Prezident İlham Əliyevin fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi” haqqında Fərmanı 400-dək yaşayış kompleksinə şamil olunacaq, 50 minədək mənzili əhatə edəcək. Beləliklə, 10 minlərlə ailənin mənzil problem öz həllini tapacaq.
“Yeni Sabah” xəbər verir ki, ötən müddətdə bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilib. Son bir neçə ayda 30-dan çox binanın həm tikintisinə, həm istismarına icazə verilib.
Əmlak ekspertlərinin fikrincə, ötən müddətdə bəzi çoxmənzilli yaşayış binalarında tikinti işləri şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlara yol verilib, sakinlərinin hüquq və maraqları nəzərə alınmadan aparılıb. Hətta təsdiqlənmiş layihələrdən kənara çıxılması hallarına rast gəlinib. Bu da həmin binaların rəsmiləşdirilməsini qeyri-mümkün edirdi. Eyni zamanda, mənzil üçün tələb olunan vəsaiti ödəmiş sakinlərin mülkiyyət hüquqlarının təsdiq edən sənədlərinin yoxluğu da onlara ciddi problemlər yaradırdı. Sezar pizza
Bu Fərman vətəndaşları narahat edən, ümumlikdə isə mənzil idarəçiliyi baxımından yığılıb qalan problemlərin həllinə şərait yaratmaqla yanaşı, dövlət büdcəsinə daxilolmaları da artıracaq.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmiləri də hesab edirlər ki, bütün bunlar, eyni zamanda, düzgün statistikanın aparılmamasına şərait yaradır. Müvafiq qurumlar həmin binaları istismara qəbul etmədiyi halda, onlar rəsmi statistikada əksini tapmır. Beləliklə dövlətin mənzil strategiyasının həyata keçirilməsində də problemlər yaranır.
Fərmanın əhəmiyyətindən bəhs edən komitə sədri Samir Nuriyev bildirib ki, məzilin pulunu ödəmiş sakinlərin mülkiyyət hüquqlarını təsdiq edən sənədləri yox idi və bu, onlarda ciddi narahatlıq yaradırdı. Bu problemlərin həlli ilə məşğul olacaq dövlət orqanları artıq müəyyənləşdirilib, onlara müvafiq tapşırıqlar verilib. Belə ki, Fövqəladə Hallar Nazirliyinin rəyindən sonra sənədlər tikintiyə icazə verən orqana - Bakı şəhərində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, digər şəhərlərdə isə aidiyyəti icraedici quruma göndəriləcək və 7 gün ərzində binanın istismarına dair icazənin verilməsi təmin olunacaq.
Onu da xatırladaq ki, qeydiyyata alınmış mənzillər üzrə bələdiyyələrin vergi yığımında da problemlər aradan qalxacaq, aparılacaq girov və digər əməliyyat xərclərindən büdcəyə daxilolmalar artacaq. Vətəndaşlar mənzil tikinti koorperativləri ilə (MTK) aralarında yarana biləcək mübahisəni məhkəmə qaydasında hüquqi yolla həll etmək imkanı qazanacaqlar. Bundan başqa, tikintiyə icazənin alınması sadələşdiriləcək. Bu proses “bir pəncərə” prinsipi əsasında həyata keçiriləcək.
Azərtac
Telegram kanalımız