Xəbər verdiyimiz kimi, məşhur rus ideoloqu, politoloq və filosof, “Beynəlxalq Avrasiya Hərəkatı”nın sədri Aleksandr Duginin qızı Darya Dugina sui-qəsd nəticəsində qətlə yetirilib.
İlkin məlumatda qeyd olunub ki, “United World International”ın baş redaktoru olan Darya Platonovanın (Dugina) həyatını itirməsinə səbəb kustar üsulla avtomobillə bağlanmış partlayıcının işə düşməsidir.
Xatırladaq ki, Rusiya parlamentinin keçmiş deputatı və hazırda mühacir həyatı yaşayan İlya Ponomaryev Darya Duginanın avtomobilinin partladılmasının arxasında “Milli Respublika Ordusu”nun olduğunu bildirib. pizza hut
Qeyd edək ki, bu təşkilatın adı ilk dəfədir ki, İlya Ponomaryev tərəfindən çəkilir və ehtimal edilir ki, Rusiya Federasiyası daxilində yeni yaradılmış partizan qruplaşmadır.
Lakin baş vermiş partlayışdan sonra konspiroloqlar tərəfindən hadisənin baiskarları arasında Ukrayna xüsusi xidmət orqanları (SBU), Türkiyə, Azərbaycan və digər ölkələrin adı da çəkilir. Buna səbəb isə Aleksandır Duginin “russkiy mir” idealogiyası çərçivəsində böyük rus imperiyası fikirləri ilə ətraf ölkələrin Rusiyanın tabeçiliyinə keçməsi istəyidir.
Yenisabah.az-a danışan siyasi şərhçi Fikrət Sadıxov deyib ki, hər hansı bir terror aktı baş verəndə müxtəlif versiyalar irəli sürülür.
Onun sözlərinə görə, burada xarici qüvvə ilə yanaşı daxili qüvvələrin axtarışında da olurlar:
“Lakin reallıq odur ki, Aleksandr Duginin özünün tərəfdarları ilə bərabər düşmənləri də çox olub. Ona görə də belə bir axtarış edərkən bunlar gərək, götür-qoy edib seçim etməliydilər ki, kimlər buna qarşı çıxış edirdi, yaxud kimi Duginin ideoloji konsepsiyaları narahat edirdi və s. Çünki Dugin qatı rus millətçisidir. Düzdür, onun Azərbaycana qarşı ciddi şəkildə olan iradları yox idi, amma digər bir reallıq da odur ki, onlar başa düşməlidir ki, belə bir ideoloqun düşmənləri də çoxluq təşkil edə bilər”.
Politoloq iddia edib ki, daxili qüvvələr ilə yanaşı bu sifarişin xarici qüvvələr tərəfindən də verilməsi ehtimalı yüksəkdir:
“Hər halda birmənalı şəkildə onu deyə bilərəm ki, Darya Duginanın qətlində nə Türkiyənin, nə də Azərbaycanın əli ola bilməz. Çünki biz terror aktları ilə məşğul olmuruq, bununla digər dövlətlər məşğul olur və biz bunları bilirik. İndidən qəti şəkildə kimisə günahlandırmaq, hesab edirəm ki, düzgün olmaz. Amma heç də bunu istisna etmək olmaz ki, burada konkret hansısa qüvvənin əli olsun”.
“Bəs burada Ukrayna faktorunu necə qiymətləndirirsiniz” sualına isə müsahibimiz belə cavab verib:
“Bilirisiniz, bu suala konkret cavab verə bilmərəm. Çünki Ukrayna rəsmiləri bəyan ediblər ki, onların terror aktına heç bir aidiyyəti yoxdur. Ola bilsin ki, bunu qeyri-rəsmi qüvvələr edib. Çünki biz belə təhlil edəndə, ancaq hansısa rəsmiləri nəzərdə tuturuq, amma dünyada müxtəlif qeyri-rəsmi qüvvələr var ki, onlar terror aktları törədib, bir sıra ictimai xadimləri qətlə yetirirlər. Belə qruplaşmalar da kifayət qədər çoxdur. Ona görə də bunu istisna etmək olmaz”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız