İki gündür sosial şəbəkədə yayılan bir xanım tərəfindən hazırlanan sujetdə Bakı şəhər Dövlət Yol Polis İdarəsinin doğru işləmədiyi, insanları aldatdığı haqda iddialar səsləndirilib.
İdarənin 14-cü otağında ödənilən cərimələrlə bağlı sürücülərə qəbzlərin verilmədiyi iddia olunur.
“Yeni Sabah” xəbər verir ki, qadın sürücü videoda aşağıdakı fikirləri səsləndirib:
“Avtomobili cərimə ilə bağlı cərimə meydançasına aparıldı. Bununla bağlı Bakı şəhər Yol Polis İdarəsinin 14-cü otağında əyləşən Xeyrulla müəllimə müraciət etdik. 150 AZN pul ödədim və bildirdim ki, qalanını da bir neçə günə ödəyəcəyəm. Çeki istədikdə isə “arxayın olun gələndə verəcəm” dedilər. 150 manatın artıq silindiyi bildirildi. Sonra cəriməni tam ödəmək üçün getdim. Məlum oldu ki, cəriməm azalmaq əvəzinə daha da artıb, 150 manat isə ödənməyib. Həmin qəbzi tələb etdikdə isə bildirildi ki, kompüterdə silinib. Dedilər qəbz yoxdu, tapsam verərəm, tapmasam da nə bilirsiz edin. “902” qaynar xəttinə bu barədə şikayət etdim. Araşdırıb mənə dedilər ki, sabah günün ikinci yarısında gedib çekinizi götürün. Burada sual ortaya çıxır. Axı, niyə yerində çek verilmir? Niyə insanları aldadırlar? Hamı qaydaları bilmir”.
Məsələylə bağlı Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovniki Vaqif Əsədov “Yeni Sabah”a danışıb.
O qeyd edib ki, süjetdə söhbət “Tofaş” markalı avtomobildən gedir: “Bu avtomobillə əlaqədar həmin informasiyanı ictimailəşdirən sürücü Bakı şəhər Dövlət Yol Polis İdarəsinə dəvət olunub. Ona Mərkəzi Məlumat Sistemində 45 ədəd 1500 manat məbləğində cərimənin olduğu və bu məbləğin ödənilməsi ilə bağlı xəbərdarlıq edilib”.
DYP sözçüsü həmçinin bildirib ki, həmin nəqliyyat vasitəsi texniki baxışdan da keçməyib:
“Bunu həmin nəqliyyat vasitəsinin sahibi, həmçinin məqalənin müəllifi olan xanım çox yaxşı bilir. Təbii ki, onun xanımlığını, jurnalistika sahəsində çalışdığını nəzərə alaraq heç olmasa cərimənin qismən ödənilməsini xahiş etdik. Xanım jurnalist 150 manat dəyərində iki cəriməsini ödədi və ödənilən məbləğin çekləri də ona təhvil verildi. Həmin çekləri şəxsən özüm ona təqdim etmişəm. Ayrıca olaraq 1500 manata qədər olan cərimə borclarının da hissə-hissə ödənməsini ona tövsiyə etdik”.
V.Əsədov deyib ki, xanım jurnalist daha sonra ona zəng edərək avtomobilini texniki baxışdan keçirməsini xahiş edib:
“Sabahı gün xanım mənə zəng edərək avtomobilin texniki baxışdan keçməsini xahiş etdi. Təbii ki, müraciətinə müsbət reaksiya verə bilməzdim. Çünki sistem elə qurulub ki, bu cərimələr ödənilmədiyi halda nəqliyyat vasitəsi texnika baxışdan keçə bilməz”.
Şöbə rəisinin sözlərinə görə, məqalə müəllifi fikirləşir ki, şantaj yolu ilə bu məsələni həll edəcək:
“Bildirmək istəyirəm ki, bu gün həmin xanımın 22 ədəd 16 manatlıq, 5 ədəd 80 manatlıq, 3 ədəd 32 manatlıq, 1 ədəd 96 manatlıq cərimələri var və həmin cərimələrə faiz gəlir. Həmçinin yanvarın 23-də avtomobilinin texniki baxışdan keçməməsi səbəbindən ona sms gedib. Həmin sms-də xəbərdarlıq edilib və barəsində yeni cərimə tərtib olunub. Yəqin ki, bu da məqalə müəllifinə təsir edib ki, bu cür yalan informasiya yayıb”.
V.Əsədov onu da qeyd edib ki, həmin xanıma dəfərlərlə yardım edib:
“Xanımın bu cür yol tutmasını bizi təəssüfləndirir. Çox güman ki, o məsuliyyətdən yayınmaq üçün belə bir informasiya yayıb”.
Telegram kanalımız