Şairə, bəstəkar Xanım İsmayılqızının “Yeni Sabah”a müsahibəsi:
- Yayın bu koronavirus boğanağına necə dözürsünüz?
- Bəzən dözürəm, bəzən hövsələm daralır. Bu dönəmi özünü və ətrafını qoruyaraq yaşamaqdan başqa yol yoxdur. Baxmayaraq ki, koronavirusun dünyadan nə vaxt əl üzəcəyi naməlumdur, yenə də ümid edək ki, onunla tezliklə vidalaşarıq. Bəzən yazı-pozu, yaradıcılıq köməyə çatır, reallıqdan uzaqlaşmaq imkanı verir. Bəzən mən günü öldürürəm, bəzən də gün məni öldürür. Optimizmlə pessimizmin arasında var-gəl edirəm. Vəziyyət belədir. Amma bu halın mənfi tərəfi ilə yanaşı müsbət tərəfi də var. Hər kəsə özü ilə daha dərindən tanış olmaq, söhbətləşmək, daxilini sahmana salmaq, doğmalarına daha çox vaxt ayırmaq imkanı yarandı... Təbii ki, sıxıntılar da oldu. Yaxşı ki, yaradıcılığın verdiyi azadlıq, genişlik, dərinlik var, yoxsa içimdə biri ölə bilərdi... pizza mizza
- Şair xanımlarda kişi şairlərin tapmadığı hansı sözlər var?
- Hərdən mənə elə gəlir ki, sözün də cinsi var. Sözün də cavanı, qocası, ərköyünü, rahatı, oyağı, yatanı var. Sözlər də can verir, can alır. Bəzən sözlər hissiz, bəzən də hisslər sözsüz qalır. Əslində şair xanımlar da eyni sözlərdən şeir hörür, amma sözlərin hiss fərqi var. Baxış nöqtəsi, yanaşma bucağı, duyğunu bölüşmə tərzi, rəng çaları başqadır. Lev Tolstoyun qadınlar haqqında maraqlı fikri var: “Qadın elə bir mövzudur ki, onu nə qədər araşdırırsan araşdır, hər vaxt yenidir”. Məncə də qadın təpədən-dırnağa mövzudur. Kişi qadında, qadınsa özündə mövzunu tapır. Məhz bu keyfiyyət fərqli sözü yaradır. Yazıçı Kiplinqin bu fikri mənim çox xoşuma gəlir: “Qadının təxmin etdiyi, kişinin əmin olduğundan daha doğrudur”. Kişilər inciməsin, doğrudan da, qadın hissiyyatı daha itidir. Məhz qadın şairlərin şeirlərindəki misralara köçə bilən hisslərin yaratdığı poetik söz fərqi də budur.
- Qadının dərdi-qəmi onu özü boyda şeirə cevirir, yoxsa sevgisi?
- Şeir - bir anda düşdüyümüz halın şəklidir. Sənin ruh halındır. Ağrı sevincdən, nisgil fərəhdən, dərd xoşbəxtlikdən, həsrət vüsaldan, ayrılıq ölümdən daha böyükdür, daha ağırdır, daha güclüdür. Bu sadaladıqlarımın hər birinin kökündə sevgi var. Hər ikisi səni öz boyuna biçir və ya sənin boyuna biçilir. Həm o sənin içindədir, həm də sən onun içində. Bir-birimizi geyinib sözləşirik, səsləşirik, şeirləşirik. Qadında dərd-qəm də, sevgi də ürəyinin, ruhunun, hüceyrələrinin son nöqtəsinə, lap dərinliyinə, ən ucqarına, sümüyünə, iliyinə qədər olur. Bu baxımdan qadınların şeirə çevrilməyi də ağlını itirmək dərəcəsidir. Şeirimdə belə bir fikir var: “Mən şeir oldum...” Bu, mənim dərdimin görüntüsü idi.
- Gözəl qadının portretində işıqlı rənglər çox olur, yoxsa solğun rənglər?
- Müəyyən yaşa qədər işıqlı, müəyyən yaşdan sonra solğun rənglər. Bu da nisbi münasibətlə ölçülür və birmənalı olmur. Kimi hay-küyü, kimi sakitliyi, kimi gündüzləri, kimi gecələri, kimi görünəni, kimi də görünməyəni sevir. Baxır portret kimin gözlərindən haraya köçür və necə çəkilir. Qadın var sevir ki, geyimi çığırsın və görüntüsü ilə diqqət cəlb eləsin. Qadın var istəyir ki, görünüşü sussun, mənası danışsın. Psixoloq Deyl Karneqinin fikrincə, “bir qadının üzündəki ifadə, üzərindəki geyimdən daha çox uğur qazandırır”. Əlbəttə ki, burda yaş və baş faktoru önəmlidir.
- Tanıdığım şairlərdən biri “Mənim şeirlərim nəğmə deyil” söyləmişdi. Məgər hər şeir nəğmə deyilmi? Ümumiyyətlə sözlər nəğmələrlə necə dil tapır?
- Əslində bütün şeirlərin ritmi, şəkli, rəngi, ətri, melodiyası var. Amma elə şeirlər var ki, o, yalnız müəllifinin gizli melodiyasında qala bilir, yaşaya bilir. Yəni bəstəkar musiqisinə köçə bilmir. Söz nəğməni və yaxud nəğmə sözü qəbul edəndə, sevəndə, doğmalaşanda, bütövləşəndə, bir dildə - nəğmə dilində danışırlar. Mahnının uğuru da o zaman baş verir. Söz bir yana, səs bir yana, not bir yana olanda nəğmə yamaqlı alınır. Sözlə musiqi nəğmədə bərabər hüquqludurlar. Birinin hüquqları pozulanda o birisi üsyan edir. Sözlə musiqi aşiqlə məşuq kimi olmalıdır. Bir-birini sevməlidir, bir-birini qucaqlamalıdır, tikanlı yox, hamar olmalıdır. Nə notlar, nə də sözlər ifaçının və dinləyicinin qulağını, ürəyini, ruhunu dalamamalıdır. Nəğmənin sözlə dil tapması, birləşməsi də belə olur - ya şeir musiqiyə köçür, ya da musiqi şeirə. Mənim yaradıcılığımda hər iki hal olub.
- Bəstələrinizdə yaza bilmədiyiniz şeirlərin havası varmı?
- Həm bəstələrimdə, həm də şeirlərimdə hələ yaza bilmədiklərim, deyə bilmədiklərim çoxdur. Bəlkə də yaza bilmədiklərim ömürlük məndə qalacaq. Hiss etdiyim dərəcəni ala bilmədiklərim o qədərdir ki... Duyğum sözümdən, hissim musiqimdən güclüdür. Bəlkə də bu çox yaradıcı insanlarda belədir. Ömrünün sonuna qədər sənə elə gəlir ki, hələ yaradıcılığının zirvəsini fəth etməmisən. O ki qaldı məhz bəstələrimdə yaza bilmədiyim şeirlərin havasına - bəli, var.
- Bir çox şairlə bəstəkar kimi işləmisiniz. Müəlliflər sizi seçir, yoxsa siz onları?
- Şairlərdən mənim secdiklərim də var, məni seçənlər də. Amma bəstəkarlar həmişə özləri məni seçiblər. Yəni təklif onlardan gəlib. Azərbaycanın sevilib-seçilən bəstəkarlarının əksəriyyəti ilə şair kimi əməkdaşlıq etmişəm. Polad Bülbüloğlu, Faiq Sücəddinov, Eldar Mansurov, Səyavuş Kərimi, Aygün Səmədzadə, Nailə Mirməmmədli, Nadir Əzimov, Rəşad Haşımov, Novruz Aslan, Cabbar Musayev, Sevda Məmmədli, Vüqar Camalzadə, İsa Məlikov və başqa bəstəkarlarla iş birliyimizdən uğurlu nəğmələr yaranıb və yaranmaqda davam edir. İmadəddin Nəsimi, Məmməd Araz, Nigar Rəfibəyli, Cabir Novruz, Vaqif Səmədoğlu, Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Vahid Əziz, Baba Vəziroğlu, Çingiz Əlioğlu, Rəşad Məcid, Elçin Mirzəbəyli, Telli Pənahqızı və həm də bu günün sevilib-seçilən onlarla şairləri ilə mənim seçimimlə iş birliyim olub. Bu gün də bəstəkar kimi seçimi özüm edirəm, daha gənc yazarlarla nəğmələr hazırlıq prosesindədir.
- İndiyədək yazdıqlarınızı bəstəyə çevirsəydiniz bu nəğmə toplusunu necə adlandırardınız?
- Bir az qəliz sual oldu. Ümumiyyətlə bu ad məsələsi yazarların ən yaralı və çətin məqamıdır. Şeir yazmaq, kitab çap etdirmək həmin kitaba ad seçməkdən daha asandır. Mahnılarda da ən mürəkkəb məsələ ad qoymaqdır.
- Bir az da taledən, qismətdən danışaq... Siz həm də repessiyaya uğramış bir Azərbaycan kişisinin övladısınız. Ailəniz barədə danışmaq istəyirsiniz?
- Repressiyaya uğrayan bir Kişinin, yazıçı İsmayıl Qarayevin övladı olmaq ömrümün həm qürurlu, həm mürəkkəb, həm şanslı, həm də ağrılı tərəfidir. O səhifələri vərəqləmək, o kitabı bir də oxutmaq istəməzdim. Bir onu deyə bilərəm ki, uşaqlıqdan bu yaşa kimi çox ağır və ağrılı yollardan keçib gəlmişəm. Allah bundan sonra mənə bir az rahatlıq versin.
- Karantin dövrünün ovqatında bəstələnmiş yeni mahnılarınız varmı?
- Bu dövrdə məhsuldar işləmişəm. Özümlə təkbətək qalmaq imkanım oldu. Yeni mahnılar və yeni şeirlər yarandı. Vahid Əzizin, Elçin Mirzəbəylinin, Rəşad Məcidin sözlərinə ötən illərdə yazdığım mahnıları, nəhayət ki, müğənnilərə təqdim etdim. Şəhriyar del Geraninin, Vasif Zöhraboğlunun, Rəşad Məcidin, Zahid Sarıtorpağın və öz sözlərimə yeni nəğmələr yazdım. 2016-cı ildə şəhid olmuş Rahib Quliyevin xatirəsinə ithaf etdiyim, sözü və musiqisi mənə aid “Rahib zirvəsi” adlı nəğməni yazdım, aranjiman olundu, xalq artisti Tünzalə Ağayeva ifa etdi və bu yaxınlarda dinləyicilərin, tamaşaçıların ixtiyarına veriləcək. Sözü və musiqisi mənə aid olan, illər öncə İradə İbrahimova tərəfindən ifa edilmiş “İgidim” nəğməm yeni layihə formatında hazırlanır və tezliklə işıq üzü görəcək. Onlarla yeni şeirlər yazıldı. Son günlərdə isə şəhid general-mayor Polad Həşimova ithaf etdiyim “Cənab General”, bütövlükdə şəhidlərə ithaf etdiyim “Şəhidlər” və “Vətən” şeirləri yazıldı. Bu günlərdə musiqisi Gülnar Əlfiqızına, sözləri mənə aid olan “Şəhidlər” adlı nəğməmizi tamamladıq. Bu nəğmə şəhidlərimizə ithaf olunan ağrılı mövzudur. Tezliklə səslənəcək.
- Bir şeirinizdə deyirsiniz:
Dincini al sən də.
Ürəklərdən qopan neçə ah dincəlir...
Uzağında, yaxınında yüzlərlə günah dincəlir...
Yerdə İblis, Şeytan, Fələk...
Göydə də Allah dincəlir.
Dincini al sən də.
Bu nədir, Xanım İsmayılqızının qiyamı, yoxsa təslimi?
- Bu da mənim üsyanım...
- Şairlə bəstəkarı bir qadının dili ilə danışdırmağın çətin olduğunu bilə-bilə gəlib çatdıq bu ovqat söhbətinin sonuna. Son dediyimiz nədir bəs?
- Bir insanı tanımaq üçün - saymağa pul, rəqs etməyə musiqi, icra etməyə vəzifə və qidalanmağa qida masası versək, öz əlləri ilə əsl şəklini çəkəcək. Mən də neçə illərdir ki, öz şəklimi çəkirəm. Həm də dönə-dönə. Bəzən sözlə, bəzən notla, bəzən jestlə, mimika ilə, bəzən səslə, bəzən də susaraq. Bəlkə də susduqlarım danışdıqlarımdan daha güclü, daha dərin, daha qalibdir. İnsan doğulandan ölənə kimi özünü tanıtmaq və özünü tanımaq yolundadır. Hərə bir cür özünü ifadə edir. Hisslərini bir cür üzə çıxarır. Bir tərəfdən özümü bəxti gətirmişlərin sırasında görürəm. Allah mənə həm şeir, həm də musiqi dili verib. Mən də onları böyüdə-böyüdə, sevə-sevə dünyamdan düyaya, ürəyimdən ürəklərə göndərə bilmişəmsə şanslıyam. Hərdən fikirləşirəm ki, görəsən şeirin və musiqinin dilini bilməsəydim necə yaşayardım. Onlar mənim xilaskarlarımdır.
Söhbətləşdi: Oqtay Qorçu
Telegram kanalımız