Yenisabah.az Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa ilə müsahibəni təqdim edir.
- Fazil bəy, Azərbaycan ötən gün Qarabağda Fərrux yüksəkliyinə nəzarəti təmin edib. Eyni zamanda yaxınlıqdakı silahlı erməniləri zərərsizləşdirib. Ermənistan tərəfi isə dünya ölkələrinə, beynəlxalq təşkilatlara müraciət edir ki, Azərbaycan öz ordusunu həmin yüksəklikdən geri çəksin. Ordumuzun Fərrux yüksəkliyində mövqe tutmasını və buna kənar reaksiyaları necə qiymətləndirirsiniz?
- Qarabağ, o cümlədən Fərrux yüksəkliyi Azərbaycana məxsusdur. Azərbaycan dövlətinin də ölkənin hər bir coğrafi ərazisində hegemonluğunu təmin etmək hüququ var. Biz İcevan, Qafan, Gorus, Kirovakanda hansısa yüksəkliyi tutmamışıq ki, oradan geri çəkilək. Qarabağda terrorçular və başqa qüvvələr Azərbaycan hakimiyyətini tanımaq istəmirlər. Hansı ölkədə terrorçuların, hakimiyyəti tanımayan qüvvələrin başına sığal çəkirlər? Azərbaycan dislokasiyanı ona görə dəqiqləşdirir ki, istənilən boşluqdan terrorçular bölmələrimizə hücum edə bilərlər. Rus sülhməramlıların yerləşdiyi ərazilərdən belə ordumuza atəş açılır. Hətta Kəlbəcərə gedən Azərbaycan maşınlarını ermənilər saxlamışdılar. Azərbaycan öz ərazisində qayda-qanun yaratmalıdır. Bu hay-küyün mənası yoxdur. Onlar Azərbaycana qarşı təbliğatı gücləndiriblər. Biz də bu təbliğatın qarşısını tutarlı arqumentlərlə almalıyıq. Sezar pizza
- Artıq Fransa, ABŞ Dövlət Departamenti Azərbaycana çağırış edib ki, ordu əvvəlki mövqelərinə qayıtsın. Azərbaycan ordusunun öz ərazisində hansı mövqedə dayanması Qərb dairələrini niyə narahat etməlidir?
- Qarabağda gərginliyi azaltmaq üçün ilk növbədə ABŞ Dövlət Departamenti Qarabağ ermənilərinə yardımı dayandırmalıdır. ABŞ öz ərazisində hansısa qondarma qurumun varlığına dözə bilirmi? Onlar imkan vermir ki, ermənilər Azərbaycanda sakit yaşasınlar. Onların evini elə ABŞ, Fransa kimi dövlətlər yıxıb. Biz hara geri çəkilməliyik? Məgər biz kiminsə qarşısında öhdəlik götürmüşük ki, ordumuz harada duracaq, harada yox? Ermənistanla sərhədi keçməmişik ki... Onların tələbləri çox absurd, mənasız arqumenrlər üzərində qurulub. Ermənilərə xüsusi yol da vermişik. İndi ABŞ-da Zəngəzur dəhlizini açıb bizə versin. Naxçıvanda yaşayanlar insan deyil? Etiraf etmək lazımdır ki, ermənilərin təbliğat maşını güclü işləyir. Günboyu ancaq haralarasa müraciət, şikayətlər edirlər. Biz bu məsələdə Ermənistanda geri qalırıq.
- Qərb rus sülhməramlıların yerləşdiyi heç bir bölgəyə dəstək vermir. Yeganə Qarabağdır ki, burada Rusiya ilə Qərb dairələrinin mövqeləri sanki üst-üstə düşür. Qarabağın dügər separatçı bölgələrdən fərqi nədir ki, burada Qərb və Rusiyanın mövqeləri eynidir?
- Qərb dövlətləri heç Qarabağdakı erməniləri separatçı saymır. Abxaziya, Osetiya, Luqansk, Donetsk və digər yerlərdəki hökumətləri separatçı kimi tanıyırlar, Qarabağa gəldikdə isə fərqli mövqe ortaya qoyurlar. Sanki Qarabağda silahlı ermənilər böyük demokratlardır? Beynəlxalq hüquqa görə, Azərbaycan ərazisində qanunsuz hərbi birləşmə ola bilməz. Biz bu hüququn təmin edilməsini rus sülhməramlılara həvalə etmişik. Onlar da qanunsuz silahlıları yığışdıra bilmirlər, gücləri çatmır, istəmirlər. Biz neyləməliyik? Ona görə də, bütün boşluqları, təhlükə gələn tərəflərə nəzarət etməliyik. Ərazimizdəki erməniləri tərkisilah etməliyik. Bizim silahsız ermənilərlə işimiz yoxdur ki...
- Azərbaycanda bəzi siyasətçilər hesab edirlər ki, ordumuzun Qarabağda yeni mövqelərə hakim olması oradakı ermənilərin sıxışdırılması kimi başa düşülə bilər ki, bu da ölkəmizə qarşı təzyiqləri gücləndirər. Siz necə düşünürsünüz, biz Qarabağdakı ermənilərin separatçı fəaliyyətinə dözümlü yanaşmalıyıq?
- Azərbaycan dövlətinin Qarabağ siyasətinə ağız büzənlər kimlərdir? İndiki həssas dönəmdə Rusiya ilə münasibətlərin gərginləşdirilməsinin tərəfdarı olanlar. Bir tərəfdən biz rus sülhməramlıların tələblərinə baxmadan Qarabağda strateji mövqelərimizi gücləndiririk, bir tərəfdən də bəzi siyasi qüvvələr Bakıda Ukraynaya dəstək mitinqi keçirirlər. Burada məntiq hardadır? Imkan verin, Qarabağla məşğul olaq da. Gərək Rusiyanı qıcıqlandıraq? Bir çoxları torpaq, vətən davası aparmır. Onların məqsədi hakimiyyətə zərbə vurmaq, öz maraqlarını təmin etməkdir. Biz erməniyə qarşı silah işlədirik? Bizim sıravi erməni ilə heç bir işimiz yoxdur. Əksinə, onlara vətəndaşlıq verməklə sosial müdafiələrinin gücləndirilməsi üçün təkliflərimizi təqdim edirik. Azərbaycan Qarabağ ermənilərilə çox ehtiyatlı davranır. Amma bəzi xarici və daxili qüvvələr Azərbaycan dövlətinin imicinə zərbə vurur. Biz niyə Rusiya ilə münasibətləri korlamalıyıq? Bizim əsas problemimiz Qarabağdır və bütün siyasət də ora yönəlməlidir. Onsuz da bizə qarşı beynəlxalq təzyiq var. Fransa rəsmiləri separatçıları qəbul edir. İndi Fransaya deməliyik ki, gəlin Azərbaycan ərazisində erməniləri özün istədiyin kimi idarə et? Biz öz ərazimizdə qayda-qanun yaratmaq istəyiriksə, ehtiyatlılıq yox, cəsarət nümayiş etdirməliyik.
- Bəzi siyasətçilər var ki, ölkə rəhbərliyinin Qarabağın azadlığı üçün atdığı addımları görməzdən gəlir. Amma Rusiya ilə imzalanan müttəfiqlik bəyannaməsini hər gün əllərində bayraq tuturlar. Azərbaycanı Rusiya ilə üz-üzə qoymaqla nəyə nail olmaq istəyirlər?
- Burada bir abırsızlıqdan söhbət gedir. Ölkənin zərbə altına düşməsindən zövq alan bəziləri çıxış edib deyirlər ki, Prezident niyə ortaya Ukrayna ilə bağlı mövqe qoymur? Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik, müharibəni pisləyirik. Bundan artıq nə etməliyik? Ukraynaya dəstək üçün ora ordu göndərməliyik? Axmaqlığa bax ki, o danabaşlar böyük siyasətin nə olduğunu bilmədən dar bir çevrədən proseslərə baxır və 30 il əvvəlki çıxışlarını təkrarlayırlar. Məqsədləri ancaq hakimiyyətə gəlməkdir. Görmürlər ki, Azərbaycan hansı fəlakətin içərisindən çıxıb. İndi bir qədər düzəngaha çıxmışıq və istəyirlər ki, yenə bizi uçurumun dibinə itələsinlər. Prezidenti ittiham edirlər ki, sən niyə Ukraynanı dəstəkləmirsən. Niyə ABŞ və Avropa dövlətlərilə birgə addımlamırsan? Hansı Qərblə? Qarabağ separatçılarına pul ayıran Qərblə? Ukraynanı işğal edən Rusiyaya görünməmiş sanksiya tətbiq edirlər, amma 30 il Qarabağı işğal altında saxlamış Ermənistana dəstək nümayiş etdirirlər. Məsuliyyətsiz anormallar anlamırlar ki, Rusiyada 2 milyona yaxın azərbaycanlı var. Yaxşı ki, siyasətimiz bu adamların anlayışı ilə formalaşmır. Azərbaycan siyasətini çox təmkinli qurmalıdır. Təbii ki, Ukrayna xalqı ilə həmrəyik və Rusiyanın da bu addımını pisləyirik. Bizdə bəzi məsuliyyətsiz adamlar təklif edirlər ki, gəlin Moskva prospektinin adını dəyişib, “Mariopol” qoyaq. Görürsünüz?
Xarici kəşfiyyat bütün gücü ilə çalışır ki, Azərbaycanla Rusiyanın münasibətərini korlasın. Onlar bu məsələlərdə siyasi partiyalardan, QHT-lərdən, media qurumlarından istifadə edirlər. Təbii ki, Ukraynanın aqibəti ilə nə vaxtsa biz də üzləşə bilərik. Amma indi yuyulmamış çömçə kimi özümüzü ortaya atmalı deyilik. Ukraynanın arxasında Qərb durur. 44 günlük Qarabağ müharibəsində Türkiyə və Pakistandan başqa kim durdu bizim arxamızda? Bu nadanlar hələ anlamırlar ki, biz arxasızıq. Amma biz bölgədə yeni reallıqlar yaradırıq. Türkiyə ilə Şuşa bəyannəməsini imzalamışıq. Çox ciddi bir müttəfiqlik sənədidir, bu. İran üzərindən keçməklə Naxçıvana yol çəkirik. İndi İranla dost olmayaq? Zəngəzur dəhlizi alınmadı, amma alınacaq. Ölkədə o qədər bəsit, təhlükəli təbliğat aparırlar ki... Hökumətin də buna qarşı kampaniyası arzuolunan səviyyədə deyil. /Gündəm.az
Telegram kanalımız