Pandemiyanın ölkəmizdə yayılmağa başladığı dövrdə tətbiq olunan karantin rejimi ilə əlaqədar insanlar artıq baş qatmaq üçün əlavə məşğuliyyətlər tapmağa çalışdılar.
Bu zaman cəmiyyətdə ən çox maraqla qarşılanan hadisə kişilər tərəfində “Facebook”da "Evdar Kişilər Klubu"nun yaradılması oldu. Bir neçə dəfə xanımlar bu qrupa sızmağa çalışsalar da, evdar kişilər buna dərhal mane olublar. Hazırda bu qrupda 36 mindən çox üzv var. Deyilənlərə görə, kişilər bu qrupda olduqca maraqlı paylaşımlar edirlər. Kimi yemək bişirib payaşır, kimi yoldaşının bişirdiyi yeməyi öz adına çıxır, kimi zarafata qeybət üçün mövzu tapır, yəni bir təhər günlərini keçirirlər. Bütün bunlar elə ilk gündən pandemiyanın insanların psixologiyasına ciddi təsir göstərməsindən xəbər verir. Maraqlıdır, evdə oturmaq kişilərin xarakterinə necə təsir göstərib? Onların ailədəki davranışlarında dəyişikliklər olubmu? Bir müddət də evdə otursalar, onlarda qeybətə meyl yarana bilərmi, yoxsa artıq çoxdan yaranıb?
Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən psixoloq Aytən Ələkbərova bildirib ki, pandemiya dövründə kişilər xanımlarının qədrini daha çox bilməyə başlayıb: “Pandemiya yayılmağa başladığı zamandan hər kəsin “evdə qal” şüarına riayət etməsi bəzi məqamları ortaya çıxardı. Hər bir kişidə sanki evdə ailəsinin qədrini bilməyə doğru müsbət fikir formalaşdı. Bizim konsultasiyalarımız davam edir və bu onlayn konsultasiyaların içərisində görürük ki, bəzi bəylər öz ailələrinə qarşı haqsızlıq etdiklərinin fərqindədirlər. İnsanlar artıq düşünür ki, evdə uşaqların, ailənin qayğısını çəkmək,yemək bişirmək, bütün ev işlərinin öhdəliyindən gəlmək heç də asan deyilmiş. Lakin müəyyən bir vaxtda təbiidir ki, təmizlik üstündə ailələrdə xırda söhbətlər də yarandı. Çünki kişilər onların yanında təmizlik işlərinin aparılmasını heç sevmirlər. Nəticədə xırda deyintilər və kiçik münaqişələr baş verib. Bəzi ailələr var idi ki, həmişə övladın tərbiyəsində günah xanımda axtarılırdı. Amma sən demə, uşaqdakı dəcəllik ata qayğısının az olması imiş. Kişilər bunu sezdilər. Bir şeyi qeyd edim ki, psixoloq qara buludlardan sonra yaranacaq günəş deyil, o qara buludlar qədər yaranan günəşdir ki, cütlüklər arasında qara buludlardan yağan yağışa “nə romantik havadır” demələrində böyük rol oynayır. Ailələrin bir-birinə can deyib can eşitməsində bəzən psixoloqların da mühim rolu olur. Məsələn, pandemiya insanlarda təşviş, qorxu yaratdı, bunun öhdəsindən gəlmək istəyənlər psixoloqlara müraciət etdi. Bu müraciətlərdə kişilərin bir məqamı ortaya çıxdı, “mən bir kişiyəm və ailəmi qorumalıyam” dedilər. Ona görə də son dövrlər yaranan şəraitlə əlaqədar psixoloqa daha çox kişilərin müraciət elədiyini deyə bilərik. Onlar istədilər ki, birinci öz təşvişlərini, sonra da ailədəki təşvişi aradan qaldıra bilsinlər. Çünki bizim xanımlarımız bir bəy sıldırımlı qaya da olsa, ona söykənməyi sevirlər. “Eybi yox, arada olan söz-söhbəti də keçərik, yetər ki, bizim üçün bir dağ olsun, bizə səhra qumu lazım deyil” deyirlər. Çünki səhra qumu balaca yağışda palçığa dönər”. pizza mizza
Psixoloq bəylərdə qeybətə meyilliliyin yarandığını artıq düşünmədiyini də vurğulayıb: “Çünki müraciət edənlərin arasında bunlar sezildi. Sadəcə olaraq, insandırlar, bir-birləri ilə söhbət edə bilərlər, yaxud mövcud vəziyyətdən narazılıqları ola bilər və s. Hətta bu vəziyyət kişilərin dostluqlarında möhkəm bir bağlanış oldu. Sanki qadından doyma prosesi baş verdi. Yəni bir müddət onlar heç bir qadına meyilli olmayacaqlar, çünki evdə yetəri qədər qadın incəliyi gördülər. Həmçinin qadının ev təmizləyən, yemək bişirən halını da gördülər. Ona görə də artıq kişilərimiz qeybəti yox, xanımlarına qiymət verməyi öyrəndilər. Bu, o demək deyil ki, buna qədər onlar xanımlarına qiymət vermirdilər, sadəcə olaraq qadının aliliyini gördülər. Qadın oldu ki, bu müddətdə yoldaşını təsəlli elədi. Ona görə də pozitiv olaq, biz yaxşı düşünəndə hər şey yaxşı olur. “Biz birlikdə güclüyük” şüarı bizə motivasiya verdi və hər şey daha yaxşı gedir”.
Sayad Həsənli
Telegram kanalımız