“Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrası təmin edildi. Beş il bundan əvvəl qəbul edilmiş proqram artıqlaması ilə yerinə yetirildi”.
“Yeni Sabah” xəbər verir ki, bunu Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda giriş nitqində deyib.
Prezident bildirib ki, son beş il ərzində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olunub: “Bildiyiniz kimi, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı proqramlarının qəbul edilməsi mənim 2003-cü ildə prezident seçkiləri ərəfəsində verdiyim vədlərimdən biri idi. O vaxt demişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, ilk növbədə, regionların inkişafı ilə məşğul olacağam, bölgələrdə olan problemlərin həlli işində öz səylərimi əsirgəməyəcəyəm. 2004-cü ilin fevral ayında birinci proqram qəbul olundu və bu gün müzakirə etdiyimiz proqram sayca üçüncüdür. pizza sifarişi
Beləliklə, görülmüş işlər haqqında danışanda əlbəttə ki, biz son 15 il ərzində yerinə yetirilmiş işlərə nəzər salmalıyıq. Bu işlər həm real həyatda, həm rəqəmlərdə, həm də dəyişən, abadlaşan şəhərlərdə özünü göstərir”.
Dövlət başçısı son 15 il ərzində Azərbaycan iqtisadiyyatının dünya miqyasında rekord templərlə inkişaf etdiyini, ümumi daxili məhsul 3,3 dəfə artdığını söyləyib: “Bir daha demək istəyirəm, bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,6 dəfə artmışdır. İxracımız 4,7 dəfə, valyuta ehtiyatlarımız 24 dəfə artıb və bu gün 45 milyard dollar təşkil edir. Yəni, bu, onu göstərir ki, Azərbaycan regionlarına və eyni zamanda, neft-qaz sektoruna, Bakı şəhərinin inkişafına böyük vəsait qoyulmasına baxmayaraq, biz öz valyuta ehtiyatlarımızı 24 dəfə artıra bilmişik. Bu, bizə imkan verir ki, gələcəyə çox böyük ümidlərlə baxaq. Azərbaycan iqtisadiyyatı bu gün dayanıqlı iqtisadiyyatdır”.
İlham Əliyev bildirib: “Biz neftdən, qazdan əldə edilmiş gəlirləri nəqliyyat sektoruna yönəltdik ki, Azərbaycan nəinki bu bölgədə, Avrasiya məkanında nəqliyyat mərkəzinə çevrilsin. Bu gün biz artıq buna nail oluruq. Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi tarixi layihədir. Bu, həddindən artıq vacib layihədir. Çünki bu, artıq bizə imkan verir ki, Azərbaycan ərazisindən böyük həcmdə yüklər Şərqdən-Qərbə, Qərbdən-Şərqə göndərilsin. Bunun sayəsində həm bizim geosiyasi əhəmiyyətimiz artacaq, həm də biz bundan daim valyuta qazanacağıq. Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması da böyük önəm daşıyır. Bu istiqamətdə də böyük işlər görülür. Əlbəttə ki, bu işlərin görülməsi genişmiqyaslı beynəlxalq əməkdaşlıq tələb edir. Azərbaycan bu sahədə də təşəbbüskar kimi öz müsbət rolunu oynayıb. Bu gün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində birləşən ölkələrin sayı 10-dan çoxdur və onların sayı daha da artacaq. Amma hər iki layihədə iştirak edən ölkə tək Azərbaycandır. Ona görə biz Avrasiyada çox strateji nəqliyyat mərkəzinə çevrilirik. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, bizim yol infrastrukturlarımız, müasir və müasirləşən infrastruktur, bütün bunlar son illər ərzində yaradılıb. Əgər biz infrastruktur layihələrinə diqqət yetirməsəydik, bu gün heç bir inkişafdan söhbət gedə bilməzdi.
On beş il bundan əvvəl biz özümüzü elektrik enerjisi ilə təmin edə bilmirdik. Ya xaricdən idxal edirdik, ya da ki ölkəmizin bəzi yerləri işıqsız qalırdı. Ötən 15 il ərzində 31 yeni stansiya tikilmişdir, 2500 meqavatlıq yeni güclər yaradılmışdır. Biz indi nəinki özümüzü təmin edirik, elektrik enerjisini ixrac edirik. Təbii qaz ilə təminat 15 il bundan əvvəl təxminən 50 faiz səviyyəsində idi, bu gün bu, 95 faizdir. İçməli su 26 faiz təmin edilirdi, bu gün bu, 70 faizdir. On beş il ərzində 15 min kilometr avtomobil yolu tikilib”.
Telegram kanalımız