“Bu, növbəlilik yolu ilə həyata keçirilən bir prosesdir. Hazırkı toplantısı da Ermənistan ərazisinə təsadüf edib. Bu məsələdə İrəvan üçün hər hansı bir imtiyazın olduğunu düşünmürəm”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib.
O, KTMT-nin İrəvanda keçiriləcək sammiti, Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfəri, Ermənistanın bundan hansısa formada faydalanacağı və s. barədə iddialara münasibət bildirib: Sezar pizza
“KTMT-nin Ermənistan üçün təşkilat çərçivəsində hər hansı bir formada irəliləyiş gözlənilmir. Söhbət təkcə Belarus prezidenti Aleksandr Lukaşenkonun bəyanatlardan getmir, KTMT-də Azərbaycanla strateji müttəfiqlik və tərəfdaşlıq münasibətlərində olan ölkələr var. O cümlədən TDT-yə üzv ölkələr. Həmin ölkələr bu qurum çərçivəsində Azərbaycanın əleyhinə hər hansı bir qərarın qəbul olunmasına imkan verməyəcəklər.
Digər bir məsələ Rusiya prezidentinin sammitdə iştirakı ilə bağlıdır. Düşünürəm ki, bu görüşdə verilən bəyanatlar müəyyən qədər balanslı olacaq. Çünki indiki şəraitdə Putinin münasibətlərin gərginləşməsinə xidmət edəcək hər hansı bir açıqlaması mövcud reallığa və Rusiyanın maraqlarına xidmət etmir”.
E. Mirzəbəyli Rusiyanın bölgədəki pozucu fəaliyyətindən söz açıb:
“Moskvanın son davranışları Azərbaycanda kifayət qədər kəskin reaksiya doğurub. Xüsusilə də Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisindəki davranışlarından doğan, o cümlədən bölgəyə silah daşınması və s. məqamlar nəzərə alınmalıdır. Bu baxımdan da, hansısa bir revanş prosesinin baş verəcəyini gözləmirəm”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız