“Bildiyiniz kimi, bu gün Gürcüstanda bələdiyyə seçkiləri ilə birlikdə referendum keçirilir və Aİ ilə əldə edilən razılaşmaya görə, əgər hakim partiya 43% bariyerini keçə bilməsə, o zaman növbədənkənar parlament seçkiləri keçiriləcək. Düşünürəm ki, bu gün Gürcüstan inqilab ərəfəsindədir”.
Bunu Yenisabah.az açıqlamasında müxalif “Vahid Milli Hərəkat Partiyası”nın üzvü, deputatlığa namizəd Nərgiz Əliyeva bildirib.
O qeyd edib ki, Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili əhali tərəfindən çox böyük dəstək və sevgi bəslənən bir şəxsdir və o ötən ay vurğulamışdı ki, seçkilərdən öncə vətəndə olacağam, ölkəni xilas edəcəyəm. Dominos pizza
N. Əliyeva onu da vurğulayıb ki, Gürcüstanda son zamanlar qanun pozuntuları, insan haqlarının tapdalanması, iqtsadiyyatın çökməsi halları baş verir və ölkənin bu uçuruma gedəcəyi ilə bağlı əhali arasında çox böyük narazılıqlar var. Buna görə də Mixeil Saakaşvili və onun partiyası var gücü ilə mübarizə aparır.
Siyasətçi Saakaşvilinin Gürcüstana qayıtması fonunda hökumət rəsmilərinin açıqlamasını da şərh edib:
“Bir neçə gün öncə Saakaşvili 8 illik durğunluqdan sonra Gürcüstana qayıtdı. Onun qayıtması haqqında hakimiyyətin heç xəbəri də yox idi. Dünən o, Batumidən görüntlərini paylaşdı və hakimiyyət maksimum şəkildə çalışırdı ki, bunu inkar etsin. Ona görə ki, xəbərləri yox idi.
Sərhədi keçən bir insan haqqında məlumatı olmayan bir hakimiyyətin sistemi nə dərəcədə işləyir elə bundan bəllidir. Onlar günün sonuna qədər maksimum çalışdılar ki, bu xəbəri inkar edələr və müəyyən bəyanatlarla çıxış edirdilər ki, Saakaşvilinin ölkədə olması yalandır və insanlar buna aldanmasın, lakin axşam tərəfi Saakaşvili həbs olundu. O, həbs olunacağını gözləyirdi və bunu planlaşdırmışdı. Buna baxmayaraq, Saakaşvili bunları gözə alaraq vətənə dönmüşdü”.
“Mixail Saakaşviliyə qarşı qaldırılan sanksiyaların heç birini Rusiyadan başqa dünya ictimaiyyəti tanımır. Bu sanksiyaları yalnız indiki Gürcüstan hakimiyyəti və Rusiya dövləti tanıyır. Buna görə də, bu sanksiyaların və onun həbsinin yersiz və əsassız olduğunu Gürcüstanda hər kəs çox gözəl dərk edir və dünya ictimaiyyəti də bunu bilir” – deyə N. Əliyeva əlavə edib.
Müxalifətçi onu da qeyd edib ki, dünən gecə Mixeil Saakaşvili həbs edildi və bu gün də əhaliyə məktubla müraciət edib ki, referendumda əhali maksimal şəkildə səfərbər olmalıdır, seçkilərə getməlidir və səsini “Vahid Milli Hərəkat Partiyası”-na verməlidir:
“Bütün insanlar bu mövzuda mübariz olmalıdır. Bu günkü seçkilərin nəticəsindən və əhalinin mübarizliyindən asılı olaraq, düşünürəm ki, Saakaşvilinin yaxın zamanda həbsdən azad olunacağı gözlənilir. Onun da məktubunda qeyd etdiyi kimi, hər şey xalqın bu günki seçiminə bağlıdır. Artıq o qərarı xalqın əlinə verir, lakin onu da qeyd edim ki, mən azərbaycanlıların sıx yaşadığı Marneuli (Sarvan) rayonun ikinci dairəsindən bələdiyyə seçkilərində namizədəm və bizim şəxsi müşahidələrimizə görə, onu deyə bilərəm ki, artıq səhər saatlarından ciddi qanun pozuntuları və saxtakarlıqlar baş verir.
Təbii ki, bizim nümayəndələrimiz onların hamısını qeydə alır. Əgər bu seçkilər saxtalaşdırılarsa və saxta nəticələr ilə bitərsə, təbii ki, biz hər birimiz bu seçkilərin nəticəsi ilə bağlı lazımlı şəkildə etiraz edəcəyik və onun legitimliyini tanımayacağıq” – deyə həmsöhbətimiz fikirlərini tamamlayıb.
Rafi Müslümov
Telegram kanalımız