“Paşinyan açıq deyə bilməz ki, gəlin, Qarabağı Azərbaycana verək. Bunu desə...” 

saytların hazırlanması

Evə çatdırılma

“Paşinyan açıq deyə bilməz ki, gəlin, Qarabağı Azərbaycana verək. Bunu desə...” 

Siyasət

06 Oktyabr 2022 12:27 2218


Müstəqil siyasətçi Azər Qasımlının “Yeni Sabah”a müsahibəsi:

- Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün Ermənistan Milli Məclisindəki çıxışı zamanı bir daha söyləyib ki, Ermənistan Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqləyir. Bundan əlavə, o deyib ki, Ermənistanın ətraf ölkələri qarşı heç bir ərazi iddiası yoxdur. Lakin bundan təxminən 2 həftə öncə həmin Paşinyan idi ki, rəsmi Bakının Xankəndi ilə danışıqları getməsini bir təklif kimi irəli sürmüşdü. Erməni baş nazirin ikitərəfli danışmasının səbəbi nədir?

- Mən hesab edirəm ki, Nikol Paşinyan belə bir çıxış etməklə müəyyən mənada kartları açmış oldu. O baxımdan ki, erməni iqtidarının hazırda əsas mesajı odur ki, Qarabağ onsuz da nə ermənilərdədir, nə də azərbaycanlılarda, Qarabağ Rusiyanın nəzarətindədir. Biz də Qarabağın Azərbaycana aid olduğunu qəbul edirik və bundan sonra da danışıqları elə bu səpkidə də davam etdirməyə hazırıq. Dominos pizza

Özü də Paşinyanın sözlərində indiki məqamda istənilən şey axtarmaq olar. Amma madam ki, bu sözləri o bu şəkildə deyirsə, qoy, olsun. Şəxsən düşünürəm ki, Azərbaycan XİN onun sözlərinə istinad edərək bir bəyanat verməlidir ki, erməni Baş nazir belə bir şey deyib və bunları nəzərə alaraq, biz Ermənistanla sülh müqaviləsi danışıqlarını aparmağa hazırıq və s. Bunları mütləq deməlidirlər. Yəni o başqa bir söz deməyibsə, bu dediyi sözlərlə yola çıxmaq lazımdır.

-  Paşinyanın “keçmişlər” adlandırdığı Koçaryan-Sarkisyan cütlüyünü bu məsələdə günahlandırmağı, hətta sabiq xarici işlər nazirləri Vardan Oskanyanla Edvard Nalbandyanın bu siyasəti qəbul etməsini bildirməsinin pərdərarxası məqamı nədir?

- Burada məsələ burasındadır ki, Paşinyanı çox sıxmaqla bir şeyə nail olmaq alınmayacaq. Çünki Azərbaycan onu çox sıxmaqla o baş verəcək ki, növbəti mərhələdə Rusiya çıxıb deyəcək ki, Paşinyanın bəyanatları bizim üçün önəmli deyil və Qarabağda ermənilər varsa, onların hüquqları da var. Ona görə də, əgər biz də burada sülhməramlıyıqsa, həmin Paşinyanın imza atdığı bəyanata görə, burada qalacağıq. Yəni ciddi şəkildə bir şey dəyişməyəcək və ruslar Qarabağdan çıxıb Xankəndini bizə verən deyil.

Digər tərəfdən, Paşinyana qarşı ciddi bir ayaqlanma olacaq. Çünki onlar üçün Qarabağ mövzusu önəmli bir məsələdir və Paşinyanı xəyanətdə ittiham edib, yenidən onu hakimiyyətdən devirməyə çalışacaqlar. Yəni hazırda Paşinyanın özü onsuz da sıxılmış bir vəziyyətdədir və biz onu sıxmaqla istədiyimizə o qədər də nail ola bilməyəcəyik.

Əslində, Paşinyanın Sarkisyana, Koçaryana və digərlərinə istinad etməsi, o cümlədən onların adlarını çəkməsi onun özü üçün bir növ sığortadır. O baxımdan ki, “Qarabağı mən verməmişəm, Qarabağı məndən əvvəl veriblər və əvvəl bu problemi hansısa formada düzgün həll edə bilərdilər. Mən problemin içinə gəldim, nəinki mən problem yaratdım”. Yəni onun bu mesajı Ermənistandaxili bir mesajdır ki, “problem məndə deyil, problem məndən əvvəl hakimiyyətdə olanlardadır”. O, bunu o birilərinin üstünə atır. Çünki Paşinyan açıq deyə bilməz ki, mən hesab edirdim ki, Qarabağ Azərbaycan torpağıdır və gəlin, onu verək Azərbaycana. Nəinki Paşinyan, Ermənistanda bu sözü heç kəs deyə bilməz. Çünki desə, hakimiyyətdə qala bilməz.

-  Paşinyan bəzən daxili auditoriya üçün fərqli, xarici auditoriya üçün isə tamamən fərqli çıxışlar edir. Sizcə, Paşinyanın bu dəfə daxili auditoriyada Qarabağın Azərbaycanın ərazisi olmağını açıq-aydın etiraf etməsi onun üçün erməni cəmiyyətində mənfi rəy yarada bilərmi?

- Əlbəttə, yarada bilər, sözsüz ki, bu, oldu da. Ona görə də mən deyirəm ki, bir tərəfdən, Paşinyanı o qədər də sıxmağa ehtiyac görmürəm açığı. 

Bir də ki, bağlı qapılar arxasında nələrin danışıldığını da biz bilmirik, sadəcə ehtimallardan danışırıq. Amma bunun yanında da mən bayaq da qeyd etdim ki, yaxşı olardı ki, bizim xarici işlər nazirliyimiz Paşinyanın həmin o çıxışına istinad edərək bir bəyanat versin ki, “Paşinyanın bu bəyanatını müsbət dəyərləndiririk və hesab edirik ki, sülhə nail olmaq üçün bunu bir əsas kimi götürə bilərik, o cümlədən aramızda olan problemlərin irəlidə sülh yolu ilə həll olunmasına tərəfdarıyıq” və s. 

Lap məncə, orada yazmaq olar ki, “Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının hüquqlarının təmin olunmasını önəmli hesab edirik və bu məsələdə biz ardıcıl olaraq iş görəcəyik” və s. və i.a. Düzgünü budur.

Yəni aqressiv ritorika heç nə gətirməyəcək və aqressiv ritorika bizi tələyə salır. Çünki onların XİN rəhbəri Ararat Mirzoyan belə bir bəyanat vermişdi ki, Rusiya-Türkiyə-Azərbaycan tandemi Ermənistana təzyiq göstərir. Məhz bu üçlük.

Özü də indiki dünyada, yəni Ukraynada gedən savaş fonunda buna vurğu edirlər ki, Azərbaycan avrtoritardır, biz isə demokratik. İndi isə açıq deyirlər ki, Rusiya-Türkiyə-Azərbaycan – üç avtoritarlar bizə təzyiq göstərirlər. Yəni bu tələdir, çünki biz uzaq başı hansısa bir kəndi ala bilərik, amma strateji olaraq burada uduza bilərik. Çox adam strategiyanı görmür. Hamı taktiki düşünür, amma belə deyil, bu məsələnin sabahı da var.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!