“Paşinyan Azərbaycana gələ bilər, niyə də gəlməsin?” - Novella Cəfəroğlu

saytların hazırlanması

Evə çatdırılma

“Paşinyan Azərbaycana gələ bilər, niyə də gəlməsin?” - Novella Cəfəroğlu

Siyasət

31 May 2022 12:47 2641


Milli Məclisin YAP-dan olan deputatı Elman Nəsirov Ermənistanın baş naziri Nikol Paşinyanın sülh müqaviləsi imzalandıqdan sonra Azərbaycana gələ biləcəyini deyib. YAP-çı deputat Paşinyanın yaxın gələcəkdə Bakıda keçiriləcək beynəlxalq tədbirlərdə iştirakını istisna etməyib. 

Onun sözlərinə görə, Ermənistandan iki nəfərin - Robert Koçaryan və Serj Sarkisyanın Azərbaycana gəlməsi mümkün deyil, çünki onlar Xocalı faciəsinin törədilməsində iştirak ediblər.

Doğrudanmı, Paşinyanın yaxın gələcəkdə Azərbaycana gəlməsi mümkündür? Belə bir səfər gerçəkləşərsə, münasibət necə olacaq? Sezar pizza

Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu sülh müqaviləsi imzalandıqdan sonra Paşinyanın Bakıya gəlməsinin normal olduğunu deyib:

“Bilirsiniz, əgər biz sülh müqaviləsinə qol çəkiriksə, qonşularla doğurdan da birgə yaşamaq istəyiriksə, Paşinyan da Azərbaycana gələ bilər, İlham Əliyev də Ermənistana gedə bilər. Dünyada o qədər gərgin müharibələr olub ki... Elə 41-45-ci illəri xatırlayaq, neçə milyon yəhudi öldürülüb, sobalarda işgəncələrlə yandırılıb. Amma indi yəhudilər də Almaniyaya gedir, almanlar da İsrailə. Qarabağ Müharibəsində də çox cavan dünyasını dəyişib, Allah qəbirlərini nurla doldursun, amma Ermənistan da çox cavan itirib. Müharibədə iki tərəf də ölür. Ona görə də əgər biz cavanlarımızın ölməsini istəmiriksə, Qafqazda sülh yaranmasını istəyiriksə, sülh müqaviləsini imzalamalıyıq. Bunun müqabilində Paşinyan da Azərbaycana gələ bilər, niyə də gəlməsin?”

Hüquq müdafiəçisi qeyd edib ki, S.Sarkisyan və R.Koçaryan nə vaxtsa Azərbaycana gələrsə, mitinqə çıxacaq:

“Serj Sarkisyanla, Koçaryan qətiyyən Azərbaycana gələ bilməz. Əgər onlar gələrsə, mən özüm mitinqlərə birinci çıxacağam! Bu müharibələri törədənlər də onlardır, 30 ildir torpaqları zəbt edən də onlardır. Onlar Azərbaycana gələ bilməz! Paşinyansa jurnalist olub. Artıq müharibə başa çatıb. Biz müharibəni şərəflə bitirmişik. Müharibə başa çatdığı üçün Paşinyan Azərbaycana gələ bilər”.

N.Cəfəroğlunun sözlərinə görə, azərbaycanlı hüquq müdafiəçiləri də Ermənistana gedə bilər:

“Hüquq müdafiəçilərini Ermənistana göndərsələr, təbii ki, gedərik və danışarıq. Əgər sülh müqaviləsi bağlanırsa, niyə getmirik? Hüquq müdafiəçiləri indiyə qədər də ermənilərlə işləyirdilər. Hələ müharibə olmamışdan öncə də biz onlarla işləyirdik, hər dəfə deyirdik ki, müharibə edib torpaqlarımızı qaytaracağıq, sülhə gəlin, müharibə olmasın, nə sizinkilər, nə də bizimkilər ölsün. Biz hər zaman bunu demişik. Ona görə də burada heç bir qəbahət yoxdur. Lazım olarsa, Ermənistana da gedərik. Təki sülh müqaviləsinə qol çəksinlər, Zəngəzur dəhlizini açsınlar. Bu dəhlizin açılması, bizə də, ermənilərə də, gürcülərə də, hətta Avropaya da xeyir gətirəcək. Dəhliz açıldıqda onların Türkiyə ilə də münasibətləri düzələcək. Hesab edirəm ki, Paşinyan əgər ağıllıdırsa, sülh müqaviləsini çoxdan imzalamalı idi”.

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!