Ermənistan müxalifəti keçirdiyi kütləvi itaətsizlik aksiyalarına ara verib. Müşahidəçilər bunu iki ehtimalla əlaqələndirirlər: ilk fərziyyəyə görə, İrəvan küçələrinə axışan hakimiyyət opponentləri öz etirazlarını kütləviləşdirə bilmir; digər fərziyyə, hakimiyyətlə müxalifət arasında baş tutan gizli danışıqlar.
Ehtimallardan biri də budur ki, Paşinyan yaxın ətrafı vasitəsilə müxalifətə Azərbaycanla tezliklə sülh sazişini imzalanmayacağını, əgər belə bir saziş olarsa da, orada Qarabağ ermənilərinə statusun verilməsi məsələsinin öz əksini tapacağını vəd edib.
Bu ehtimallar nə dərəcədə doğrudur? Dominos pizza
Yenisabah.az-ın suallarını cavablandıran siyasi şərhçi Tural İsmayılov məsələyə aydınlıq gətirib:
“Ermənistanda revanşistlərin keçirdiyi aksiyalara müəyyən bir müddətdən sonra fasilə veriləcəyi proqnozlaşdırıldı. Çünki həm havaların isti keçməsi, həm də aksiyalara böyük kütlənin dəstək verməməsinə görə.
Ümumən bu aksiyalarda əsas məqsəd Paşinyana qarşı Rusiya mərkəzli təhdid və təzyiqi ön planda saxlamaq, ikinci məqsəd hakimiyyət çevrilişlərinə nail olmaq idi. Amma gündəlik aksiyalar göstərdi ki, hazırda Ermənistanda revanşistlərin istər qanuni, istərsə də zoraki formada hakimiyyəti ələ almaq şansı azdır. Ona görə də, etirazları müəyyən müddət dayandırmaq qərara alınıb”.
Tural İsmayılov düşünmür ki, hazırda Ermənistan siyasi hakimiyyəti ilə müxalifət arasında hansısa sövdələşmə mümkün olsun:
“Çünki bu gün revanşistlərlə Paşinyan iqtidarında təmsil olunanlar arasında böyük ziddiyətlər var. Hər iki tərəf qarşılıqlı olaraq amansız və kifayət qədər təhqiramiz tonda danışır. Bu kontekstdə ikinci ehtimalın doğru olduğunu fikirləşmirəm.
Bütövlükdə, Ermənistan siyasi hakimiyyətinin Azərbaycanla sülh sazişini imzalamaqdan boyun qaçırmağı real görünmür. Çünki Azərbaycan qalib tərəf kimi şərtləri diktə edir və bütövlükdə, baş verən proseslər də göstərir ki, gələcəkdə Ermənistanın siyasi və iqtisadi baxımından mövcudluğunun ən önəmli şərtlərindən biri Azərbaycanla razılaşmaq və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan asılıdır”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız