Özəl sektor üçün stimulverici addım – Elektromobillərə təşviq genişlənir

saytların hazırlanması

Evə çatdırılma

Özəl sektor üçün stimulverici addım – Elektromobillərə təşviq genişlənir

Avto

13 İyun 2024 14:49 9689


Ölkə başçısının mart ayında imzaladığı “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında” sərəncamdan sonra bu qəbildən olan maşınların ölkəyə idxalı və nəqliyyat sisteminə inteqrasiyası sürətləndi. 

Sərəncama əsasən, yaxın vaxtlarda elektromobil avtomobillər üçün enerji doldurma məntəqələrinin quraşdırılması və sayının artırılması, lazımi infrastrukturla təmin olunması istiqamətində bir sıra işlər görüləcək. Digər tərəfdən, prezident İlham Əliyevin bu sərəncamı ölkədə elektormobillərin idxalı ilə məşğul olan, onların ehtiyat hissələri və digər lazımi avadanlıqlarının satşını həyata keçirən sahibkarlar üçün də olduqca faydalı addımdır. 

Müasir dünyanın elektronlaşdığını, avtomatlaşdığını nəzərə alsaq, ölkəmizdə də nəqliyyat vasitələrinin mərhələli və tədricən yeni tələblərə cavab verməli olduğunu deyə bilərik. İstər ekoloji təmizlik, istərsə də yeni nəsil sürüş imkanları ilə elektromobil nəqliyyat vasitələri hazırda dünyada ən çox tələb olunan avtomobillərdir.  pizza sifarişi

Bu addım həmçinin aidiyyəti sahədə fəaliyyət göstərən özəl sektor və iqtisadi inkişaf baxımından da olduqca əhəmiyyətlidir. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan  Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev bildirib ki, ölkə başçısının elektromomobil avtomobillər və ekoloji nəqliyyat vasitələri ilə verdiyi sərəncamlar istər vətəndaşlar, istərsə də aidiyyəti sahədə fəaliyyət göstərən özəl sektor üçün olduqca stimul vericidir:

“Hələ 2021-ci ildə, cənab prezidentin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı bir sərəncamı oldu. Bu sərəncamın 5-ci bəndi “təmiz ətraf mühit və yaşıl artım ölkəsi” adlanırdı. Həmin maddə ilə bağlı ölkədə ekoloji təmiz nəqliyyat vasitələrinin stimullaşdırılması istiqamətində xeyli işlər görüldü. Bütün aidiyyəti dövlət qurumları, özəl sektor bu işə cəlb olundu. 

Daha sonra məlum olduğu kimi banklar elektrik avtomobillərlə bağlı kreditin ilkin ödənişi 10, hibridləri isə 20 faizə endirdi. Bundan başqa gömrük rüsumu və ƏDV-dən azadolunma məsələləri oldu. Sözsüz ki, biz statistikalara baxsaq, ölkəyə gətirilən elektrik mühərrikli avtomobillərin sayında 2022-ci ildə olan statistika ilə, 2023-də olan statistika arasında yerlə-göy qədər fərq var. 

İndi bu məsələlərdən sonra, başlıca məqsəd 2030-cu ilə qədər avtoparklarımızda elektromobil avtomobillərin sayını artırmaqdır. Əlbəttə, bunların hamısı istər vətəndaş, istərsə də özəl sektor üçün stimuldur, güzəştdir. Mən ümid edirəm ki, bizim avtoparkımız nəinki özəl ekoloji avtomobillərlə, hətta benzin və dizel mühərrikli yeni avtomobillərlə təzələnsin. Bildiyiniz kimi, avtoparkımızın 83 faizi yaşı 10 ildən yuxarı olan avtomobillərdir. Yəni köhnə maşınlardır. 

Biz Avropaya inteqrasiya edirik və inkişafda olan ölkələrdən biriyik. Bunlar mütləqdir və davamlı olacaq. Mən hesab edirəm ki, elektromobil maşınlarla bağlı bu ilki idxal statistikası ötən ili geridə qoyacaq. Hal-hazırda özəl sektor tərəfindən elektromobil avtomobillərin ustalarının inkişaf etdirilməsi, onların bilik-bacarıqlarının artırılması üçün istehsalçı zavodlarda təlimlər keçirilir. Ölkəmizdə bu istiqamətdə xüsusi avadanlıqlar gətirilir. Bunlar hamısı özlüyündə bu sektor üçün müsbət stimuldur”.

Eyyub Əliyev yaxın illərdə ölkədə elektromobil və hibrid mühərrikli avtomobillərin istehsalı və yığılması ilə bağlı addımlar atılacaq. O, bu işlə bağlı bir çox böyük şirkətlərin artıq işlər gördüyünü də diqqətə çatdırıb:

“Özəl sektor tərəfindən bu yöndə işlər gedir. Ekoloji təmiz nəqliyyat vasitələrinin ölkəmizdə istehsal edilməsi ilə bağlı məsələlər müzakirə olunur. Mən ümid edirəm ki, yaxın vaxtlarda biz bunun da şahidi olacağıq. Hal-hazırda 2-3 böyük şirkət tərəfindən bu istiqamətdə işlər gedir. 

Yaxın 1-2 ildə ölkəmizdə elektromobil və hibrid maşınların yığılmasına başlanması ilə bağlı işlər görüləcək. Çox güman ki, bu işdə real namizəd yerli istehsalçı olan “AZƏRMAŞ” şirkəti və paralel olaraq “Naxçıvan Avtomobil Zavodu”dur. Hər iki şirkətin bu istiqamətdə addım atacağı gözlənilir”.

Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli ölkə başçısının sərəncamının ölkənin nəqliyyat bazarına və sahibkarlığa olduqca müsbət töhfələr verəcəyini qeyd edib:

“Təbii ki, elektromobillərin aksiz vergisindən azad olması, eyni zamanda həm də hibrid avtomobillərin təşviqi bizdə bu növ nəqliyyat vasitələrinə üstünlük verməyə şərait yaradır. Ümumiyyətlə biz yaxın perspektivdə dünyada elektromobillərin daha çox istehsal edildiyini müşahidə edirik. 

Əgər biz “yaşıl iqtisadiyyat”, “yaşıl dünya” və bu istiqamətdə fəaliyyət göstəririksə, yəqin ki, yaxın gələcəkdə elektromobillər Azərbaycanın nəqliyyat bazarını əhəmiyyətli dərəcədə əhatə edəcək. Mən artıq bunun ciddi simptomlarını görürəm. Kifayət qədər satış mərkəzləri, fərdi sahibkarlar var ki, elektromobillərlə bağlı sifarişlər edir, onların daşınmasına üstünlük verirlər. Sözsüz ki, onların enerji doldurma məntəqələrinin sayının artırılmasına da ciddi ehtiyac var. 

Çox yaxşı olardı ki, bu qəbildən olan maşınların servislərində fəaliyyət göstərən ustaların Çində, Koreyada təlim keçməsini şirkətlər həyata keçirsin. Düşünürəm ki, ölkə başçısının bu cür təşviqedici sərəncamları sözsüz ki, Azərbaycan üçün olduqca əhəmiyyətli dərəcədə nəqliyyat bazarına təsirini yaradacaq və yaxın illərdə vətəndaşlarımız daha çox elektromobillərin alınmasına üstünlük verəcəklər”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!