“Əlbəttə ki, Ukrayna Silahlı Qüvvələri Krım körpüsünü partladandan sonra gözlənilən idi ki, Rusiya bunun intiqamını almaq istəyəcək. Çünki ən azından rus cəmiyyətinə nə isə vermək lazımdır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Natiq Miri deyib.
Politoloq Ukrayna Silahlı Qüvvələrinin oktyabrın 8-də Kerç boğazından Krıma gedən körpünü partlatmasından sonra bu gün səhər saatlarından Rusiya ordusunun paytaxt Kiyevi atəşə tutmasının bir sıra məqamlarını şərh edib. pizza
Siyasi analitik əlavə edib ki, döyüş cəbhəsində konkret qələbələr mümkün olmadığı və ard-arda itirilmiş ərazilər, habelə məğlubiyyət olduğu üçün Rusiya yalnız uzaq məsafədən qanadlı raketlərlə mülki şəxslər arasında qırğın yaratmaq və bununla da rus cəmiyyətinin “köpünü almaq” istəyir:
“Lakin bu, bütövlükdə müharibədə əsaslı dönüşə gətirib çıxaracaqmı? Əlbəttə, çıxarmayacaq. Ayrıca, Rusiyanın qanadlı raketlərlə uzunmüddətli paytaxt Kiyev və digər şəhərləri vuracağını da düşünmürəm. Çünki Rusiyanın bu yöndə ciddi problemləri var və artıq qanadlı raketlər məhdud sayda atılmağa başlayıb. Bu baxımdan, hesab edirəm ki, bu, sadəcə qisas xarakterli və daxili auditoriyaya hesablanmış bir atışlardır və uzunmüddətli olmayacaq.
Əksinə, mən düşünürəm ki, yaxın zaman çərçivəsində, ən azından, yaxın 1 ay ərzində Rusiyanın ciddi məğlubiyyətləri Kremldə və siyasi elitada parçalanmalara qədər gətirib çıxara bilər. Ona görə ki, əgər Ukrayna ordusu tərəfindən strateji bölgədə yerləşən Xerson şəhəri işğaldan azad olunarsa, bu, növbəti mərhələdə Melitopol, Berdyansk və Mariupolun da azad olunmasına gətirib çıxaracaq ki, yekunda Ukrayna ordusu Krımın inzibati sərhədlərinə də çıxa bilər. Paralel olaraq Ukrayna ordusu Donetsk vilayətindən başqa Luqansk vilayətinin də inzibati sərhədlərini keçib və dünənə olan məlumata görə, 7 yaşayış məntəqəsi azad edilib. Hadisələrin gedişatı isə onu göstərir ki, belə getsə, Rusiya təkcə Zaporojye və Xerson vilayətləri istiqamətində deyil, eyni zamanda Donbasda da ağır məğlubiyyətə düçar olacaq”.
Mütəxəssisin fikrincə, bütün bunlar sadəcə daxili auditoriyaya hesablanmış atışlardır:
“Ona görə də mən bunun uzunmüddətli olacağına inanmıram.
O ki qaldı Rusiya quru qoşunlarının yenidən Kiyevə hücumu və şəhəri almaq istəməsinə, zənnimcə, bu, Rusiyanın imkanları xaricindədir. Çünki Rusiyanın döyüşən ordusunun 80%-dən çoxu məhv edilib.
Bildiyiniz kimi, 100-150 minə yaxın səfərbər olunmuş qeyri-peşəkar insanlar ki, artıq bu adamların da kütləvi olaraq əsir düşmə hadisələrini görməkdəyik. Düşünürəm ki, zaman keçdikcə, bu tendensiya artan xətlə daha da sürətlənəcək. Ona də mən rus ordusunun bu müharibədə perspektivini görmürəm və Kiyevdəki mülki şəxslərin bu şəkildə qətlə yetirilməsini acizlikdən başqa cür dəyərləndirə bilmirəm”, – müsahibimiz yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız