Ağ Partiya başqanı Tural Abbaslının “Yeni Sabah”a müsahibəsi:
- Sabah siyasi partiyaların dövlət qeydiyyatından keçirilməsi üçün son gündür. Sizcə, Ədliyyə Nazirliyi neçə siyasi partiyanı qeydiyyata alacaq?
- Düşünmürəm ki, bu məsələlər Ədliyyə Nazirliyinin şəxsi kefindən asılı olsun. 2 hal ola bilər: birincisi, bu məsələ qanunun tələbləri ilə yoxlanılmalıdır və minimum 5 min üzvün reyestr məlumatını verən partiya yenidən qeydiyyata alınmalıdır; ikincisi, nazirlik siyasi qərarlarla nəticə çıxarılmamalıdır. pizza
İyulun 11-i ən son təqdimetmə günüdür. Yəni təqdim edilən sənədlər Ədliyyə Nazirliyinin müvafiq qurumlarında yoxlanılır və çatışmazlıqlar barədə partiyalara məlumat verilir və 15 gün-1 ay ərzində çatışmazlıqları düzəltmək imkanı yaradılır.
- Bəs sizə görə neçə partiyanın olması məqbuldur?
- ABŞ-da partiyaların sayı 200-dən çoxdur. Amma siyasi arenada güclü olan, prosesləri idarə edən cəmi 2 partiya var. Yaxud bir çox Avropa ölkələrində də partiyaların sayı çoxdur, o cümlədən qonşu Gürcüstanda. Amma parlamentə təsir imkanları olan partiyaların sayı çox azdır.
Fikrimcə, partiyaların sayı, onların təmsilçilik hüquqları Ədliyyə Nazirliyi tərəfindən tənzimlənməməli, əksinə, təbii rəqabət mühiti olmalıdır. Bir demokratik seçkidən sonra Azərbaycanda neçə partiyanın olmalı olduğunu hamımız biləcəyik.
Əhalinin siyasətə marağının aşağı olduğu bir zamanda Azərbaycanda 60 partiyanın olması heç kəsə inandırıcı gəlmir. Ən yaxşı halda vətəndaşlar 3-4 partiyanın adını bilir.
Əsas odur ki, sağlam rəqabət mühiti yaradılsın və partiyalar varlıqlarını qeydiyyatla yox, parlamentdəki təmsilçiliklə göstərsin. Ola bilər ki, elə partiya olsun ki, aktiv olsun, amma demokratik seçkilərdə parlamentə düşməsin. Bu baxımdan, partiyaların varlığı minimum şəkildə parlamentdəki təmsilçiliklə ölçülməlidir. Orada neçə partiya təmsil olunmalıdır, bu da artıq xalqın verəcəyi qərar olacaq.
- Maraqlıdır, sayı inzibati qaydada azaltmaqda məqsəd nədir?
- Bunu iqtidar tərəfi daha gözəl bilər ki, saylar niyə azaldılır. İndi iqtidardan soruşsanız, onlar da deyəcək ki, biz azaltmırıq. Əksinə, partiya 5 min üzv siyahısını təqdim edə bilmir deyə, fəaliyyətini dayandırıb. Hakimiyyət düşünür ki, “az olsun-saz olsun” misalındakı kimi, partiyalar müəyyənləşsin. Yaxud ola bilsin, partiyaların sayı iqtidar üçün məqbul səviyyəyə düşdükdən sonra onların fəaliyyəti üçün münbit şərait yaratdılar. Ofislərin təmin olunması, partiyaların normal şəkildə büdcədən maliyyələşməsi, siyasi həyata təsir imkanları və s.
Məsələn, Xaçmaz rayonunu götürək. Bu rayonda bütün siyasi partiyaların nümayəndələri var. İndi bu partiyaların hamısı Xaçmaz rayon İcra Hakimiyyətinə müraciət edir ki, bizi ofislə təmin edin. İqtidar düşünür ki, biri var, 60 partiya müraciət edə, biri də var ki, 10-15 partiya. Hakimiyyət işini rahatlaşdırmaq üçün sayın azalmasında maraqlıdır.
- Bundan sonra partiyaların birləşməsi mümkündürmü?
- İlk variantda 10 min say qoyulmuşdu. Sonradan ictimai müzakirələr və polemikalar nəticəsində rəqəm 5 minə endirildi. Siyasətlə məşğul olan adamların hamısı hansı partiyanın nə qədər gücü olduğunu bilir. Ehtimal edirdim ki, bir neçə partiyalar birləşsin, amma hələlik öz fəaliyyətini dayandıran partiyalar daha çoxdur.
Ümumiyyətlə, birləşmə haqqında diskussiya belə getmir. Görünən odur ki, partiyaların eqoları siyasi maraqlarından daha üstündür.
5 min üzv Azərbaycan seçicilərinin 0.08%-i edir. Lakin bu, Azərbaycan reallığında kifayət qədər böyük rəqəmdir. 60 rayonu götürsək və hərəsində 50 üzvün olsa, bu 3 min edir. Üstəgəl, 2 min üzv də lazımdır. Bu, kifayət qədər böyük rəqəmdir. Hazırda partiya sədrləri danışır, müsahibələr verib rəqəmlər deyirlər, amma mən dəhşətə gəlirəm, onlar bu rəqəmin məsuliyyətini anlayırmı?
Bir çox hallarda fantastik rəqəmlər deyirlər, adam heyrətə gəlir. 23 illik partiya təcrübəm var, şəxsən mən rəqəmlərin məsuliyyətini gözəl anlayıram.
- Sizcə, növbədənkənar seçkilər mümkündür?
- Birincisi, referendum olmalıdır. Parlamentin tərkibi genişlənməlidir. Çünki 125 deputat Azərbaycanın 10 milyondan çox vətəndaşın problemlərinin və qayğılarının həll olunmasında aciz qalır.
Ona görə də, birincisi, Konstitusiya dəyişikliyi olmalı, parlament üzvlərinin sayı artırılmalı, eyni zamanda proporsional seçki sisteminə keçid edilməlidir. Əgər istəyirik ki, çoxpartiyalı sistem inkişaf etsin, o zaman siyasəti və parlamenti peşəkarlaşdırmaq lazımdır. Yəni təsadüfi insanların parlamentə girişinin qarşısını almaq üçün Türkiyə və Gürcüstandakı kimi proporsional seçki sistemi gətirilməlidir. Çünki bu ölkələrdəki insanlar şəxslərə yox, partiyalara səs verirlər.
Seçki Məcəlləsi də dəyişməlidir. Növbədənkənar parlament seçkiləri mütləq olmalıdır.
Rafi MÜSLÜMOV
Telegram kanalımız