Xəbər verdiyimiz kimi Bakı Şəhər İcra Hakimiyyəti Qarabağ Komitəsinin 16 mart mitinqinə icazə verməyib. Meriya mitinqin keçirilməsini məqsədəuyğun saymayıb.
QK-nın təsisçilərindən olan, AĞ Partiya başqanı Tural Abbaslı “Yeni Sabah”a açıqlamasında deyib ki, Azərbaycan iqtidarının BŞİH-nin diliylə Qarabağ mitinqinə növbəti dəfə razılıq verməməsi anlaşılmazdır:
“Əslində Ermənistan hakimiyyətinin son zamanlarda atdığı provokativ addımlar, verdikləri həyasız bəyanatlar və nəhayət Azərbaycan ərazisi olan Xankəndində Ermənistanın Təhlükəsizlik Şurasının iclasını keçirmələri bir dövlət olaraq biz tərəfdən də adekvat cavab addımları ilə nəticələnməliydi. Buna birbaşa olaraq iqtidarın özü ən sərt formada reaksiya verməli, həm dövlət olaraq, həm də xalq olaraq alçaldılmağa çalışılan qürurumuz bərpa olunmalı idi. Təəssüf olsun ki, bizim iqtidar ya bu addımları bilərək atmadı, ya da belə addımlar atmaq iqtidarında olmadığını bariz şəkildə nümayiş etdirdi. Normal halda əgər ölkə iqtidarı bu və ya digər səbəbdən özü nələrisə deyə və edə bilmirsə, bunu ya müxalifətin, ya da xalqın dili ilə deyir və icra edir. Məntiq onu deyirdi ki, indiki məqamda hakimiyyət Qarabağ Komitəsinin mitinq müraciətini fürsət bilərək bu mitinqə razılıq verməli və bu formada həm Ermənistana, həm həmsədrlərə, həm də bütün dünya ictimaiyyətinə Azərbaycan xalqının Qarabağ məsələsindəki qətiyyətini, həssaslığını və güzəştsizliyini nümayiş etdirməli idi”. pizza hut
T.Abbaslı qeyd edib ki, mitinqlə bağlı növbəti addımlar müxtəlif ola bilər:
“Ancaq bunlar nə etdi? Cəsarətsizlikləri bir yana, xalqa belə hansısa cəsarət nümayiş etdirməyə də razılıq vermədilər. Qarabağ Komitəsinin bu günki iclasında toplantı İdarə Heyətinə səlahiyyət verdi ki, BŞİH-nin cavabından asılı olaraq istənilən qərarı qəbul etsin. Yəqin ki, bu gün ya sabah İdarə Heyətinin növbədənkənar iclasını keçirəcəyik və lazımi qərarları verəcəyik. Bu qərar razılaşdırılmamış mitinq də ola bilər, yenə məhkəməyə müraciət və ya hər hansı başqa bir addım da. Bunu mən də dəqiq bilmirəm, hər şey müzakirələrdən və səs çoxluğundan asılı olacaq”.
Günay Rəsulqızı
Telegram kanalımız