Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi taksi xidmətindən kənarlaşan sürücülərə təklif ilə müraciət edib. Bu müraciət Mobillik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı keçirilən brifinq zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov tərəfindən səsləndirilib.
Onun sözlərinə görə, son zamanlar bir çox sürücü taksi fəaliyyətindən uzaqlaşdırılıb və onların məşğulluğu ilə bağlı suallar yaranır. Nazir müavini qeyd edib ki, məşğul olmayan sürücülər avtobusla sərnişin daşımalarına cəlb olunması üçün hazırda geniş imkanlar var.
Lakin nazir müavininin bu təklifi əvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş şəxslər tərəfindən birmənalı qarşılanmayıb. Bir çox sürücü marşrut və taksi fəaliyyətinin olduqca fərqli sahələr olduğunu dilə gətirib. pizza hut
Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirib ki, taksi sürücülərinin əksəriyyətində marşrut xətlərində avtobus sürmək üçün lazım olan “D” kateqoriyalı sürücülük vəsiqəsi yoxdur:
“Əgər taksi xidməti ilə məşğul olan kontingentə fikir versək, onların böyük əksəriyyəti yaşca gənc vətəndaşlarımızdır. Onların böyük bir hissəsində sürücülük vəsiqəsi olaraq yalnız “B” və “C” kateqoriyası üstünlük təşkil edir.
Demək olar ki, taksidə xidmət edən gənclərin əksəriyyətinə biz fikir versək, onlarda “D” kateqoriyasına cavab verən sürücülük vəsiqəsi olduqca az olacaq. Bunun bir neçə səbəbi var.
Sürücülük kurslarında hazırlaşıb imtahan verən şəxslər məqsədli şəkildə, peşəkar olaraq bu sahəni seçirlər. Konkret olaraq, çoxyerlik nəqliyyat vasitəsini idarə etmək məqsədi ilə bu kateqoriya üzrə imtahan verirlər”.
Ekspertin fikrincə, keçmiş taksi sürücülərinə öz çalışdıqları sahəyə uyğun iş tapmaq lazımdır:
“Lakin “B” və “C” kateqoriyasında olan insanlar daha çox öz şəxsi minik avtomobillərini, kiçik tutumlu nəqliyyat vasitələrini idarə etmək məqsədi ilə bu kateqoriyanı alırlar. Onların əksəriyyətində gələcəkdə iri tutumlu maşınları idarə etmək planı heç olmur. Amma bunların böyük əksəriyyəti işsizlikdən, maddi çətinlikdən kiçik həcmli nəqliyyat vasitələri ilə taksi fəaliyyəti göstərir. Bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini də hamıdan gözəl bilir. İnsanların hissləri bu cür oynamaq düzgün deyil. Mən hesab edirəm ki, yaxşı olar, keçmiş taksi sürücülərinə iş tapmaq üçün imkan yaratsınlar”.
Nazim Hacıyev
Telegram kanalımız