“Piyada zolaqlarının boyalarının yenidən bərpa edilməsi üçün məsul olan qurum Azərbaycan Yerüstü Nəqliyyat Agentliyidir (AYNA). Lakin Dövlət Yol Polisi də bu prosesə nəzarət etməlidir”.
Bu sözləri Yenisabah.az-a açıqlmasında nəqliyyat məsələləri üzrə mütəxəssis Ərşad Hüseynov deyib.
Ekspert paytaxt küçələrinin bir çoxunda yararsız hala düşən və görünməyən yol nişanlarının bərpası ilə bağlı yaranan problemlərdən söz açıb. pizza
Xatırladaq ki, şəhərin bir sıra ərazilərində uzun müddətdir ki, baxımdan uzaq qalan və pozulan yol nişanları bir çox hallarda yol-nəqliyyat hadisələrinin yaranmasına səbəb olur. Mütəxəssislər nişanlanmalara baxışın 6 aydan bir keçirilməli olduğunu diqqətə çatdırsa da, uzun illərdir pozulan və bərpa edilməyən yol nişanları hələ də Bakının bəzi küçələrində mövcuddur.
Ə. Hüseynovun sözlərinə görə, hər 2 qurum belə hallar aşkar olunanda məlumat verməlidir ki, piyada keçidini bildirən nişanlanma xətləri bərpa olunsun:
“Bununla bağlı standartlar mövcuddur. Standartlar belədir ki, AYNA sifarişçi kimi bu işi sifariş etməli, bunu icra edənlər isə müasir və keyfiyyətli yol boyalarından istifadə etməklə işi görməlidir. Əgər AYNA sifarişi verirsə, icraçı qurumu maliyyələşdirməli, pulu ödəməli və sonda icranı təhvil götürməlidir. Qısacası, məsuliyyət AYNA-nın üzərindədir. Yol nişanların çəkilməsində istifadə olunan boyalar da keyfiyyətli və standartlara uyğun olmalıdır”.
“Ümumi yanaşma isə belədir ki, 6 aydan bir həmin nişanlanmalara baxış keçirilməlidir. Əgər ehtiyac varsa, yenilənməlidir. Bizdə də 2 dəfə olur bu proses – yazda və payızda. Çünki aşınmalar, adətən, qışda görünür və yazda yenilənir. Yaydakı aşınmalar isə payızda görünür. Lakin 2 baxışın arasında sıradançıxma varsa, AYNA sifariş verməli və o yolu bərpa etməlidirlər”, – deyə müsahibimiz fikirlərini tamamlayıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız