İsrailin xarici işlər naziri İsrael Katz Braziliya prezidenti Luiz İnasio Lula da Silvanı persona non qrata elan edib.
Yenisabah.az i24-ya istinadla xəbər verir ki, buna səbəb onun Qəzza zolağında fələstinlilərə qarşı baş verənləri soyqırım adlandırmasıdır.
"Biz unutmayacağıq və bağışlamayacağıq. Bu, ciddi antisemit bəyanatdır. Öz adımdan və İsrail dövlətinin vətəndaşları adından prezident Lulaya bildirirəm ki, o, sözlərini geri götürməyənədək İsraildə qəbul edilməyəcək”, – deyə Katz vurğulayıb. pizza
Nazir bu qərarı da Silvanın açıqlamaları ilə bağlı çağırılan Braziliya səfiri Federiko Mayerin diqqətinə çatdırıb.
"İsrailin HƏMAS-a qarşı ədalətli müharibəsini Hitler və nasistlərin vəhşilikləri ilə müqayisə etmək biabırçılıq və ciddi antisemit hücumdur", - deyə Katz əlavə edib.
Xatırladaq ki, bir gün əvvəl Braziliya prezidenti Qəzzada baş verənləri Fələstin xalqına qarşı soyqırım adlandırıb.
O bildirib ki, Qərb ölkələrinin Fələstinli qaçqınlara kömək məqsədilə BMT-nin Yaxın Şərq agentliyini maliyyələşdirməsini dayandırmasını səhv hesab edir. Lula da Silva vurğulayıb ki, Qəzza zolağında mülki şəxslər üçün humanitar yardımın qorunub saxlanması lazımdır.
İsrail bu bəyanatlara kəskin reaksiya verib. İsrailin baş naziri Benyamin Netanyahu Braziliya prezidentinin "qırmızı xətti keçdiyini" deyib.
Telegram kanalımız