“Rusiya-Ukrayna müharibəsinin bu qədər davam etməsi təbii ki, gözlənilən deyildi. Məsələ o qədər böyüdü ki, artıq 1 ilə yaxındır müharibə davam edir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Analitik Rusiya-Ukrayna müharibəsinin birinci ildönümündə Rusiyanın Ukraynada ikinci böyük genişmiqyaslı hərbi əməliyyata start verəcəyi ilə bağlı iddialara münasibət bildirib. Dominos pizza
Xatırladaq ki, ABŞ-dakı Müharibənin Araşdırılması İnsitutu (ISW) analoji bəyanatla çıxıb edib və qeyd edib ki, simvolik tarixlərə önəm verən Rusiya lideri üçün 24 fevral və sonrası dönüş nöqtəsi ola bilər.
İ. Hüseynov isə bildirib ki, 2022-ci ilin sonunda Ukrayna tərəfi çox ciddi əks-hücum əməliyyatları həyata keçirib:
“Ehtimallar var idi ki, bu il Ukrayna əks-hücum əməliyyatlarını davam etdirəcək və qısa zamanda, Krım daxil olmaqla, ərazi bütövlüyünü bərpa edəcək. Lakin cari ilin əvvəlində Donbassda – Baxmut və Soledar ərazisində Rusiya əməliyyatları həyata keçirilib. Rusiya Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Valeri Gerasimovun birbaşa olaraq bu əməliyyatlara rəhbərlik etməsi əməliyyatlar teatrında balansı formalaşdırıb”.
Eskpertin qənaətinə görə, Rusiya daha böyük iddialarla çıxış edir:
“Xüsusən də 3 böyük ərazidə – Donbass, Zaporojye-Xerson və Ukrayna-Belarus sərhədində güclü texnika cəmləşdirməsi onu deməyə əsas verir ki, Rusiya çox yaxın bir müddətdə bu bölgələrdən Ukrayna ərazisinə müdaxilə edəcək və ötən ilin əvvəlində gördüyümüz proseslər yenidən təkrarlanacaq.
Ukraynaya kəşfiyyat məlumatları Qərb xüsusi xidmət orqanları tərəfindən ötürülür. Müdafiə naziri Oleksiy Reznikov vəzifədaşları ilə görüşlər keçirib. Xüsusilə, Sebastyan Lekornyu ilə görüşdə silah tədarükü müzakirə olunmuşdu. Eyni zamanda, hakimiyyətdən getməsinə baxmayaraq, Boris Consonun Ukraynaya mütəmadi səfərləri onu deməyə əsas verir ki, güclü dövlətlər Ukraynaya öz dəstəyini artırırlar”.
Siyasi şərhçi iddia edib ki, 2023-cü ildə müharibə daha amansız və şiddətli davam edəcək:
“Fevralın 24-də başlanan hərbi əməliyyat tarixində Rusiyanın bu simvolik rəqəmi nəzərdə tutaraq, yenidən genişmiqyaslı əməliyyatlara başlaması ssenarisini mən də düşünürəm. Çünki Rusiya üçün bu tarixlərin müəyyən qədər spesifik mənası var. Hətta ötən il may ayının 9-da keçirilən Qələbə Paradında gözlənilirdi ki, Vladimir Putin öz çıxışında genişmiqyaslı müharibə elan edəcək. Çünki Rusiya bu müdaxiləyə “Ukraynadakı xüsusi hərbi əməliyyatlar” adı qoyub.
Müharibə elan olunmasa da, qismən səfərbərlik elan edildi. Bu gün isə Rusiya müxtəlif vasitələrdən istifadə edir ki, həm insan təminatı, həm də texnika təchizatı tam şəkildə icra olunsun. Çünki Rusiyanın çox ciddi itkiləri var və onları bərpa etmək üçün bu yolları axtarır. Amma fevraldan sonra məsələlər nə cür tənzimlənəcək, mənə elə gəlir ki, bunu vaxt göstərəcək. Lakin istənilən halda Ukrayna tərəfi bu hücumları gözləyir və bunun qabaqlanması yollarını qərbli partnyorlarla bərabər axtarırlar”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız