Qədr gecəsi haqqında çox yazılıb. Ancaq nə qədər yazılsa belə, yenə qədr gecəsinin keyfiyyəti topluma aydın ola bilmir. Bəs islamda qədr gecəsinin yeri necədir?
İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov “Yeni Sabah”a açıqlamasında deyib ki, Qədr gecəsində olunan ibadətlər min ayda olunan ibadətlərdən xeyirlidir:
“Bunun da səbəbi məhz bu gecənin min aydan xeyirli olması üçündür. Yəni bu gecənin min aya bərabər olmasıdır ki, bu da 83 il 4 ay edir - bu gecə 83 il 4 aya bərabər olan bir gecədir. Bu xəbəri bizə haqq olan uca Rəbbimiz çatdırıb bildirmişdir ki, biz bu gecədən qəflətə düşməyək. pizza hut
Bu gecənin Qədr gecəsi olmasını və min aydan xeyirli olmasını uca Allah açıq-aşkar bizə xəbər verib: “Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik! (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?! Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! (O, ramazan ayının on doqquzuna, iyirmi birinə, iyirmi üçünə, iyirmi beşinə, bir rəvayətə görə isə iyirmi yeddisinə təsadüf edir). O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər. O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır!)” (Əl-Qədr surəsi 1-5-ci ayələr).
Həmçnin Allah təala Qurani Kərmi bu gecədə nazil olmasını bizə Duxan surəsində də xəbər verib: “Ha, Mim! (Haqqı batildən, halalı haramdan ayıran) açıq-aydın Kitaba and olsun ki, Biz onu mübarək bir gecədə (qədr gecəsində) nazil etdik. Biz (o Kitab vəsitəsilə kafirləri Öz əzabımızla) qorxuduruq! Hər bir hikmətli (dəyişilməsi mümkün olmayan) iş o gecə hökm (ayırd) olunur, Dərgahımızdan bir buyuruq olaraq! Həqiqətən, (peyğəmbərləri) Biz göndəririk, Sənin Rəbbindən (bəndələrə) bir mərhəmət olaraq (ya Peyğəmbər!). Şübhəsiz ki, O (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir! O, göylərin, yerin və onların arasında olanların (bütün məxluqatın) Rəbbidir. (Ey Məkkə əhli!) Əgər (Allahın haqq olduğuna) tam yəqinliklə inanırsınızsa (bilin ki, Muhəmməd əleyhissəlam da Onun Peyğəmbəridir)! Ondan başqa heç bir tanrı yoxdur. O həm dirildir, həm də öldürür. O həm sizin Rəbbiniz, həm də ulu babalarınızın Rəbbidir” (Əd-Duxan (duman) surəsi, 1-8)”.
Ə.Həsənov bu gecəyə Qədr gecəsi deyilmə səbəblərindən də söz açıb:
“Birincisi, bu gecənin digər gecələrdən şərəfli olması üçündür, çünki ərəblər bir insanı başqa insandan üstün hesab edəndə “əl-qədr” (şərəfli) deyir - filankəs filankəsdan daha qədrli, yəni şərəflidir.
İkincisi, həqiqətən də bu gecədə gələn ilə qədər olan qədərlər təyin olunur. Bir il ərzində baş verəcək bütün işlər təqdir olunur. Bu Allah təalanın əvvəlcədən təyin etdiyi bir hökmdür.
Üçüncüsü, Allah Rəsulunun bir sözünə əsasən bu gecədə olan ibadətlər, digər gecələrdə və günlərdə olan ibadətlərdən daha xeyirli, üstün, şərəfli və daha qədrli, qiymətlidir. Allahın Rəsulu (səllallahu aleyhi və səlləm) buyurub: Kim inanaraq, savabını Allahdan istəyərək qədr gecəsini ibadət üçün ayaqda durarsa, onun keçmiş və gələcək bütün günahları bağışlanar” (Buxari və Müslim)”.
İlahiyyatçı bildirib ki, Qədr gecəsinin bəzi əlamətləri var:
“Bunlardan biri gecənin nurlu olması və səhər günün şüası olmadan çıxması və nurunun çox olması, qəlbin mütmain (rahat) olması, möminin sinəsinin geniş olması, yəni sevincli və fərəh içində olması, başqa gecələrdən fərqli olaraq bu gecədə olan ibadətlərin daha ləzzət verməsi və daha imanın artdığının müşahidə olunması və s.
Qədr gecəsi Ramazanın son on günlərindən tək gecələrin birinə təsadüf edir. Bu il bizim ölkəmizdə Qədr gecəsi 25-dən 26 maya keçən gecə, 27-dən 28-nə keçən gecə, 29-dan 30-na keçən gecə, 1 iyundan 2-nə keçən gecə, 3-dən 4-nə keçən gecələrin birinə təsadüf edir.
Qədr gecəsini tapmaq üçün Ramazanın bütünlüklə son on gecələrini və xüsusi ilə tək gecələrini dəyərləndirmək lazımdır”.
Günay Rəsulqızı
Telegram kanalımız