“Əgər söhbət ədəbiyyatdan, mədəniyyətdən gedirsə, bizim o görüşdə olmamağımız mənə təəccüblü gəlir. Orada elələri varıydı ki, sənətlə əlaqəni çoxdan üzüblər”.
“Yeni Sabah” xəbər verir ki, bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı prezidentlə mədəniyyət adamlarının görüşünə münasibət bildirərkən deyib. O, bildirib ki, dünyada kitabları çap olunan, ardıcıl sözünü deyən ədəbiyyat adamlarından biridir, amma görüşə dəvət etməmişdilər: “Sabir Rüstəmxanlı görünməyən adamlar sırasında deyil axı. Ona görə hesab etmirəm ki, nazirlik məni görməyib. Mən xalq şairiyəm, sənət söhbətində iqtidar-müxalifət fərqi qoyulmamalıdır. Üstəlik, bizim partiyamız vətəndaş həmrəyliyinə çağırır, ayrı-seçkilik olmamalıdır.
Amma baxırsan ki, ən xırda məsələlərdə ayrı-seçkilik olunur. Məsələn, bir veriliş gedir, adı “Sevilənlər”dir, ora daha çox rusca danışan sənət adamları çağırılır. Gəlin xalqın içinə çıxaq, görək onları, yoxsa bizi çox sevirlər. Amma dövlət televiziyasına bizi dəvət eləmirlər. Marqarita pizza
Bizə qarşı bu nə münasibətdir, başa düşmürəm. Müstəqilliyə imza atan biz, risklərə gedən biz, zülm çəkən yenə biz. Gəl ki, müstəqil ölkədə necə olur bizi AzTV-yə, tədbirlərə dəvət etmirlər, humanitar forumlara çağırmırlar.
Mən 25 il deputat olmuşam. Yaxşı, Milli Məclisdən ayrılmışıq, dövlətdən ki ayrılmamışıq?! Bizim zəhmətimizin nəticəsi bu olmalıdır? Adama ağır təsir edir.
Söz yox ki, həmin görüşə gedənlərin əksəriyyətinin mədəniyyətə, ədəbiyyata xidməti olub. Ancaq onların çıxışlarının ümumi səviyyəsi məni razı salmadı. Görüşdə ziyalılar Qarabağ problemini, əhalinin vəziyyətini prezidentə deməliydilər”.
S. Rüstəmxanlı deyib ki, prezidenti insanlardan aralı saxlamağa çalışırlar. Dövlət başçısı rayonlara gedir, amma hər şeydən vaxtından xəbər tuta bilmir: “Özünüz də görürsünüz ki, xəbər tutan kimi göstəriş verir. Bu işi sənət adamları görməlidir, sözünü cəsarətlə deməlidir. Millətin problemlərindən danışmaq lazım idi. Amma biri yaxınının adına küçə qoyulmasını istəyir, o bir heykəl qoyulmasını xahiş edir.
Mən bir söz demirəm, Tağıyevə də heykəl qoyulsun. Amma Rəsulzadə, Xoyski, Topçubaşov, Yusifbəyli kimi kişilər olub, bəs onların niyə heykəli olmasın?!
Bundan əlavə, ana dili məsələsi var. Prezident bu barədə proqramlar hazırlayır, Təhsil Nazirliyi isə bir ucdan rus dili məktəblərinin sayını artırır. Təhsildə dərslik, məktəb tikintisi və s. məsələlər var, ziyalılar görüşdə bunları deyə bilərdi. Prezident hansı məsələni, problemi eşidir, ona diqqət ayırır. Ölkə başçısının ictimai rəyə ehtiyacı var, amma kimlərsə ictimai rəyi ondan gizlədir”.
S. Rüstəmxanlı görüş siyahısını kimi hazırladığı ilə maraqlanmadığını deyib, amma narahatlığının olmadığını da vurğulayıb: “25 il parlamentdə sözümü demişəm. Sadəcə, o görüşdəki adamlar sovet vaxtı da tədbirlərdə idilər, 30 il keçib yenə həmin adamlar oradadırlar. Onların arqumentləri, danışıq səviyyələri məni qane etmədi.
Ziyalı qorxaq olmamalıdır. O görüşdə ziyalılar öz yaxınlarının, qohumlarının problemini qoymalı deyildi. Anarın yaxşı təklifi varıydı, dedi Ziyalılar Şurası yaradılsın, tez-tez toplaşıb müzakirələr aparmaq lazımdır. Millət Anardan daha çox şey gözləyir. Müdrik yaşındadır, onun əlavə nəsə deməyindən prezident də inciməzdi.
Məsələn, Qarabağ kimi problemi olan millətin kinostudiyası bərbad gündədir. Bu məsələ qaldırılmalıydı, Qarabağ mövzusunda bədii və sənədli filmlər çəkilməlidir, kinostudiya təmir olunmalıdır, avadanlıq gətirilməlidir”.
Telegram kanalımız