Bakı şəhəri Nərimanov rayonu F.Xoyski prospekti 83 ünvanında yaşayan sakinlər Prezident İlham Əliyevə, Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizova, Nərimanov rayon icra hakimiyyətinin başçısı Elgin Həbibullayevə və Milli Məclis sədrinin müavini Adil Əliyevə müraciət ünvanlayıblar.
Sakinlər adından “Yeni Sabah”a daxil olan müraciətdə bildirirlər ki, Bakı şəhər icra hakimiyyətinin sifarişi ilə yaşadıqları binaların çöl divarları aqlay daşlarla üzlənib, dam örtüyü isə yenidən qurulub.
Lakin binanın 5-ci mərtəbəsinin balkonuna əlavə edilmiş konstruksiyanın dam örtüyü ilə birləşməsi keyfiyyətsiz aparıldığından yağış suları 5-ci mərtəbəyə, oradan 4-cü mərtəbəyə və beləliklə digər mərtəbələrə axmaqla təhlükəli vəziyyət yaradır.
“Bu vəziyyət artıq neçə illərdir ki, davam edir. Hər il daha təhlükəli vəziyyət yaranır. MİS-ə müraciətlərimizə cavab olaraq bildirilir ki, bunun qarşısını almağa imkanları yoxdur.
Nəticədə mənzillərə zərər dəyməklə, aparılan təmir işləri də zay olur, sakinlər isə ancaq digər qayğıları ilə bərabər əlavə stresslə yaşayır.
Son günlərin yağışlı havalarında çəkdiyimiz əziyyəti sözlə ifadə edə bilmirik.
Həm də ona təəssüf edirik ki, dövlətin xoş məramla insanların rifahına, binaların dayanıqlığının artırılmasına kömək məqsədilə ayrılan vəsaitdən belə istifadə olunub, keyfiyyətsiz tikinti istismara qəbul edilib.
Qarşıdan daha yağıntılı ayların gəldiyini nəzərə alaraq Sizdən xahiş edirik ki, yaranmış vəziyyətin aradan qaldırılmasına kömək edəsiniz”.
Telegram kanalımız