“Azərbaycan və Rusiya arasında qarşılıqlı etimad səviyyəsi prezidentlərdən başlamış adi vətəndaşlara qədər bütün səviyyələrdə çox yüksəkdir. Demək istərdim ki, keçən il rekord sayda – 900 minə yaxın rusiyalı Azərbaycana səfər edib. Bu, onu göstərir ki, insanlar və ölkələr arasında münasibətlər ən yüksək səviyyədədir. Ona görə ki, onlar özlərini evdəki kimi hiss edir, buraya yaxşı niyyətlərlə gəlir və burada onlara doğma münasibət bəsləyirlər”.
“Yeni Sabah” xəbər verir ki, bunu prezident İlham Əliyev Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillə görüşündə deyib. Prezident qeyd edib ki, keçən il Rusiya və Azərbaycan prezidentləri arasında altı görüş olub: “Düşünürəm ki, bu da bizim münasibətlərimizin mahiyyətini və xarakterini, yaxınlığımızı əks etdirən rekord göstəricidir. Əlbəttə, Vladimir Vladimiroviçin Azərbaycana səfəri və mənim Rusiyaya səfərim bizim münasibətlərimizin daha da möhkəmlənməsi işində çox mühüm rol oynayıb. Düşünürəm ki, bizim münasibətlərimiz qonşular arasında münasibətlərə nümunə ola bilər. Bizi tarixi baxımdan bağlayan səbəblər çoxdur və bu gün - biz bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqə saxladığımız bir vaxtda bu əməkdaşlıq, əlbəttə, bizim regionda, Qafqazda sülhün möhkəmlənməsi işində xüsusi əhəmiyyət kəsb edir. Buna görə də biz dövlətlərarası münasibətlərin bütün palitrasına nəzər salanda, əlbəttə, müsbət dinamika görürük”.
Telegram kanalımız