YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
““Qaloş” piri, “Qarpız” piri kimi ziyarətgahların İslama aiddiyyəti yoxdur” – Hacı Qamət 

““Qaloş” piri, “Qarpız” piri kimi ziyarətgahların İslama aiddiyyəti yoxdur” – Hacı Qamət 

Din

02 Sentyabr 2022 15:07 9384


“İslam dinində pir anlayışı yoxdur. Pirlər, ziyarətgahlar islam dinindən öncə idi. İnsanlar ora gedib nəsə umurdular. İslam dini gəldikdən sonra bunların hamısı qadağan olundu”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Cümə (Keçmiş ƏbuBəkr) məscidinin imamı Hacı Qamət Süleymanov deyib. 

O, bildirib ki, islamda ümumiyyətlə, pir anlayışı yoxdur. Amma ölən doğmalarına dua etmək, ölümü xatırlamaq üçün qəbiristanlıqlara getmək var: 

“Sadəcə, insan haranısa ziyarət eləmək və bununla savab qazanmaq üçün getmək istəyirsə, peyğəmbər (s.ə.v) sözlərinə görə, ancaq  səfərə savab qazanmaq üçün üç məscidə - Məkkə (həcc ziyarəti) Qüds  və peyğəmbərin məscidi deyilən Mədinədə yerləşən məscidinə gedilə bilər”.

İmam bildirib ki, qəbiristanlığı ziyarət etməkdə islam dininə görə heç bir problem yoxdur:

“İnsan ölən doğmalarını yoluxmaq üçün qəbiristanlıqları ziyarət edə bilər. Ölən yaxınlarına dua eləmək, onlara Allahdan bağışlanma diləmək üçün bu, xeyirdir. 

Bundan başqa, qəbiristanlığı ziyarət etmək insanı axirəti yada salması üçün tərbiyəvi xarakter daşıyır. Çünki insanı dünya həyatı hərdən çaşdırır, ölümünü unudur. Ona görə də qəbiristanlığa getməklə, ondan da savadlı, pullu, güclü, qüvvətli şəxslərin, ümumiyyətlə, bu dünyada hər şeyin sonunun ölüm olduğunu görməsi nöqteyi-nəzərindən öyrədici, maarifləndiricidir. 

Pirdə nə var?! Heç nə! Ancaq günah... Heç bir maarifləndirici nüans yoxdur. Ancaq  günahla əhatələnib. Çünki onlar Allahı qoyub Allahdan qeyrisindən mədət istəyirlər. 

Düzdür, pirlərə gedən şəxslər 4 növdür. İnsan var ki, ora gedib Allaha dua edir. Bu, bidətdir yəni, yenilik bu cür olmaz. Eləsi var ki, Allaha filankəsin xətrinə dualarının qəbul olunmasını istəyir. Onlar düşünür ki, Allahdan istəsələr, Allah verməyəcək amma kiminsə xatirinə deyə dua edəndə onların duasını qəbul olacaq. Elələri də var ki, ölən şəxsdən Allaha onun arzularını yerinə yetirməsi üçün dua etməyini istəyir. Birbaşa ölüdən istəyən insanlar da çoxdur. 

Fikir verirsinizsə, getdikcə, bu məsələ daha da çox problemə çevrilir. Bunlar islam dininə ziddir. İslamın ən böyük fərqlərindən biri elə budur. Allahu-Təalanın  “Fatihə” surəsində “İyyəyəkə nəbudu və iyyəkə nəstəin”- “Yalnız Sənə ibadət edib bunun nəticəsində də yalnız Səndən kömək istəyirik” oxuyuruq”.

Qamət Süleymanov bəzilərinin bu cür pirlərə getməyinin əsas səbəb kimi Allaha vasitələrlə yaxınlaşdırdığı fikirlərinə münasibəti belə oldu:

“Vasitə dedikdə ixtira etdiyi deyil, yəni namaz orucla yaxınlaşmaq, yəni, ibadətlə vasitə nəzərdə tutulmalıdır. Pirlərdə işləyənlər də insanların o yerlərə üz tutmasının düzgün olmadığını bilirlər. Pirlərin 90, 95 faizi biznes xarakteri daşıyır. Pirlər, ziyarətgahlar vergi vermir və ən yüngül gəlir yeridir. “Qaloş” piri, “Qarpız” piri kimi pirlərin islama aiddiyyəti yoxdur. Bunlar biznes məqsədlidir”.

İmamət İSMAYILOVA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!