Ermənistan 44 günlük müharibədə məğlub olub kapitulyasiya akına imza atsa da, Azərbaycan işğal altında olan torpaqlarını azad etsə də, iki ölkə arasında sülh sazişi hələ ki, imzalanmayıb, sərhədlərin delimitasiya və demarkasiyası başa çatmayıb. Ermənistanın revanşist qüvvələri hələ də toparlanmaq, qisas almaq haqqında düşünürlər. Bu proseslər başa çatmayınca, iki ölkə arasında sülh sazişi imzalanmayınca, ayıq-sayıqlığı itirməməliyik, düşmənə şans verməməliyik.
Bilməliyik ki, düşmən pusqudadır, hər addımımızı izləyir. Xüsusi olaraq, Azərbaycan mediasını, sosial şəbəkə platformalarının Azərbaycan seqmentini çox diqqətlə izləyirlər, burada yayımlanan bütün informasiyaları təhlil edirlər, həmin informasiyalar əsasında ölkədəki durumu dəyərləndiririlər, bəzən kontekstdən çıxarıb ölkəmiz haqqında yanlış rəy də formalaşdırırlar. Ötən həftə Ermənistanın analitik mərkəzləri tərəfindən yayımlanan hesabatı gördük. “Azərbaycan mediasının son 3 aylıq monitorinqininin nəticələri”nə həsr edilmişdi. Bu faktın özü gösətirir, Azərbaycan mediası, sosial şəbəkə seqmenti düşmən tərəfindən necə diqqətlə izlənilir, müşahidə olunur. Azərbaycan jurnalistləri, sosial şəbəkə aktivləri bu mənada diqqətli olmalıdırlar. Xüsusən, hərbi mövzuda yazı yazarkən, informasiya paylaşarkən, hər bir cümləni diqqətlə ölçüb biçməlidirlər. Bu, həm də qanunlarımızın tələbidir. Mövcud qanunlar hərbi mövzuda informasiya paylaşarkən, həssas yanaşmanı tələb edir. 2014-cü ildən başlayaraq, informasiya təhlükəsizliyini ehtiva edən qanunlara əlavə və dəyişikliklər edilib, bütün nüanslara aydınlıq gətirilib. Həmçinin, Prezident İlham Əliyevin mövzu üzrə bir neçə sərəncamı olub. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 sentyabr tarixli Sərəncamını bu baxımdan dönüş nöqtəsi hesab etmək olar. Bütün bu qanunlarda, sərəncamlarda çox aydın şəkildə göstərilir ki, xəbər istehsalçıları hərbi mövzuda informasiya hazırlayarkən, necə davranmalıdırlar. Çox təəssüf ki, əksər xəbər istehsalçıları, hətta bəzən jurnalistlərimiz də bu qanunları görməzdən gəlirlər, hərbi mövzuda informasiya yayarkən, dəqiqləşdirilməmiş, ehtimallar üzərində qurulan xəbərlərə üstünlük verirlər. Dünəndən etibarən Azərbaycan Ordusunda ştat dəyişikliyi, şəxsi heyətin rotasiyası, kadr islahatları barədə çoxsaylı informasiyalar yayılır. Çox təəssüf ki, bu məlumatlar bəzən kontekstdən çıxarılır, təhrif edilir, ehtimallar üzərində qurulur. Bu, çox təəssüfedicidir. O baxımdan Müdafiə Nazirliyinin narahatlıq keçirməsi də başadüşüləndir. Jurnalistlər, sosial şəbəkə istifadəçiləri Nazirliyin müraciətini nəzərə almalı, bu yöndə informasiya paylaşımında dəqiqlik amilini gözləməli, rəsmi dairələrlə dəqiqləşdirmə aparmalıdırlar.
Bununla yanaşı əlavə etməyi zəruri sayıram ki, mövzu üzrə yanlış informasiyaların yayılmasında iki nüans diqqət çəkir. Birinci nüans odur ki, Azərbaycan KİV-lərinin böyük kəsimi məsələdə diqqətli hərəkət edirlər, yanlışa və təhrifə yol vermirlər. Mövzunu qəsdən kontekstdən çıxaranlar, ictimai rəyi çaşdıranlar mövcuddurlar, amma bunları Azərbaycan jurnalistikasının adına yazmaq düzgün olmaz. pizza hut
İkinci nüans budur ki, KİV işçilərinin zəruri anda informasiyanı rəsmi qurumlarla dəqiqləşdirmək çətinlikləri hələ də qalır. Rəsmi qurumlardan zamanında cavab ala bilməyən jurnalistlər informasiyanı aldıqları kimi yaymaq məcburiyyəti ilə üzləşirlər. Yaxşı olardı ki, iki Ermənistanla mübahisələrin davam etdiyi şəraitdə “Hərbi informasiya mərkəzi”nin fəaliyyəti də davam etdirilsin. 44 günlük Vətən müharibəsi günlərində formalaşdırılan “Hərbi informasiya mərkəzi”nin dövlət qurumlarının, rəsmi şəxslərin iştirakı ilə gündəlik brifinqlər keçirməsi, jurnalistlərin suallarının operativ cavablandırılması çox faydalı idi. Jurnalistlərə imkan verirdi ki, istədikləri sualları operativ şəkildə dəqiqləşdirsinlər, Azərbaycan cəmiyyətini doğru, düzgün məlumatlarla təmin etsinlər.
Müşfiq Ələsgərli
Jurnalistlərin Həmkarlar İtifaqının sədri
Media eksperti
Telegram kanalımız