzi küçəsinə açılırdı. Evim 4 mərtəbəli yaşayış binasının üst tərəfində idi. Həmin bina ilə həyətyanı sahəmin arasından yol keçir. Televizorda görmüşəm, həmin binaya dəyilməyib, salamatdır. Həyətyanı sahəm 30 sotdan çoxdur. O yurd mənə babamın babasından qalıb. Necə razı olaram ki, kimsə gəlib ata-baba torpağımda ev tiksin?! Orda doğulub böyümüşəm, orda yaşamışam, ömrümün axırına kimi də yaşayacağam. Məndən sonra da övladlarım o torpağın sahibi olacaqlar. Ata-baba torpağım özümə qaytarılsın. Ömür vəfa versə dövlətimizin köməyi ilə orada hər cür şəraiti olan yaraşıqlı ev tikib yaşayacağam.
Dediklərimi ataların bir məsəli ilə bitirmək istəyirəm: 124 min peyğəmbərə yalvarınca bir Allaha yalvar. Bəli, ölkə prezidentinin nə deyəcəyini, necə qərar verəcəyini gözləyirəm. Prezidentimizin ata-baba yurdunda yaşayış evi tikmək istəyənlərin arzularını nəzərə alıb onlara köməklik göstərilməsi barədə lazımi göstərişlər verəcəyinə inanıram.
Sərməst Seyidəliyev,
Cəbrayıl rayonundan məcburi köçkün
Telegram kanalımız