Bu gün Türkiyənin Kahramanmaraş vilayətində baş vermiş dağıdıcı zəlzələnin üçüncü ildönümüdür. 2023-cü il fevralın 6-da qeydə alınan təbii fəlakət nəticəsində 53 537 nəfər həlak olub, 107 213 nəfər isə müxtəlif xəsarətlər alıb. Yeraltı təkanlar zamanı 39 minə yaxın bina dağılıb. Bunlardan 26 minində axtarış-xilasetmə işləri aparılıb. Ölənlər arasında 4 azərbaycanlı tələbə də olub.
Zəlzələdən zərərçəkənlərdən biri də həmin dövrdə Kahramanmaraş Sütçü İmam Universitetinin Beynəlxalq Münasibətlər kafedrasının dosenti vəzifəsində çalışan Mərziyyə Məmmədlidir.
Yaxın dostları zarafarla ona “zəlzələ qadın” (“deprem qadın”) deyir. Bu da səbəbsiz deyil. Çünki Kahramanmaraş zəlzələsi onun yaşadığı ilk zəlzələ olmayıb. Sezar pizza
Belə ki, 2011-ci ilin 23 oktyabrında 604 nəfərin öldüyü, 4 mindən çox yaralının olduğu 7 bal gücündəki dəhşətli Van zəlzələsinin də, Mərziyyə Məmmədli canlı şahidi olub.
M.Məmmədli “Yeni Sabah”a müsahibəsində 3 il əvvəlki o dəhşətli gecə ilə bağlı acı xatirələrini bölüşüb.
- Mərziyyə xanım, zəlzələnin baş verdiyi anı necə xatırlayırsınız? O saniyələrdə harada idiniz?
- Hadisə baş verən vaxt evdə idik. Zəlzələ gecə yarısı olmuşdu. Həmin dövrdə Kahramanmaraş mərkəzində yaşayırdım. O gün adi bir bazar günü idi... Bazar gününü bazar ertəsinə bağlayan gecə. Zəlzələdən əvvəl hər hansı qəribə bir əlamət hiss etməmişdik. Bir neçə gün öncə qar yağmışdı, hava çox soyuq idi. Van zəlzələsində də vəziyyət demək olar ki, eyni idi: zəlzələdən 2-3 gün əvvəl qar yağmışdı və hava çox soyuq olmuşdu. Burada da eyni vəziyyət yaşanırdı.
Gecə normal şəkildə yatmışdım. Birdən binanın güclü şəkildə silkələndiyini hiss edib oyandım. Düşünürəm ki, o anda zəlzələ artıq başlamışdı, təxminən 5-10 saniyə keçmişdi. Sonradan mütəxəssislərdən öyrəndik ki, ard-arda üç dalğa olmuşdu və biz onların hamısını yaşamışdıq.
Təbii ki, çox qorxunc idi. Həm gecə idi, həm də sarsıntı olduqca şiddətli idi. Van zəlzələsində də bunu yaşamışdıq, amma orada zəlzələ gündüz saatlarında olmuşdu, hava işıqlı idi və ona görə də bu qədər qorxu hiss etməmişdik. Burada isə həm qaranlıq idi, həm də yuxudan qəfil oyanırsan.
- O saniyələrdə ilk düşündüyünüz nə oldu?
- Hər iki zəlzələni yaşamış biri kimi deyə bilərəm ki, o anda insanın ağlına yalnız bir şey gəlir: bina nə vaxt çökəcək, tavan nə vaxt üzərinə gələcək. Həmin anlarda insan yalnız bunu düşünür. Başqa heç nə fikrinə gəlmir. Açığı, Van zəlzələsində anama sarılmışdım və ağlımdan keçən tək şey bu idi ki, anam mənə görə Vandadır və mənim ucbatımdan zərər görə bilər. Bu dəfə də yenə eyni düşüncələr vardı. Anam yaşlıdır, başqa otaqda idi və zəlzələ zamanı, ümumiyyətlə, yerindən tərpənmək mümkün olmur.
Heç bir otağa keçə bilmədik. Zəlzələ bitəndən sonra isə, Van zəlzələsini yaşadığımız üçün artıq nisbətən hazırlıqlı idik və üzərimizi qalın geyinmişdik. Ondan sonra aşağı endik. Universitetin ərazisində açıq sahələr çox olduğuna görə, aşağıda parklar var idi. Zəlzələ zamanı açıq yerdə qalmağın daha təhlükəsiz olduğunu bildiyimiz üçün universitet ərazisinə keçdik.
Dağıntının bu qədər böyük olduğunu isə əvvəlcə bilmirdik. Çünki yaşadığımız ərazinin ətrafında ciddi bir dağıntı yox idi. Həmin səmt dağlıq ərazidə, qayaların üzərində yerləşdiyinə görə bizim tərəfdə böyük dağıntılar qeydə alınmamışdı. Ancaq bizdən təxminən bir yarım kilometr məsafədə, şəhər mərkəzinə doğru olan ərazilərdə əsas dağıntılar baş vermişdi. Biz bunu o anda görməmişdik, dağıntıların miqyasını hiss etməmişdik.
Mən yalnız təxminən bir həftə sonra Kahramanmaraş qayıdanda şəhər mərkəzində baş verən böyük dağıntıları öz gözlərimlə gördüm. Bələdiyyənin yerləşdiyi ərazidə – o vaxt Azərbaycan bulvarı adlanırdı, indi isə Azərbaycan səmti kimi tanınır – hər yer demək olar ki, yerlə bir olmuşdu. Bələdiyyə binası isə tək-tənha ayaqta qalmışdı.
Ətrafda binalar olmadığı üçün əvvəl heç nə görünmürdü, amma zəlzələdən sonra işıq uzaqdan görünürdü. Təsəvvür edin ki, ətrafdakı binalar yox olduğuna görə, işıq ilk dəfə bu qədər açıq şəkildə seçilirdi.
- Tarixın ən dəhşətli zəlzələlərindən birinin şahidi olmanız zəlzələ, qəza, faciə məfhumu barədə fikirlərinizə necə təsir etdi?
- Zəlzələ olan vaxtı, hətta ilk zəlzələdə insan başa düşür ki, doğrudan da, yaradan hər şeyə qadirdir və insanın əcəli gəlməyibsə, qoruyan Allah qoruyur. Biz özümüzü qorumağa çalışırıq, təbii ki də qorumalıyıq. Ağlımız izin verirsə, göz görə-görə özümüzü ölümə ata bilmərik. Amma başa düşürsən ki, hər şey Allahın əlindədir. Və sən, bu dünyada, kiçik bir varlıqsan. Təəssüf ki, ən çox düşündüyüm şey də budur ki, mən o binada olmaya bilərdim. Kirayə ev axtararkən o binanı seçməyə bilərdim. Artıq Allahın işi, bir də ağıl və məntiq məsələsidir. Çünki mən Kahramanmaraşa köçəndə ilk veridyim sual bu olmuşdu ki, bura zəlzələ bölgəsidir, hansı səmt daha təhlükəsizdir, hansı binalar yaşamaq üçün daha uyğundur, hansı səmtdə binaların torpağı daha sağlamdır. Yaşayacağım evə araşdırıb, bu şəkildə köçmüşəm. Təbii ki, bu, bir az da maddiyyata bağlıdır. Mərkəzdə yaşayanaların əksəriyyəti oranın binalarının yaxşı olmadığını bildirsə də, çox təəssüf ki, evlər bahalı olduğuna görə, onlar da köhnə evlərdə yaşamağa məcbur idilər.
Kahramanmaraşdan köçdüm. Həyatımız bu şəkildə dəyişir. Amma əsas məsələ mənim köçməyim deyil. Mənim çox sayda tələbələrim həlak oldular, binaların altında qaldılar. Həm xarici vətəndaş olan tələbələrim var idi, həm də türk tələbələrim. O uşaqlar gözümün önündən getmir. 20-22 yaşlarında gənc uşaqlar... Həyatları qabaqda idi. İnşaat sektorundan xəbəri olmayan hansısa insanların, hansısa rüşvətxor məmurun ucbatından o gənclər binaların altında qaldılar və həyatları yarıda qaldı. Təəssüfləndiklərim insan ömrüdür, gənclərin ölümüdür. Qalan şeylər düzəlir. Biz düzəlirik.
Normal həyatımıza dönmüşük. Allah eləməsin, bir daha da belə faciə yaşamaq istəmirəm. Çünki insançün çox böyük bir travmadır, təkrar-təkrar gözünün qabağından keçir.
Van zəlzələsindən 14 il keçib, hələ də gözümün qabağındadır o günlər. Maraşda da eyni şəkildə. Allah heç kimə yaşatmasın. Hər bir insan işini layiqincə görsün və düşünsün ki, onun 3-5 kilo oğurluğu nə ilə nəticələnəcək.
İlhamə Qasımlı
Telegram kanalımız