Novruz Məmmədovun yeni qərarı nəyi dəyişəcək? – Şərh

saytların hazırlanması

Evə çatdırılma

Novruz Məmmədovun yeni qərarı nəyi dəyişəcək? – Şərh

Avto

24 Aprel 2019 17:15 1208


Xəbər verdiyimiz kimi, Baş Nazir Novruz Məmmədov “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”nı təsdiq edib. Bəs yeni qaydalara görə hansı dəyişikliklər var?

“Yeni Sabah”a yeni parklanma qaydalarından danışan nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov bildirib ki, bu qaydalara ehtiyac var idi:

“Bakı şəhərinin inzibati ərazisində xoşagəlməyən keçmiş təcrübəmiz var. Bir neçə il bundan qabaq  Bakı şəhər İcra Hakimiyyəti avtomobillər üçün parklanma yerləri müəyyən etmişdi. Hətta parkomatlar quraşdırıldı ki, onlar vasitəsilə insanlar ödəniş etsin. Həmin parkomatlar, ödənişli yerlər əsasən, yaşayış binalarının yaxınlığında müəyyənləşmişdi.  Nəticə etibarilə həmin binalarda yaşayan insanlar ərazidə avtomobil saxlamaqdan ötrü müəyyən məbləğdə vəsait ödəməli idilər.  pizza mizza

Təbii ki, bu da çox böyük narazılığa səbəb olurdu. Bununla bağlı xoşagəlməz müzakirələr, sosial  şəbəkələrdə gedən neqativ informasiya bu məsələ ilə bağlı yaxşı olmayan  vəziyyətin yarandığını göstərirdi. 2018-ci ilin yayından etibarən parklanma yerləri ilə bağlı vəzifə bilavasitə Bakı Nəqliyyat Agentliyinə (BNA)  verildi. BNA çalışır ki,  bu məsələdə nizam-intizam yaratsın. Olduqca vacib məsəlidir. Bu və ya digər ünvanda yaşayan  sakinin avtomobilini rahat şəkildə park etməsinə şəraitin yaradılmasına xidmət edir. 

“Yol hərəkəti haqqında” qanunun 53-cü maddəsində konkret olaraq parklanma yerləri, parklanma ilə bağlı qaydalar öz əksini tapmışdı. Orada göstərilirdi ki,  bu və digər ünvanda yaşayan insanların avtomobilini rahat saxlaması üçün şərait olmalıdır. Əslində sətirarası fikir budur. Amma reallıqda  bir neçə il əvvəl ödənişli parklanma yerləri müəyyən edilərkən bu məsələ ikinci plana keçdi. Nəticə olaraq insanlar ödəniş etməklə  avtomobilini saxlama hüququ qazanmış oldu”.

Ekspertin sözlərinə görə, yeni qaydalara əsasən sakinlər rezervasiya etmədən avtomobillərini saxlaya bilərlər:

“Yeni qaydalara əsasən, parklanma  yerlərinin təşkil edildiyi avtomobil yollarının kənarında yerləşən ev və ya binalarada yaşayan sakinlər rahat şəkildə, rezervasiya edilmədən nəqliyyat vasitəsini saxlamaq imkanı qazırlar. Qaydalara görə, bir binanın ətrafında məsafə 100 metr göstərilir. Yəni təşkil edilmiş parklanma yeri hər iki istiqamətdə yolun kənarında 100 metr aralıda yerləşən ev və ya binalardan söhbət gedir. 

Bəzi hallarda  görürük ki,  hansısa binanın yanında  dayanacaq və ya parklanma yeri müəyyən edildi və orada bir nəzarətçi də var. Sonra orada bəzi şəxslər yer rezervasiya  etmiş kimi müxtəlif əşyalar, sütunlar qoyurlar. Yəni bu binada yaşayan hansısa bir şəxs burada avtomobilini saxlayacaq. Bu da təbii ki, yolverilməz haldır. Çünki mövcud qaydalara görə, sakin rezervasiya edilmədən, ödənişsiz şəkildə avtomobilini park etmək hüququnu qazanır. 

Yeni qaydalarda  məsələnin sənədləşmə elementləri da var. Fərdi parklanma talonlarının verilmə qaydaları, həmin ərazidə yaşayan şəxs necə və hara müraciət etməli, hansı sənədləri təqdim etməli, fərdi parklanma talonunun etibarlılıq müddəti, hansı hallarda etibarsız olacağı göstərilir. Söhbət tam şəkildə sistemin qurulmasından gedir. Təbii ki, təqdirəlayiq haldır ki, həm də bu məsələ elektron şəkildə həyata keçirilə bilər. Yəni elektron şəkildə sənədlərin təqdim oluna bilər, harasa gedib vaxt itirməyə  ehtiyac yoxdur.  

Sadəcə fərdi parklanma talonu hazır olduqdan sonra gedib götürmək lazım gəlir. Bunlar hamısı nizam-intizamın yaradılması üçün mühüm şərtlərdir. Gələcəkdə  BNA bu və ya digər yaşayış binasının ətrafında həmin ödənişli parklanma  yerlərini müəyyən edərkən həmin ərazidə yaşayan insanların maraqlarının tam şəkildə təmin olunmasını həyata keçirə bilər. Ən azından ona görə ki, bu barədə Nazirlər Kabinetinin müvafiq qaydaları var. Gələcək xoşagəlməz halların, mübahisələrin qarşısını almaq üçün yaxşı qaydalardır. Buna görə bunu yüksək dəyərləndirirəm”. 

A.Allahverənov iş yerlərinin yaxınlığında şəxslərin avtomobillərini saxlaması və bunun üçün ödənilən məbləğdən də danışıb:

“Düşünürəm ki, bununla bağlı ayrıca qərar ola bilər. Çünki bu qərarda söhbət bu və ya digər parklanma yerinin yaxınlığında  yaşayan  sakinlərdən gedir. Təbii ki, bu da olduqca ciddi məsələdir.  Parklanmada qiymət yüksək olduğu halda insanlar müxtəlif yollar axtarmağa çalışacaqlar. Bu zaman qeyri-qanuni fəaliyyət göstərən parklanma yerlərindən  istifadə edir və ya nəzarətçilərə həvalə edirlər. Bəzi hallarda avtomobillər dayanma və durma qaydalarının qüvvədə olduğu yerlərdə və ya məhəllələrarası yollarda belə saxlanılır. Bu da onsuz da dar olan küçələri bir qədər də dar vəziyyətə gətirir. Həmin yollarda nəqliyyat vasitələrinin sıxlığına səbəb olur. 

Buna görə hər hansı binanın, şəxsin işlədiyi yerin yaxınlığında ödənişli park yeri varsa, ona güzəştli qiymətlər təqdim olunmalıdır. Bu sistem bəzi hallarda işləyir. Məsələn, Qış parkı və Azadlıq meydanının altında yerləşən ödənişli park yerində şəxs aylıq abunə olunur. Mütəmadi olaraq buradan istifadə edirsə, ona müəyyən güzəştli qiymətlər təklif olunur. Bu, həmin parklanma yerinin rəhbərliyinin təşəbbüsü kimi müsbət dəyərləndirilməlidir, amma  bütünlükdə ödənişli parklanma yerlərinə şamil olunmalıdır. Qanunda göstərildiyi kimi hansısa ərazidə, lap yaşayış binasının yanında parklanma yeri müəyyən edilirsə, həmin yerdən daimi əsaslarla istifadə edən, əraziyə yaxın yerdə yaşayan , işləyən insanlar da güzəştli qiymətlərdən yararlanmaq imkanı qazanmalıdırlar. 

Ola bilər sakinlər kimi tam ödənişsiz şəkildə saxlaya bilməsinlər, amma güzəştli qiymətlərlə  saxlama hüququ əldə etməlidirlər. Əks halda neqativ halların yaranmasına  şərait yaranır, buna görə mübahisə yarana bilər. Nəqliyyat vasitəsi həmin əraziyə yaxın ödənişsiz park yeri varsa orada saxlayarkən yenə də sıxlıq ola bilər. Bu da piyada və ya avtomobillərin  hərəkətinə mane ola bilər. Ona görə bu məsələ  gündəmdə saxlanılmalı və vahid ödəniş sistemi olmaqla həmin güzəştli paketlərin  tətbiq olunması üçün  imkanlar yaradılmalıdır. Belə olan halda mütəşəkkil qaydada insanların  ödənişli park yerlərindən istifadə etdiyini görə bilərik”.  

Əsmər Qabil

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!