“Laçın-Xankəndi yolunun girişində DSX-nın nəzarət-keçid məntəqəsinin qurulması Cənubi Qafqazda yeni siyasi mərhələnin əsasını qoyacaq”.
Bu sözləri politoloq Elçin Xalidbəyli Cebhe.info-ya açıqlamasında Azərbaycan-Ermənistan sərhədi ətrafında, o cümlədən rus sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərimizdə gələcək siyasi prosesləri şərh edərkən bildirib.
O qeyd edib ki, erməni separatçıları bundan sonra Laçın yolundan istədikləri kimi istifadə edə bilməyəcəklər: Pepperoni pizza
“Laçın yolunda nəzarət-keçid məntəqəsinin qurulmasından sonra Ermənistanın təxribatları və Rusiyanın erməni separatçılarına yardımları ciddi şəkildə azalmağa başlayacaq. Hazırda nə Ermənistan, nə də qondarma rejimin rəhbərləri Laçın yolundan əvvəl kimi istifadə edə bilməyəcəklər. Hesab edirəm ki, nəzarət-keçid məntəqəsinin əsasının qoyulması bölgədəki siyasi prosesləri Azərbaycanın xeyrinə dəyişəcək.
Birincisi, Ermənistan ordusunun Xankəndi və ətraf bölgələrdə tör-töküntüləri üçün canlı rotasiyanın həyata keçirilməsi qeyri-mümkün olacaq. İkincisi, həm Ermənistandan, həm də digər ölkələrdən olan provokatorlar Qarabağa səfər edə bilməyəcəklər. Üçüncüsü, bundan sonrakı mərhələlərdə Rusiya və Ermənistanın Azərbaycan ərazisində siyasi oyunları heç bir nəticə verməyəcək. Həmçinin burada digər önəmli məqamı da nəzərə almaq lazımdır. Azərbaycanın Laçın-Xankəndi yolunda qurduğu nəzarət-keçid məntəqəsi beynəlxalq hüquq normalarına tam uyğundur”.
Nəzarət-keçid məntəqəsinə cavab olaraq Xankəndində erməni separatçıların təhriki ilə kütləvi nümayişlərin keçiriləcəyi ehtimalına toxunan Elçin Xalidbəyli vurğulayıb ki, Azərbaycanın öz suveren ərazilərində istədiyi addımları atmaq hüququ var:
“Bu məsələ ilə bağlı beynəlxalq ictimaiyyətin diqqətinə fikir versək görərik ki, bəzi dövlətlər yalnız bəyanatlar veriblər. Güman etmirəm ki, beynəlxalq qurumlar və siyasi güc mərkəzləri Azərbaycandan Laçın yolunda nəzarət-keçid məntəqəsinin ləğv edilməsini tələb edəcəklər.
Ona görə ki, Azərbaycanın Ermənistanla sərhəd ərazilərində gördüyü tədbirlər beynəlxalq hüquq çərçivəsində qanuni addımlardır. Bildiyimiz kimi, Azərbaycanda müxtəlif etnik millətlər yaşayır. Xarici ölkəyə getmək üçün onların hər birinə dəhliz imkanı veriləsi deyil ki... Niyə Qarabağda məskunlaşan ermənilər üçün ayrıca dəhliz olmalıdır? Azərbaycan rəhbərliyinin Laçın istiqamətində nəzarət-keçid məntəqəsi qurması vaxtında atılmış tam doğru addımdır. Böyük Ermənistan layihəsi bununla iflas durumuna qədəm qoyacaq”.
Politoloq bildirib ki, Laçın yolunda görülən tədbirlər nəticəsində Qarabağda antiterror əməliyyatlarına ehtiyac olmaya da bilər:
“Artıq Azərbaycanın Xankəndi və ətraf bölgələrdə öz suverenliyini bərpa etmək üçün münasib şərait yaranıb. Laçın yolunun giriş hissəsində yerləşən DSX-nın məntəqəsində nəzarət skanerləri quraşdırılıb. Oradan keçən hər bir şey Azərbaycan hərbçilərinin nəzarəti altında olacaq. Belə bir vəziyyətdə Qarabağda məskunlaşan ermənilər bizim tələblərimizə boyun əyməyə məcbur olacaqlar. O ki qaldı antiterror əməliyyatlarının həyata keçirilməsinə, bu, daha çox siyasi vəziyyətdən asıla olacaq. Onsuzda qanunsuz erməni silahlı dəstələri təslim olmaq məcburiyyətində olacaqlar. Onların böyük əksəriyyəti həyatlarını xilas etmək, yaxud gələcəkdə həbsxanalara düşməmək üçün özlərini tərkisilah edəcəklər.
Ermənistan ordusunun tör-töküntüləri və erməni separatçıları Azərbaycan Ordusu ilə döyüşmək həvəsində deyillər. Ermənilərin necə vuruşmaları hamımıza məlumdur. 44 günlük Vətən müharibəsində 10 mindən çox erməni hərbçi qorxularından özbaşına döyüş bölgələrini tərk etmişdilər”.
Sonda Elçin Xalidbəyli Qarabağ ermənilərinin vətəndaşlıq məsələsinə də münasibət bildirib.
“Rus sülhməramlıların nəzarət etdiyi ərazilər – Xankəndi, Xocalı və Xocəvənddə yaşayan ermənilərin yaşamaq hüququ bir neçə prosesdur qaydaları üzərində aparılacaq. Məsələn, hər hansı erməni sakininin münaqişədən öncə Qarabağda anadan olması və yaşaması, valideynlərinin həmin bölgəyə aid olub-olmaması ətrafında ciddi araşdırmalar aparılacaq. Lakin son otuz ildə Suriya, Livan və digər ölkələrdən Qarabağa köçmüş ermənilərin ərazilərimizi tərk etmələri tələb ediləcək. Bütün prosedur qaydaları Azərbaycan Konstitusiyası çərçivəsində aparılacaq. Azərbaycanın öz ərazilərində bu kimi qanuni tədbirlərinə nə Ermənistan, nə də onun havadarları mane olacaq”.
Telegram kanalımız