Sovet dövrünün məşhur lətifəsini xatırlayırsınız? O vaxt test üsulu yox idi. Abituriyentlər müəllimlərlə üz-üzə, göz-gözə oturub imtahan verirdilər. İndi olduğu kimi, sovet dönəmində də valideynlərin böyük əksəriyyəti övladlarını prokuror görmək istəyirdilər. Buna görə də hüquq fakültəsinə qəbul olmaq Hadı Rəcəblidən ağıllı söz eşitmək qədər çətin idi.
Bu fakültəyə qəbul, adətən, tapşırıqla baş tutduğu üçün savadlı gənclərin 90 fazi "kəsilirdi". Bir gün müəllimlər yenə çox savadlı abituriyentlərdən birini "kəsmək" məcburiyyətində qalırlar. Hardan sual verirlərsə, uşaq ordan cavab verir. Axırda qocaman professor dözməyib belə deyir: "A bala, nə vacibdir hüquqşünas olasan? Gəl, səni "konkurs"la tarix bölümünə keçirək. Orda oxu, bizim də gözümüz üstündə olsun".
Oğlanın cavabı belə olur: "Müəllim, biz çoxuşaqlı ailəyik. Özümdən kiçik 9 bacı və qardaşım var. Atam deyir ki, sən prokuror olmasan, mən bu uşaqları böyüdüb bir yerə çıxara bilmərəm".
Bu gün-sabah Azərbaycanda abituriyentlərin ixtisas seçiminə start veriləcək. Birinci və ikinci qrupa imtahan verib 200 bal toplayan gənclər artıq özlərini tələbə kimi hiss edirlər. Jurnalist dostlarımdan birinin oğlu cəmi 170 bal toplayıb, amma dünya vecinə deyil. Əmindir ki, bir neçə gün sonra birinci qrupda keçid balı 150-yə endiriləcək və onun oğlu da böyük tələbə ordusuna qoşulacaq.
Dördüncü və beşinci qruplarda da vəziyyət sabitdir. Az-çox savadı, düzgün seçim etmək bacarığı olan gənclərin əksəriyyəti tələbə olmaq arzusuna qovuşacaq. Əgər bu ölkədə fizika müəllimi olmaq üçün cəmi 250 bal tələb olunursa, deməli, müqəddəs müəllim adını daşımaq əlçatmaz arzu sayılmamalıdır.
Üçüncü qrupda isə vəziyyət təxminən ABŞ-İran münasibətləri qədər gərgin və mürəkkəbdir. 600-ə yaxın bal toplayan abituriyent tanıyıram ki, atası övladının ödənişli əsaslarla hüquq fakültəsinə düşməsi üçün gecə-gündüz Allaha dua edir. Yazının birinci abzasını xatırlayıb elə düşünməyin ki, kişinin hələ məktəbli çantası daşıyan 5 qızı, 4 oğlu var. Elcan evin tək uşağıdır. Atasının üçmərtəbəli evi, xarici maşını, şəhərin mərkəzində obyekti var. Amma o gün deyirmiş ki, artıq pul göz çıxarmır...
Bu ölkədə övladlarını zəhmli rəis, adam danlayan prokuror görmək istəyən, onların ülvi arzularının qarşısına sədd çəkən neçə-neçə acgöz ata, şöhrətpərəst ana var...
Niyə hamı polis, yaxud prokuror olmalıdır? Bu ölkəyə yaxşı həkim, müəllim, mühəndis lazım deyil? Maldarlıq təsərrüfatına sahib olan tanışım savadlı baytara 3 min manat maaş versə də, yaxşı mütəxəssis tapa bilmir.
Üç il əvvəl Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral mənə demişdi ki, biz sizin gəncləri ölkəniz üçün hava və su qədər vacib olan ixtisaslarda oxutmaq istəyirik. Amma onlar oxumaq istəmirlər. Valideynlər övladlarının hüquqşünas və "buxalter" olmağını istəyirlər...
Bilirsiniz, niyə? Çünki hamı pul saymaq istəyir. Pul saymaq ehtirası gözümüzü elə tutub ki, övladlarımızın ən ülvi arzularını beşikdə boğmaqdan çəkinmirik.
Biz pul saymaq arzusuyla alışıb-yandıqca heç kim bizi saymayacaq...
Seymur VERDİZADƏ
Telegram kanalımız