Məlumdur ki, prezident İlham Əliyev Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi nəzərə alaraq bu ili ölkəmizdə “Nəsimi İli” elan edib.
Bu baxımdan Bakının məşhur "Nəsimi bazarı"nın adı gündəmdədir. Belə ki, bazarın adı ilə bağlı sosial şəbəkələrdə mübahisəli fikirlər mövcuddur. Əksəriyyət İmadəddin Nəsimi kimi şairin adının bazara verilməsinin tərəfdarı deyil və dəyişdirilməsini təklif edirlər.
Mövzu ilə bağlı yazıçı Şərif Ağayar “Yeni Sabah”a açıqlamasında qeyd edib ki, şairin adının elm və mədəniyyət müəssisələrinə verilməsi daha yaxşı olardı: “ Bazar da cəmiyyətin bir hissəsidir. Verilib, bu cür də qəbul edilib. Şəxsən məni narahat etmir. İctimai rəyə uyğun olaraq bazarın adını götürmək də olar, saxlamaq da”.
Ümid Partiyasının sədri İqbal Ağazadə isə birmənalı olaraq bazarın adının dəyişdirilməsinin tərəfdarıdır: “Bəlkə də bazar Nəsimi rayonunda yerləşdiyinə görə eyni adla qiymətləndirilib. Lakin Nəsimi kimi şairin adının bazara verilməsi doğru deyil. Nəsiminin adı ədəbiyyata , sənətə bağlı olmalıdır. Bundan əlavə, rayon, küçə və.s adları ilə əlaqəli ola bilər. Amma bazarın bu cür adlandırılmasının tərəfdarı deyiləm”.
Günay Rəsulqızı
Telegram kanalımız