“Onlayn Azərbaycan” layihəsi – Əhalinin 85 faizi optik internetlə təmin olunub

saytların hazırlanması

Evə çatdırılma

“Onlayn Azərbaycan” layihəsi – Əhalinin 85 faizi optik internetlə təmin olunub

Rəqəmsal

20 İyun 2024 14:04 6641


Son illər Azərbaycanda internetin inkişafı və internetin sürətinin artırılması istiqamətində bir sıra ciddi addımlar atılır. Regionların, xüsusən paytaxtdan uzaqda yerləşən və nisbətən ucqar hesab olunan rayonların fiber optik internetlə təmin olunması üçün genişmiqyaslı işlər görülür. 

Rəqəmlərə nəzər yetirsək, Azərbaycanda genişzolaqlı internetin sürəti 2022-ci ilin dekabrında 27.15 Mbit/s olduğu halda, 2023-cü ilin eyni dövründə artaraq ortalama 35,25 Mbit/s-i keçib. Bu isə cəmi 12 ay ərzində olduqca yüksək nəticənin əldə edilməsi deməkdir. 

Hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində müxtəlif tutumlu mis kabellər və əvvəlki dirəklər istismardan çıxarılaraq kütləvi şəkildə müasir standartlara cavab verən fiber-optik kabellərlə və yeni dirəklərlə əvəzlənir. Burada əsas məqsəd dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində minimum 25 Mbit/s internet sürəti ilə ölkənin əksər regionlarını əhatə edən genişzolaqlı şəbəkə qurmaqdan ibarətdir.  Dominos pizza

Mövzu ilə bağlı Yenisabah.az-a danışan İKT mütəxəssisi Elvin Abbasov bildirib ki, hazırda sivil dünyada keyfiyyətli və sürətli internet ölkələr üçün rəqabət meyarıdır:

“İlk öncə onu deyim ki, internet və texnologiya dövrünün əsas fundamental məsələsi olan internet infrastrukturu bütün ölkələr üçün artıq bir rəqabət meyarıdır. Yəni rəqəmsal iqtisadiyyat, inovasiya, startap və bunların hər birinin fonunda sürətli internet durur. İnsanların sosial və biznes münasibətləri artıq bütünlüklə artıq rəqəmsal formada formalaşır. 

Bunun üçün də internet infrastrukturu çox əhəmiyyətlidir. Bu dayanan temp olmayacaq. İnternet infrastrukturunda hansısa müəyyən hədəfə çatıb, daha sonra inkişafı saxlamaq deyə bir anlayış yoxdur. Daim inkişaf və irəliləyiş olmalıdır və belə də olacaq. İnternet texnologiyaları bir çox istiqamətdə xidmətlər təqdim edir. 

Azərbaycan bu yarışdan heç vaxt geri qalmayacaq. Hal-hazırda ölkəmizdə internet infrastrukturuna qoyulan inqilabi investisiya o deməkdir ki, Azərbaycan bu sahədə dünyanın sivil ölkələri ilə yarış içərisindədir. Hər ay yayımlanan statistikalardan görürük ki, Azərbaycan bu istiqamətdə hər dəfə yeni məsafələr qət edir. Hazırda Azərbaycanda internetin sürəti orta hesabla 30 Mbit/s-dir. Bizim məqsədimiz internetlə bağlı bir yerə çatıb dayanmaq deyil. Azərbaycan daim bu istiqamətdə inkişaf etməlidir”. 

Elvin Abbasov ölkədə “Onlayn Azərbaycan” layihəsinin uğurla tətbiq edildiyini diqqətə çatdırıb:

“Bu gün “Onlayn Azərbaycan” layihəsi istiqamətində qoyulan infrastruktur investisiyası sadəcə bu günün ehtiyaclarıdır. Amma gələcəkdə bu fundamentin üzərində biz dünyanın sivil ölkələrində olduğu kimi, daha sürətli internetə əlçatanlığı əldə edəcəyik. Bunun üçün bizə başlıca olaraq, ölkənin bütün ucqar rayon və kəndlərində fiber optik kabellərin yaradılması lazım idi. Bu isə artıq Azərbaycanda həyata keçirildi. Hazırda 2.49 milyon ev təsərrüfatının artıq fiber optik internetə əlçatanlığı var. Bu ölkənin təxminən 85 faizi deməkdir və çox önəmli rəqəmdir. 

İlin sonuna qədər ölkənin bütün ucqar rayon və kəndlərinin fiber optik internetlə təmin olunması qarşıda duran əsas prioritetdir. Bunun təbii ki, qiymətlərə də təsiri olacaq. İnternetin sürətinin qiymətinin hesablanması baxımından da dünyanın qabaqcıl ölkələrinin nümunəsi öyrənilir. Bu gün baxsaq görərik ki, internet provayderləri qiyməti stabil saxlayaraq, sürəti artırırlar. 

Misal üçün, daha öncə 30 Mbit-ə ödənilən qiymət, artıq 40 Mbit-ə ödənilir. Yəni qiymət saxlanılaraq sürət artırılır. Hal-hazırda ölkəmizdə dünyada olduğu kimi ən aşağı internet sürəti 25 Mbit/s hesab olunur. Amma Azərbaycanda artıq ən aşağı sürət 30Mbit/s-dır. Lakin yenə də daim inkişafa, nəzarətə ehtiyac var. Provayderlərin vətəndaşlara düzgün xidmət göstərməsinin tənzimlənməsinə ehtiyac var. Avadanlıqlar daim standartlara uyğun təmin olunmalıdır. 

Hazırda ölkədə internetlə bağlı yaşanan problemlərin başlıca səbəblərindən biri binalarda internet avadanlıqlarının istifadəçi sayından olduqca daha aşağı səviyyədə olmasıdır. Məsələn, binada 100 ailə təsərrüfatı var, lakin avadanlıqlar 50 ailəni təmin edəcək səviyyədədir. Bunun üçün də xidmətin göstərilmə forması tam olaraq tənzimlənməlidir”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!