Münasibətlərimiz illərin sınağından keçərək doğmalaşdığımız insanlar haqqında söz deməyin çətinliyini artıq neçənci dəfədir özümdə hiss edirəm. Ürək ən xoş sözlərlə dolu olsa da, onları qələmə almaq, səliqə ilə “ip”ə düzmək asan deyil. İndi də təxminən o vəziyyətdəyəm. Seçmək istədiyim ifadələr aralarında bəhsə girir, önə keçmək üçün biri digərinə aman vermir. Ancaq bu pərakəndəlik uzun sürmür, “nizam” bərpa olunur... Haqqında yazmağa başladığım dəyərli insan isə əziz dostum, bu gün 50 yaşını, ilk böyük yubileyini qeyd edən Seymur Verdizadədir.
Onunla daha sonra möhkəm dostluğa çevrilən ilk tanışlığımız düz 27 il əvvəl - 1998-ci ilin aprelində dönəmin ən populyar qəzetlərindən biri olan “Bu gün”də baş tutub. Qəzet bumunun vüsət aldığı o dönəmdə Seymur imzasını çox qısa vaxtda tanıda bildi, oxucu kütləsinin güvən və rəğbətini qazandı. Ustalaşan qələmi ilə dolğun fikirləri qısa cümlələrə sığdırmaq bacarığı Seymuru əksər həmkarlarından fərqləndirirdi. Eyni zamanda, təhsil aldığı Türkiyənin media ənənələrindən yararlanmağı onun inkişafına ciddi təkan verdi. Bu baxımdan, Seymur Verdizadə imzasının brendləşməsində, onun tələbat duyulan müəllifə çevrilməsində təsadüf elemnti yoxdur.
Təbii, bu populyarlıq onun ictimai fiqur kimi qəbul olunmasını və yeni statusda irəli çıxmasını şərtləndirdi. Ona görə də Seymurun ekspert qismində reytinqli sosial verilişlərə dəvət edilməsi heç kimi təəccübləndirmədi. Seymur həmin verilişlərdə hər zaman haqqın yanında oldu, bəzən axına qarşı çıxmaqdan qətiyyən çəkinmədi. Bu insani keyfiyyətləri ona yönəlik ictimai rəğbəti daha da artırdı. Küçədə birlikdə yürüyərkən insanların yaxınlaşıb ona sayğılarını bildirmələrinin dəfələrlə şahidi olmuşam. Hətta belə gəzintilərin birində Qala divarlarının yanında limon satan astaralı bir nənə ona rayonlarından deputatlığa namizəd olmağı təklif etdiyini də yaxşı xatırlayıram... Sezar pizza
Bütün bunlar öz yerində. Seymurun qələminin sanbalı və insan kimi bənzərsizliyi onu tanıyanlara, izləyənlərə məlumdur. Amma Seymur bu uğurları qazanarkən içindəki doğma yurd nisgili onu daim təqib etdi, ağırlığı altında əzməyə uğursuzcasına çalışdı. Yeri gəlmişkən, belə bir vətənpərvət atanın tərbiyəsini görmüş övladı Şahinin ana südü kimi halal haqqı olan universitet tələbəliyindən imtina edərək ordu sıralarına yollandığını qeyd etməmək olmaz. Şahinin qanlı-qadalı müharibədən sonra yenidən tələbə adını qazanması daşıdığı soyada, böyük Verdizadələr irsinə bağlılığın təzahürüdü.
Doğulub-böyüdüyü Cəbrayılın Soltanlı kəndinə bağlılığı, eləcə də vaxtilə işğal altında olan torpaqlarımız üçün səmimi təəssübkeşliyi Seymuru bir an da tərk etmədi. Təqribən beş ildir ki, onun yurd nisgilinə artıq son qoyulub, Seymur erməni vandallığının izlərini hələ özündə saxlayan doğma Soltanlını qızı Xədicə ilə ziyarət də edib. İnşallah, öz kəndi ilə bağlı ürəyindəki arzuları bir-bir həyata keçirər.
Seymur sözə həssaslıq göstərən, sözlə jonqlyorluq edən, sözü “fənd sxemi”nə oturda bilən usta qələm sahibidir. Bu gün onun 50 yaşı tamam olur. Lakin ömür sayğacında işıldayan bu rəqəm Seymurun yox, Allahın yazdığıdır, Uca yardanın təqdiridir. O “sayğac”ın daim çalışmasını, sənin üçün yeni-yeni yubileylər müjdələməsi arzusu ilə...
Araz Zeynalov
Telegram kanalımız