“Əgər doğrudan da belə bir informasiya olsaydı, bu, bizim üçün çox müsbət bir məlumat olardı və bunu öz kanallarımızda, mətbuat orqanlarımızda tirajlayar, istinad olaraq da birbaşa Vaşinqtonu göstərərdik. Lakin belə bir rəsmi açıqlama gəlmədiyi üçün – bəlkə də gələcək – biz bunu demirik. Amma nədənsə rus tərəfi ermənilərə belə bir informasiya verib ki, Vaşinqton formatında ermənilərin maraqlarını əks etdirməyən bir sənəd hazırlanır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Fuad Abbasov deyib.
Politoloq son günlər erməni “Telegram” kanallarında tirajlanan sülh müqaviləsinin Vaşinqton variantının mətnlərini əks etdirən fotolarla yanaşı, Rusiyanın “Rossiya-1” “Pervi kanal” və digər dövlət televiziyalarının bu məsələyə olan münasibətini şərh edib. pizza sifarişi
Analitikin sözlərinə görə, o, bunu Rusiyada yaşayan erməni icmasının Paşinyan rejiminə qarşı apardığı təxribat kimi qiymətləndirir:
“Çünki Rusiya 2018-ci ildən bəridir ki, Paşinyan iqtidarından narahatdır. Ona görə ki, Paşinyan həm Avropanın, həm də ABŞ-ın Ermənistanda mövqeyini sərgiləyən bir lider kimi fəaliyyət göstərir. Hərçənd ki, Paşinyan Rusiya ilə yaxşı görünməyə çalışır, Vladimir Putini “əziz dostum, qardaşım” kimi qiymətləndirir, amma, əslində, Qərbyönümlü siyasət aparır və Rusiya öz erməni ruporlarından istifadə edərək, Paşinyanın siyasətini mümkün olduğu qədər aşağılayaraq və onu insanların gözündən düşürərək bir ictimai rəy yaratmağa çalışır. Bu ictimai rəyin də nəticə etibarilə, Paşinyanın hakimiyyətdən getməsilə nəticələnəcəyinə ümid edir”.
F. Abbasov deyib ki, bütün bunların hamısı son günlərdə Rusiya mətbuatında Azərbaycana qarşı aparılan təbliğatın da bir parçasıdır:
“Çünki Rusiya erməni diasporundan istifadə edərək istər Azərbaycanın ərazi bütövlüyü, istərsə də Azərbaycanın suverenliyi olsun; ona qarşı təxribatlar hazırlayaraq, Paşinyan rejimini gözdən düşürməyə çalışır. Yəni baxın, əgər hakimiyyətdə rusyönümlü adam olsaydı, Azərbaycan bu qədər irəliləməzdi, Azərbaycan qondarma “DQR”in statusunu ləğv etməzdi və s. və i.a. şəklində fəaliyyətlər aparır.
Nəticə etibarilə, son olaraq, Rusiya Paşinyanı devirib özünə loyal olan bir lideri hakimiyyətə gətirmək istəyir. Bunda da müvəffəqiyyətsiz olacağını heç kim deyə bilməz. Çünki Gürcüstan nümunəsi bunu bariz olaraq göstərdi. Bir vaxtlar Rusiyaya qarşı çıxan Gürcüstan prezidenti Mixeil Saakaşvili indi Gürcüstanın rusyönümlü hökuməti – “Gürcü arzusu” iqtidarı tərəfindən həbsxanaya salınıb və nə vaxt oradan çıxarılacağı da məlum deyil. Yəni müəyyən bir vaxt sonra Paşinyanın Rusiya tərəfindən hakimiyyətə gətirilmiş qüvvələrin sayəsində həbsxanaya salınacağı istisna deyil”.
“Mövcud Vaşinqton variantı haqqında səslənən fikirləri bəs nə dərəcədə real qəbul edirsiniz” sualına isə siyasi analitik belə cavab verib:
“Bilirsiniz, həmçinin, mən onu da qeyd edim ki, son günlərdə Ermənistandan pozitiv siqnallar gəlir. Yəni ən azından, rus propoqondist Marqarita Simonyanın, yaxud Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin ölkəyə girişinin qadağan edilməsi Ermənistanın Rusiya təsirindən, ən azından isə informasiya təsirindən çıxmaq cəhdlərini göstərir. Yəni Ermənistan bu üsulla danışıqlar prosesindən Rusiyanı çıxarmağa cəhd göstərir; çıxarda bilmir, lakin buna cəhd göstərir. Eləcə də bir neçə ay əvvəl PKK terrorçularının yaxalanaraq Türkiyəyə təslim edilməsi də Ermənistandan Türkiyəyə tərəf atılmış bir addım kimi qiymətləndirilə bilər. Yəni “biz Rusiyadan uzaqlaşıb Türkiyə ilə yaxınlaşmaq istəyirik” şəklində bir siqnal verilir”.
Müsahibimiz yekunda aydınlaşdırıb ki, bütün bunların hamısını bir araya toplasaq, onu deyə bilərik ki, Ermənistanın Rusiyanın təsir dairəsindən çıxıb özbaşına qərar verməsə də, ən azından, Avropa və ABŞ-ın tələbləri üzrə qərarvermə cəhdləri görülür:
“Əgər bu cəhdlərin toplamı nəticədə Vaşinqton formatının həyata keçirilməsi ilə nəticələnsə, bu, bizim üçün çox böyük bir siyasi qələbə olar. Amma söhbətimizin əvvəlində dediyim kimi, nə qədər ki bu informasiya Vaşinqton tərəfindən doğrulanmayıb – bəlkə də doğrudan da belə bir informasiya var, çünki od olmayan yerdən tüstü çıxmaz. Elə bir şey olsa, əlbəttə ki, bizim ən başlıca məqsədimiz Qarabağın erməni icması ilə birbaşa danışıqlara getmək olacaq. Yadınızdadırsa, bunu Prezident Əliyev “AzadlıqRadiosu”nun müxbirinin sualına cavab olaraq Praqada keçirilən görüş ərəfəsində səsləndirdi ki, “biz öz vətəndaşımızla birbaşa danışıqlara gedəcəyik və bunun üçün də heç bir üçüncü tərəfin vasitəçiliyinə ehtiyacımız yoxdur”. Yəni, əgər belə olsa, bu, bizim üçün hesab edirəm ki, ən yaxşı format olacaq”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız