Neqativləri kim gizlədir? – “Prezident açıq mətnlə, ürək ağrısı ilə söylədi ki...”

saytların hazırlanması

Evə çatdırılma

Neqativləri kim gizlədir? – “Prezident açıq mətnlə, ürək ağrısı ilə söylədi ki...”

Siyasət

12 İyul 2023 16:56 2522


“Məncə, hökumətin tərkibində kadr islahatları, yaxud müəyyən dəyişikliklər aparmaqla məsələni çözmək mümkün deyil”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) Fazil Mustafa deyib.

Millət vəkili ölkə Prezidenti İlham Əliyevin ötən gün 2023-cü ilin yarım rübü ilə bağlı keçirdiyi müşavirədə Söyüdlü hadisələri bağlı çıxışından sonra məmurları sərt tənqid etməsinə, habelə ölkədə kadr islahatları ilə bağlı yaranmış çağırışlara münasibət bildirib. Sezar pizza

BQP sədri söyləyib ki, Prezidenti açıq mətnlə danışdı, ürək ağrısı ilə söylədi ki, mənə bir çox məsələləri məruzə etmirlər:

“Niyə məruzə etmirlər, çünki məruzə edilsə, gerçəkliklər göstərilsə, nə qədər acınacaqlı durum olduğu görünəcək. Məsələn, təqaüdçülərin düşdüyü vəziyyət, onların bir sənədi alması üçün çəkdiyi əziyyətlər, yaxud əlilliyin müəyyən olunması ilə bağlı problemlər aydınlaşsa, onda görünəcək ki, nə qədər vətəndaşa böyük əziyyətlər verilir. Çox sayda insanların problemləri bu sahədə gündən-günə artmağa başlayır. Məsələnin mahiyyəti budur”.

Deputat iddia edib ki, narkomaniyanın gerçək vəziyyəti ilə bağlı da Prezidentə məruzə olunsa, onda nə qədər acı bir durumda olduğumuz görünəcək:

“Xəstəliklərin, eləcə də xəstəxanalardakı vəziyyət məruzə olunsa, onda bütün həqiqətlər görünəcək. Xəstəxana qapılarında bu gün minlərlə insan durur. Bir dənə müayinə aparatına düşmək üçün 2-3 aylıq növbə gözləyən xəstələrin sayını məruzə etsələr, onda görünəcək ki, hansı durumdayıq. Həmçinin, dərman mafiyasının Azərbaycanın başına gətirdikləri görünsə, dərman qiymətləri ilə bağlı məruzə olunsa, onda görərik ki, durum nədir”.

Partiya sədri aydınlaşdırıb ki, ekologiya ilə bağlı da eyni vəziyyətdir:

“Təsəvvür edin ki, Xəzər dənizinə tutulan divan Prezidentə məruzə etsələr, hər şey öz həllini tapar. Çünki dünyanın heç bir ölkəsində dənizin sahili bu qədər hasarlanmayıb, əhalidən gizlədilməyib. Ona görə də yüzlərlə məsələ var ki, bunlar məruzə edilsə, bu, daha fərqli situasiyalar yaradar. Çünki ölkə Prezidentin xalqın problemlərinə həssaslığını hər kəs bilir. Dərhal buna reaksiya verən, bunun düzəldilməsinə çalışan bir anlayışla ölkə başçısı qərarlar qəbul edir. Amma hər bir sahənin adamları ancaq özlərini qorumaqla məşğuldurlar. Yəni birdən bunu deyərəm, xoşa gəlməz, birdən deyərəm, mənim nöqsanım kimi görünər və s”.

F. Mustafa onu da vurğulayıb ki, hər sahədə nöqsan ola bilər, amma bu nöqsan söylənməli və müzakirə olunmalıdır:

“Ondan da nəticələr ortaya qoyulmalıdır. Ona görə də belə yarıtmaz kadrların sayə kifayət qədər çoxdur. Ayrı-ayrı sahələrdə, idmandan tutmuş digər peşəkar sahələrə qədər əksəriyyətində, o cümlədən universitetlərdə vəziyyətin acınacaqlı olduğu söylənilməlidir. Yəni dövlətin ayrı-ayrı institutlarının, müəssisələrinin nə qədər ağır vəziyyətdə qaldığını söyləmək lazımdır. Ölkə gələcəyi üçün bunu deməlidirlər”.

Müsahibimiz qeyd edib ki, xüsusilə də Qarabağ məsələsini həll edən bir dövlət başçısının “mənə məruzə etmirlər” deməsi, əslində, məmurlara xəcalət çəkmələri üçün verilən ən böyük mesajdır:

“Əgər biz bu nöqsanları ortadan qaldırmasaq, bu, gələcəkdə daha da çətin olacaq. Ona görə də yerində olan kadrlar məsələsinə baxılmalı, bu müzakirə olunmalıdır. Çünki tamamilə ixtisasa dəxili olmayan kadrlar ayrı-ayrı sahələrdə 1-2 il geriləmə yaradandan sonra həmin sahəni dövlət yenidən qaldırmağa çalışır. Biz 30 ildə buraxılmış imkanları boşa verdiyimiz üçün bu gün bir çox sahələrdə bunun əziyyətini çəkirik. Məsələnin mahiyyəti budur”.

Milli Məclisin deputatına görə, orta məktəblərdəki vəziyyətdən tutmuş başqa halların da doğru məruzə olunması, məncə, yerində olardı:

“Çünki bütün sahələrdəki yarıtmaz kadr anlayışı ölkənin problemlərinin artmasına səbəb olur. Bunun da zərbəsi dövlətə dəyir, eləcə də Prezidentin çəkdiyi əməklərin üzərinə kifayət qədər ciddi kölgə salır. Çünki XXI əsrdə mümkün olmayanı edib Qarabağı azad etmişik. Amma Qarabağı azad etsək də, Azərbaycanı məmur laqeydliyindən azad edə bilməmişik”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!